.....

.....

“Mərkəzi Asiyadan dünya ədəbiyyatına, təbiətin və bəşəriyyətin səsi: Çingiz Aytmatov”- Nərmin Hüseynli

“Mərkəzi Asiyadan dünya ədəbiyyatına, təbiətin və bəşəriyyətin səsi: Çingiz Aytmatov”- Nərmin Hüseynli

“Mərkəzi Asiyadan dünya ədəbiyyatına, təbiətin və bəşəriyyətin səsi: Çingiz Aytmatov”
Çingiz Aytmatov sosial mövzuları və bənzərsiz povestləri ilə seçilən qırğız ədəbiyyatının beynəlxalq miqyasda tanınan əsrarəngiz bir yazıçıdır. 1928-ci ildə Qırğızıstanın “Şəkər” kəndində anadan olan Aytmatov Sovet İttifaqı dövrü ədəbiyyatının aparıcı simalarından biri kimi şöhrət qazanmışdı. O, əsərlərində insanın təbiət, cəmiyyət və öz daxili dünyasının ziddiyyətlərindən bəhs etmiş və bunu edərkən Orta Asiyanın zəngin mədəni zəminindən qidalanmışdır. O, həm yazıçı, həm də diplomat kimi ölkəsinin dəyərlərini dünya tanıtmaqda böyük rol oynamışdır.
Çingiz Aytmatovun atası Törəkul Aytmatov sovet administrasiyasında yüksək vəzifədə çalışmışdı. Lakin buna baxmayaraq o, 1938-ci ildə Sovet İttifaqında Stalin dövründə repressiyaların qızğın çağında “xalq düşməni” elan edilərək, edam edilmişdi. Bu hadisə Aytmatovun uşaqlıq illərinə dərindən təsir etmiş və onun əsərlərində insanın cəmiyyətin təzyiqlərinə qarşı qorunub saxlanılması mövzusunda bu qədər mükəmməl yazmasına kömək etmişdi.
Aytmatov uşaqlığını Qırğızıstanın kəndlərində keçirmiş və burada xalq mədəniyyəti, adət-ənənələri və təbiətlə təmasda olan xalqın həyatını yaxından incələmək şansına sahib olmuşdur. Bu təcrübələr onun ədəbi şəxsiyyətinin təməl daşlarını təşkil edirdi. Gənc yaşlarında rus dilini öyrənən Aytmatov, həm rus ədəbiyyatı, həm də dünya ədəbiyyatı ilə yaxından tanış olur.
1948-ci ildə Frunze şəhərindəki Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuşdur. Burada sovet quruluşunun kənd təsərrüfatı siyasətini öyrənir və kənd təsərrüfatı sahəsində işləməyə başlayır. Lakin ədəbiyyata olan marağı onu kənd təsərrüfatı sahəsindən uzaqlaşmağa vadar edir və beləliklə, 1956-cı ildə Moskvada Sovet Yazıçılar İttifaqının Ədəbiyyat İnstitutuna qəbul olur. Bu təhsil prosesi onun yazıçılıq karyerasını başladan, ədəbiyyat aləminə addım atmasına şərait yaradan bir dövr olur. İlk əsərləri sovet dövrünün jurnallarında çap olunur və diqqətləri üzərinə cəlb etməyi bacarır.
Diplomatiya sahəsində də mühüm vəzifələri öz üzərinə götürən Aytmatov Sovet İttifaqından, daha sonra isə müstəqillik əldə etdikdən sonra Qırğızıstanı beynəlxalq arenada yüksək səviyyədə təmsil etmişdi. Bununla yanaşı Aytmatovun ədəbiyyata

verdiyi töhfələr saymaqla bitməz. Çingiz Aytmatov yaradıcılığında bir çox uğurlu əsərlər yazmış və bu əsərləri bir çox dillərə tərcümə olunmuşdu. Onun bir – birindən maraqlı və dərin mənaları olan əsərləri hər kəs tərəfindən çox sevilərək oxunmuş və hələ də heç bir aktuallığını itirmədən oxunmağa davam edir.


