.....

.....

“Hekayələrə köçmüş həyat dərsləri” – İlahə Səfərzadə

“Hekayələrə köçmüş həyat dərsləri” – İlahə Səfərzadə

Hekayələrə köçmüş həyat dərsləri
Ədəbiyyat yaranandan üzü bəri insanlar onda estetik zövq, mənəvi təkamül, ictimai tərəqqiyə çağırış axtarmış, bir sıra problem və həyati məsələlərdə daha məntiqli çıxış yolu tapmağa çalışmışlar. Ədəbi nümunələr tarixin yaddaşına köçərək əsrlər boyu bəşəri dəyərlərin daşıyıcılarına çevrilməkdədir.
Həyata kənardan – kainatın yarandığı dövrdən bir-birini qovan milyon illərin fonunda baxsaq, ayrılıqda hər kəsin ömrü bir göz qırpımı, hətta deyərdim ki, ondan belə qısa bir zaman kimi görünər. Bu baxımdan insanın öz həyatını gözəl, zəngin mənəvi dəyərlər içində yaşaması üçün bütün səhvləri özü edərək həyat təcrübəsi toplayacaq qədər çox uzun yaşamır. Məhz bu səbəbdən ədəbiyyat insanların dadına çatır, onları mənəvi kamilliyə, pisi-yaxşını ayırmağa, ləyaqətli yaşam tərzinə dəvət edir. Bu prizmadan yanaşsaq, məqalənin mövzusu olaraq seçdiyim Vüsal Oğuzun hekayələrini bir növ “həyat dərsi” də adlandıra bilərik.
Yazıçının hekayələrində insanın mənəvi təkamülü, bəzən də tənəzzülü, müxtəlif həyati problemlərlə rastlaşan insanların bu məsələlər qarşısında aciz qalıb cılızlaşmamaq üçün göstərdikləri çaba- xülasə, Balzakın sözləri ilə yazsam, “insan qəlbinin tarixi” ön plana çəkilir.
Vüsal Oğuzun “Ana muğamatı və ya nakam arzuların qisası” hekayəsində yanlış hisslərin təsiri ilə özünə, düşüncə və həyat tərzinə uyğun olmayan qadınla münasibət qurmuş gəncin faciəsi təsvir olunmuşdur. Hekayədə həmçinin qədim dastanlarımızdan olan “Kitabi Dədə Qorqud”la da səsləşən ideyanı – ana haqqının Tanrı haqqına bərabər tutulması, böyüklərə – valideynlərə hörmət və sevgidə qüsur edənlərin xeyir tapmayacağı motivini də müşahidə edirik. Əsərdə təsvir olunan gənc anasına çox dəyər versə də onun evli olduğu qadın tüfeyli həyat tərzi keçirən, evləndiyi adamın valideyninə yuxarıdan aşağı baxan, hətta onu aldadıb yaşlılar evində kimsəsizliyə tərk edən, böyük-kiçik qədri bilməyən bir insan olması ilə xarakterizə olunur.
Ümumiyyətlə, nəsr əsərlərinin əksəriyyətində mənfi obrazlarda müəyyən müsbət çalarlar, yaxud müsbət obrazlarda hansısa mənfi xüsusiyyətlər də olduğu halda bundan fərqli olaraq sözü gedən obraz tamamilə mənfi planda təsvir olunmuşdur. O, bütün xüsusiyyətləri ilə oxucuda özünə qarşı yalnız ikrah hissləri yaradır. Evli olduğu adamı yavaş-yavaş faciəyə doğru aparır və sonda oxucunun belə gözləmədiyi bir sonluqla- ərinin onu öldürməsi ilə yekunlaşır. Yaşlılar evində kimsəsizliyə tərk edilmiş anasının orada vəfat etdiyini öyrənən adama bu hadisə artıq axırıncı və ən dözülməz zərbə olur. O, hisslərinə məğlub olur və cinayətə yol verərək eyni zamanda öz həyatının da məhv olmasına səbəb olur.
Hekayənin əsas ideyası ləyaqətli həyat tərzinin təbliği, bu uğurda yanlışlara yol verməmək üçün insanları saf-çürük etmək, qarşıdakı insana hisslərlə deyil, daha çox ağıl və məntiqlə dəyər verməkdir.
Müəllifin “Əyalət şairinin bir günü” hekayəsində isə maddi məsələlər ucbatından ailəsinə istədiyi qayğını və diqqəti göstərə bilməyən ziyalı adamın faciəsi təsvir olunur. Bütün həyatı boyu halal zəhmətlə yaşamış insanın ölkədəki ağır yaşam şərtləri ucbatından məhvə doğru getməsi hekayənin əsas leytmotivini təşkil edir.
Ümumiyyətlə, Vüsal Oğuzun hekayələrinin çoxunda bu motiv üstünlük təşkil edir. Onun hekayə qəhrəmanlarının bir çoxu öz arzu və istəklərini yaşadıqları cəmiyyətə qurban verməli olur. Bu da ölkədəki, xüsusən də rayon və kənd yerlərində işsizlik, ağır həyat tərzi, əhalinin çətin şərtlər altında yaşaması ilə əlaqədardır. Böyük inqilabçı demokrat Gertsen qeyd edirdi ki, ədəbiyyat yeganə tribunadır ki, onun yüksəkliyindən həmin xalq öz vicdanının səsini və narazılığını hamıya eşitdirə bilər.
