.....

.....

Sən də ürəyinin tabını yoxla – Xəyalə Sevil (şeirlər)

Sən də ürəyinin tabını yoxla – Xəyalə Sevil (şeirlər)

***

Səninlə aramızda
Nə qaldı ki, bittimi?
Darıxmaq tənhalığın
Ən sonuncu həddimi?..

Əvvəl-əvvəl çətindi,
Gündüz-gecə darıxdım.
Adam necə darıxar?
Bax, eləcə darıxdım.

Darıxdım sözün düşən
Hər kəlmənin başında.
Nə getmədin gözümdən,
Nə görmədim qarşımda.

Sonra qəfil oyandım,
Gördüm hər tərəf sudu.
Dedim, bu gündən sonra
Yığışdır bu buludu…

İçim axşamtərəfi,
Nə yazdı, nə payızdı.
Görmür ki, dəyişmişəm,
Deyir, həminki qızdı.

***

Burda ayrılığın sözü keçərdi,
…Nə gecə kiriyir, nə səhər dözür.
Sən də ürəyinin tabını yoxla,
Gör mənsiz neyləyir, nə təhər dözür.

Hər adamın işi deyil sevilmək,
Ürəyimi çəkə-çəkə qalmısan.
Hərdən kiçildirəm səni gözümdə,
Baxıram ki, yenə yekə qalmısan.

Yarı qəbul eylə, yarı dan bizi,
Bütöv yazmadımı yaradan bizi?
Biz belə deyildik, belə deyildik,
Gör nələr eylədi sıradan bizi…

***

Gözümdən itən kimi
Xəyalın canlandısa,
Yarım qalan hər şeyim
Tək səninlə tamdısa.

Gülü solan güldanın
Təkliyidi mənimki.
Dərd yığılıb üst-üstə,
Bu nə birdi, nə iki.

Bu payız bir başqadı,
Bu yağış kəsən deyil…
Məni ki sevənlərin
Hamısı bir sən deyil.

O əvvəlki, o məsum
Yaşımdan ayrılmadım.
Məni nəylə qınadın?
Xoşumdan ayrılmadım.