“Gün var əsrə bərabər “
Aytmatovun “Gün var əsrə bərabər” romanı onun tanınmış və çox oxunan əsərlərindən biridir. Əsərdə hadisələr, əsasən insanların təbiətlə təmasda olan həyatı, ənənəvi qırğız mədəniyyəti və sosial tənqidləri daha çox diqqəti cəlb edir. Eyni zamanda roman insanların sovet zülmünə qarşı daxili mübarizəsini də bizə maraqlı bir dillə çatdırır. Aytmatov burada “manqurt” (türk, altay və qırğız əfsanələrində bəhs edilən şüursuz kölə) anlayışından istifadə etmişdir. Bu anlayış, xatirələri silinmiş və şəxsiyyətlərini unutmuş insanları təmsil edir. Aytmatov manqurtlaşma yolu ilə mədəni kimliyini itirmiş cəmiyyətləri, şəxsiyyətini və yaddaşını itirmiş insanları, mədəniyyətin məhv olmasına gətirib çixaran kəsləri əsərdə kəskin bir dillə tənqid edir. 1980-ci ildə nəşr olunan bu roman təkcə Orta Asiyada deyil, dünya ədəbiyyatında da geniş təsir bağışlamışdır. Hekayə Qırğızıstanın Sarı-Özək çöllərində kiçik bir vağzalda işləyən Yedigey adlı sadə bir insanın həyatından bəhs edir. Roman bir gündə cərəyan etsə də, əslində daha geniş bir zaman dilimini, sosial və tarixi mövzuları əhatə edir.
Romanın baş qəhrəmanı Yedigey ən yaxın dostu Qazanqapın ölüm xəbərindən çox sarsılır və ona qarşı son borcunu yerinə yetirmək üçün ənənəvi qırğız adətlərinə uyğun olaraq Qazanqapı “Nayman Ana” qəbiristanlığında dəfn etmək istəyir. Lakin Yedigey qəbiristanlığa səfəri zamanı çoxlu maneələrlə qarşılaşır və bu maneələr onu keçmişin xatirələri və daxili sualları ilə qarşı – qarşıya qoyur.
Əsərdə maraqlı hekayə olan “Nayman Ana” əfsanəsi yer alır. “Manqurt” anlayışı da məhz “Nayman Ana” əfsanəsi üzərindən oxucuya çatdırılır. Rəvayətə görə, Nayman Ananın oğlu düşmənləri tərəfindən əsir götürülərək əsarət altına alınır. Ona işgəncə verərək, başına dəvə dərisi qoyub günəşə qoyurlar. Anası onu tapmağa və əsl kimliyini xatırlatmağa çalışsa da, oğlu artıq onu tanımır. Sonda isə oğlan öz anasına yox, düşmənlərə inanaraq öz anasını öldürür. Bu əfsanə bir tərəfdən fərdin öz mənşəyini və yaddaşını qorumasının vacibliyini vurğulayır, digər tərəfdən isə mədəni assimilyasiyaya qarşı bir metafora kimi götürülür.

“Gün var əsrə bərabər” romanında Aytmatov insanın və cəmiyyətin öz mədəni köklərini, adət-ənənələrini və kimliyini qorumasının vacibliyini bizə xatırladır. Məhz bu əsər dərin psixoloji təhlili, sosial tənqidi, unudulmaz simvolizmi ilə Aytmatovun ədəbi aləmdə əfsanə kimi tanınmasına səbəb olmuşdur. Ədəbiyyatsevərlər üçün roman həm mədəni sərvətlərlə dolu bir povest, həm də insanın təbiətinə universal bir araşdırmadır.
“Qırmızı yaylıqlı qovağım mənim”
“Qırmızı yaylıqlı qovağım mənim” Çingiz Aytmatovun ən unudulmaz, təsirli və ən məşhur əsərlərindəndir. Bu əsər sevginin, sədaqət və fədakarlığın gücündən bəhs edən gözəl bir sevgi hekayəsidir. Hekayə gözəlliyi və qırmızı yaylığı ilə seçilən Asel ilə cəsur, yük maşını sürücüsü İlyas arasındakı böyük sevgidən bəhs edir. Dağları, yolları sevən İlyas təsadüfən tanış olduğu Aselə aşiq olur və bu iki gənc qaçaraq ailə qurur. Ancaq münasibətlərində yaşanan çətinliklər və İlyasın bəzi səhvləri bu böyük sevgilərinə xələl gətirir.
Bir müddət sonra İlyas Aselə başqa qadınla xəyanət edir. Asel bu xəyanəti qəbul etmir və İlyası tərk edir. Asel üçün bu çox böyük qərar olur və bir müddət sonra verdiyi qərardan geri dönərək İlyasın yanına gedir, ancaq İlyas “o” qadınla artıq uzaqlara getmişdi. Bundan sonra Asel yenidən həyata tutunmağa çalışır. Bu zaman o, Cəmşid adlı başqa bir kişi ilə tanış olur. Cəmşid, Asel və oğlunun qayğısına qalır, onları qoruyur və dəstəkləyir. Cəmşid onlara o qədər qayğı göstərir ki , oğlu onu öz atası bilir.
İlyas uzun illərdən sonra təsadüf nəticəsində Asel ilə qarşılaşır və onların həyatına qayıtmaq istəyir. Asel bu zaman çıxılmaz vəziyyətdə qalır. Ya ürəyinin səsini dinləyib İlyasa qayıtmalı, ya da ona və oğluna güvən dolu bir həyat verən Cəmşidin yanında qalmalıdır.
Aytmatov bu böyük məsuliyyəti Aselin çiyinlərinə yıxaraq çətin seçim qarşısında qoyur. Ancaq Aselin iç səsi “Sevgi nədir? Sevgi əməkdir…” kəlmələri ilə onu düzgün seçin etməyə yönləndirir. Onun sözləri əsərin ən yaddaqalan və təsirli sətirlərindən biridir. Əsər göstərir ki, sevgi təkcə emosiya deyil, həm də fədakarlıq və səy tələb edən bir bağdır. Aselin seçimi sevgi qədər bağlılığın və güvənin də vacib olduğunu

