.....

.....

XATİRƏ SƏFƏRİN ŞEİRLƏRİ

XATİRƏ SƏFƏRİN ŞEİRLƏRİ

***

Bircə dəfə gəl,
Sonra yenə gedərsən.
Gəl ki, yansın ürəyimin işıqları,
Gəl ki, qırılsın sarılmaqdan qabırğalarım,
Gəl ki, gülsün gözümün sən görən hər yeri.
Sevgilim,
Sən hansı bəstənin zümzüməsisən?
Hansı savablarımın Tanrıdan gələn səsisən?
Dilim gecə-gündüz zikrində.
Taqətdən də düşməz əsla adın…
Sənin adın…
Duyuram, bir-bir yaxınlaşır addımın,
ürəyim əsir həyəcandan.
Bu dəfə ismimi fərqli səslə
“Xatirəm” demə daha mənə.
Mən xatirən olmaq istəmirəm,
Canın olmaq istəmirəm,
Gözəlin olmaq istəmirəm,
Mən həqiqətin olmaq istəyirəm.
Bir dəfə…
İlk dəfə…
Son dəfə…
Hərşeyin olmaq istəyirəm…

***

Elə bilirəm, yüz ildir səndəyəm,
Yüz ildir tanıyıram səni.
Elə bilirdim, sən gəlincə
Sarılmaqdan qırılar qollarımız.
Bilirsən, eyni səmada olsa da,
İkimiz üçün Günəş
eyni əhvalda çıxmır hər gün
kainatı isitməyə,
Ürəkdəki buzları əritməyə
gücü yetmir bəzən.
Yağışdan sonra göyqurşağına boyayır səmanı,
Amma göz yaşımdan sonra boyamır məni.
Mən boz rəngdəyəm daha.
Küsmüşəm Günəşə də,
Sənə də.
Artıq istəmirəm,
Nə cümlənə xəbər olsun sevməyim,
Nə mübtəda olsun adım.
Daha kəsişməsin
gözlərimiz,
səslərimiz,
yollarımız…

***

Gözümdəki yad pərdəni
Nəfəsinlə tərpədib
Aç aydın həqiqəti,
De ki, bax, gör, əzizim,
Sənə yalan deyiblər,
Sevmək bu cür,
Bax belə, belə olur, əzizim.
Ürəyim dizin qoyar
Gəldiyin o yollara,
Mənim adımı tapşır
Tanrı üçün açılan
Bütün o pak qollara,
De ki, sən bacarmırsan,
Hamı kimi darıxır,
Hamı kimi sevirsən.
Hami kimi yalandan
Sən də dua edirsən.
O səndə olan hisslər
Köçəri, müvəqqəti.
Gəl dünyamda qonaq ol,
Gizli-gizli, xəlvəti.
Öyrətməyə hazıram
Əvəzsiz məhəbbəti,
Aşkar olan hər şeyi
Məhv edir insan nəfsi .
Məndən sənə əmanət,
Etməyəsən nəbadə
Bir də mənlə eşq bəhsi.

Ümidsiz sevgi

Bəzən sevdiyin dəniz
Boğar səni suyunda
O sevişir zənn edər
Qoynunda çırpınınca.
Kəsər bütün dalğalar
Nəfəsini bir anda,
Hiss etmərsən, ölürsən
Kirpiyin qırpınınca.

Tərk edər ruhun səni,
Ayaq açar, yeriyər,
Ən dərinə batırar
Sevdiyini bu dəniz.
Demə unudar səni,
Demə heç xatırlamaz,
Coşar fırtınalarda,
Qalar səndən boş bir iz.

Dil açmayan dənizin
Dibində ölümlər var.
Bitmiş romanları var,
Yarımçıq hekayəsi.
Hər gecə batmış ruhlar
Dalğalarla güləşər.
Batırar qulaqları
Ümidsiz sevgi səsi.

***

Külündən yenidən
Doğularmı sevgilər?
Yazarammı bir də
Mən şeirlərimə səni?
Nə dəftər, nə qələm
Duydu çəkdiyim ahı,
Yenə həzm etmirəm
Hicranı, məsafəni,
Alınmadı unutmaq.
Çətin oldu öyrətmək,
Vərdiş etdi ürəyim
Əvvəlkitək sınmağa.
Bir yuva, bir ocaq
Arzu etdim, olmadı.
Açmadı e bir kimsə
qoynunu, ovutmağa.

𝑿𝒂𝒕𝒊𝒓𝒆 𝑺𝒆𝒇𝒆𝒓