“Əyalət şairinin bir günü” hekayəsinin qəhrəmanı universitet bitirmiş təhsilli adam, eyni zamanda yaradıcı şəxs – şairdir. Ancaq bütün bu üstünlükləri onu çətin həyat tərzindən xilas edə bilmirsə, bu bir insanın deyil, ümumilikdə cəmiyyətin faciəsidir. Məsələ ondadır ki, onun ləyaqətsizliklə işləyən qohumunun isə var-dövləti başından aşır. Ancaq müəllif onun əqidəsizliyini, başqalarına yuxarıdan aşağı baxmağını ikrahla qabardaraq bu yolu seçən insanların mənəvi boşluğunu, puçluğunu göstərməyə çalışır. Hər ikisinin faciəsi özünəməxsus olsa da müəllif nəticədə nə olursa, olsun, insanın ləyaqətli həyat tərzinə rəğbət yaradır, bu qısa həyatı şərəflə yaşamağı təbliğ edir.
Yazıçının “Alman hesabı ilə çəkmə”, “Sonuncu sovqat” və s. kimi müharibəyə həsr olunmuş əsərləri də vardır ki, bu hekayələrdə daha çox müharibələrin insanların həyatına gətirdiyi faciələr ürək ağrısı ilə təsvir olunur.
“Alman hesabı ilə çəkmə” hekayəsi müharibədə bir ayağını itirmiş qazilərə həsr olunmuşdur. Vətən uğrunda vuruşmalar zamanı əsgərlər yoldaşlarından birini itirir, digərləri isə hərəsi bir ayağını itirərək qazi olmuşdur. Onlar hər dəfə mağazadan ayaqqabı alarkən ikisi eyni qədər pul verib bir cüt ayaqqabı alsalar da hərəsi birini geyinir. Məhz bu səhnə insanın içinə vəlvələ salıb qazilərə ürək ağrısı ilə yanaşmağımıza səbəb olsa da, eyni zamanda onların vətən üçün etdikləri fədakarlıq və məğrurluqlarına rəğbət və sevgi hissləri aşılayır.
Yazıçının “Sonuncu sovqat” hekayəsində isə müharibədə oğlunu itirmiş ata-ananın iztirabı, səssiz fəryadı təsvir olunmuşdur. Valideynlər oğullarının həlak olduğuna inana bilmir, sarsıntı içində vurnuxurlar. Oğlunu torpağa tapşıran ananın gecə vaxtı kimsəsiz məzarın üstünə gedib bayram sovqatını (şəkərbura) orada qoyub gəlməyi həm qədim inanclara (öldükdən sonra da yaşamın davam etdiyinə şüuraltı inam) söykənir, həm də ana bu yolla öz yanan qəlbinə az da olsa, su səpir, şəhid balasını sevindirdiyini düşünür. Hekayə oxucunu müharibə və insan problemi üzərində düşünməyə vadar edir, vətənə, xalqa məhəbbət, milli ləyaqət, vətəndaşlıq borcu, qəhrəmanlıq kimi əxlaqi-etik keyfiyyətlər tərbiyə edir. Ədəbiyyatın bir məfkurə vasitəsi kimi gücü də elə bundadır.
Müəllifin “Çağırılmamış Şaxta baba” hekayəsi də bu mövzuya həsr olunmuşdur. Əsərin qəhrəmanı müharibədən cismən nisbətən sağ (o, əlil olmuşdur) çıxsa da, mənən məhv olmuşdur. Onun qəlbi və ruhu son yaşadıqlarının təsirindən viranədir. Sevdiyi qızın da artıq ona qarşı olan etinasızlığı isə onu daha da ruhdan salır, qəlbini əbədi olduğunu düşündüyü ümidsiz bir kədərə qərq edir. Bununla bərabər yazıçı insanın başqalarının həyatında oynadığı rolla onun yenidən həyata bağlılıq və marağının artacağına inam hissi içindədir. Belə ki, hekayənin qəhrəmanı bədbinliklə dolu keçirdiyi günlərin birində atası şəhid olmuş bir uşağın marağını görərək onların evinə Şaxta baba qiyafəsində gedir və onun sevgisini qazanır. Sonda uşağın ona “bizə tez-tez gəl” deməsi isə hekayənin bir növ nikbin sonluğuna işarədir. Əsərdə həm də “sevgi hər dərdin dərmanıdır” ideyası da oxucuya çatdırılır.
Yazıçının “Nisyə” və “Tanışlıq” hekayələrində də cəmiyyət və insan, pulun həyatdakı rolu, çətin yaşam şərtləri altında insanların xislətinin necə dəyişməsi və s. kimi problemlər ön plana çəkilmişdir. Əsərlərin hər ikisi bədbin formada yekunlaşsa da hekayələrdəki fikir bitkindir və müəllif oxucuya mesajını ötürə bilmişdir.
Ümumilikdə Vüsal Oğuzun nəsr, daha konkret desək, hekayə yaradıcılığı uğurludur və daha geniş formada təhlilə cəlb olunacaq potensialdadır.