ortaya qoyur. Beləliklə o, Cəmşidi seçərək oğlunun və özünün həyatını daha güvəndə keçirməyi seçir.
“Qırmızı yaylıqlı qovağım mənim” sevginin mürəkkəbliyindən və insanların daxili aləmindəki qarşıdurmalardan bəhs edən universal bir hekayədir. Aytmatov əsərdəki sadə, lakin təsirli dili ilə oxucunu obrazların emosional səyahətinə şərik edir.
“Ağ Gəmi”
Çingiz Aytmatovun “Ağ gəmi” əsəri insan təbiəti, adət-ənənələri, müasir dünyanın dağıdıcılığı haqqında dərin mənalı alleqoriyadır. Əsər uşağın dünyaya baxışından, təbiətə sevgisindən, məsumluğundan bəhs edir. Bundan başqa cəmiyyətdəki korrupsiya ilə bağlı sərt tənqidlərə də yüksək səviyyədə yer verilir. Aytmatov bu romanında nağıl və realistik elementləri birləşdirərək oxucuya heyrətamiz bir hekayə təqdim edir.
Hekayə Qırğızıstanın dağlıq bölgəsində babası ilə yetim uşağın ətrafında cərəyan edir. Bu uşaq babasının danışdığı əfsanələrdən yapışaraq özünə xəyal dünyası qurur və bu dünyaya inanır. Uşağın ən böyük arzusu ağ gəmi ilə səyahət edərək atasını tapmaqdır. Buna görə də “Ağ gəmi” onun xəyallarının simvoluna çevrilir. O, real aləmdəki çətinliklərdən xilas olmaq üçün bu arzuya sığınır və hər gün durbinlə ağ gəmini seyr edir.
Hər əsərdə bir əfsanə olduğu kimi bu romanın mərkəzində də babasının söylədiyi “Maral ana” əfsanəsi dayanır. Rəvayətə görə, qırğız xalqının əcdadı olan bu müqəddəs maral insanların həyatına toxunan, onları qoruyan bir simvoldur. Bu əfsanə uşağın məsum dünyasında mühüm yer tutur və onun həyatında təbiətlə bağ yaradır. Təbiətdən, müqəddəslikdən bəhs edən bu əfsanəvi elementlər, əsərin reallıqdan qopmayan, eyni zamanda nağıl ab – havasını qoruyan tərəfinidir.
Əsərdə modernləşmənin gətirdiyi korrupsiya ilə bağlı tənqidlər də yer alır. Burada ənənəvi dəyərlər şəxsi maraq və eqoizmlə əvəz olunur. Baba köhnə qırğız adət – ənənələrinə sadiq qalmağa çalışsa da, kənddəki digər insanların korlanması, mənəvi dəyərlərdən uzaqlaşması uşağın ruhunda dərin izlər buraxır. Ağ gəmi isə xilas edici vasitə kimi simvolik məna daşıyır. Uşaq bu nağıl dünyası sayəsində cəmiyyətin çirkin sifətindən uzaqlaşmağa çalışır. Uşağın məsumluğu cəmiyyətin sərt reallıqları ilə daim ziddiyyət təşkil edir. Onun babasının və kəndin digər böyüklərinin həyatı mənəvi və

mədəni pozğunluğun izlərini daşıyır. Baba uşağa qarşı mehriban insan olsa da, özünün zəif cəhətləri və cəmiyyətdəki yeri, uşağın xəyal dünyasını qorumasını çətinləşdirir. Bu nöqteyi-nəzərdən “Ağ gəmi” cəmiyyətin saflığı və məsumluğu necə məhv etdiyinə dair bir alleqoriya kimi də qəbul edilir.
Uşağın xəyalları və məsumluğu puç olur və “Ağ gəmi” faciəli sona çatır. Yaşadığı məyusluqlara, cəmiyyətin qəddarlığına dözə bilməyən uşaq sonda öz dünyasına qapanır. Roman insanın məsumluğu qorumaq uğrunda mübarizədə necə uğursuzluğa düçar ola biləcəyini göstərir.
“Cəmilə”
“Cəmilə” əsəri Çingiz Aytmatovun qısa, ancaq maraqlı sevgi bir hekayəsidir. İkinci Dünya Müharibəsi illərində Qırğızıstanın çöllərində cərəyan edən hekayədə Cəmilə adlı gənc qadının həyat yoldaşı müharibəyə getdiyi bir vaxtda, sakit və müharibədə ayağını itirmiş əsgər olan Danyara aşiq olmasından bəhs edilir. “Cəmilə” əsəri ərinin qardaşı olan balaca Seyidin gözü ilə bizlərə hekayə olunur. Seyid qardaşının yoxluğunda Cəmilə ilə kənddə işləməyə başlayır. Danyar da onlarla birgə işləyir və Cəmiləni sevdiyini hiss edir. Başlarda Cəmilə ürəyinin səsini susdursa da, daha sonra sevgisinə güc gələ bilmir və bir-birlərinə məhəbbətlərini elan edirlər. Daha sonra onlar heç kimə demədən kənddən qaçırlar. Onların bu sevgisindən təkcə Seyidin xəbəri olur.
Aytmatov əsərdə Cəmilənin mərdliyini və məhəbbətini fərdi azadlığın simvolu kimi təqdim etmişdir. Cəmilə öz məhəbbətinə tabe olmaqla cəmiyyətin qaydalarına zidd gedir. Bu baxımdan sevginin təkcə iki insan arasında yaranan duyğu deyil, həm də sosial normaları şübhə altına alan bir güc olduğunu göstərir. Cəmilənin Danyarla çöldə keçirdiyi anlar təbiətin saflığını, sevginin sehrini əks etdirərək hekayəyə dərinlik qatır.
“Torpaq Ana”
Aytmatovun daha bir klassik əsəri “Torpaq Ana” onun insanın təbiətlə münasibətindən bəhs edən ən gözəl əsərlərindən biridir. Müharibə illərində ailəsinin çox hissəsini itirmiş Tolqanay adlı qadının gözü ilə danışılan hekayədə torpağın, əməyin müqəddəsliyi çox gözəl bir şəkildə vurğulanır. Tolqanayın dərdi, torpağa

bağlılığı Aytmatovun təbiətə dərin sevgisini əks etdirir. Burada həm də müharibənin sosial təsirlərindən, insanın təbiətə qarşı müqavimətindən bəhs edilir. Oğlunu və həyat yoldaşını müharibədə itirən Tolqanay ananın, gəlini ilə həyat mübarizəsi, onların başına gələnlərdən bəhs edən duyğusal bir əsərdir.
Bundan başqa Aytmatovun “Canavarın yuxuları”, “Erkən gələn durnalar”, “Dəniz sahilində qaçan ala köpək” , “Mənim ilk müəllimim”, “Əlvida Gülsarı” , “Kassandra damğası”, “Dəvə gözü”, “Sultanmurad”, “Qızıl alma” “Üz-üzə”, “Fuji – Yama” və s. adlı bir- birindən gözəl, dərin mənalara sahib əsərləri vardır.
Çingiz Aytmatovun həyatı boyu öz əsərlərində əks etdirdiyi bəşəriyyətə dərin məhəbbəti, təbiətə, mədəniyyətə sədaqəti ilə hər oxucunun həyatına az da olsa toxunmuşdur. Aytmatov bütün həyatı boyu qırğız çöllərindən dünyanın hər yanına yayılan bir səsə çevrilmişdir. Onun yazdığı obrazlar onun daxili aləmini, insanlığa sevgisini, həyata məna vermək istəyini əks etdirirmışdi.
O, 2008-ci ildə böyrək çatışmazlığından dünyadan köçüb getsə də, qoyub getdiyi əsərlərlə əbədiyyətə qovuşmudur. Aytmatov yazdığı hər obrazda, təbiətin hər təsvirində və hər bir təsirli sevgi hekayəsində hələ də yaşayır. Uşaqlıq illərində rastlaşdığı qırğız çöllərinin azad ruhu, qələminə həyat verən o çöl küləkləri bizim həyatımızda daim yaşayacaq. Hər birimiz onu əsərlərini oxuduqda hər səhifədə Çingiz Aytmatov yenidən doğulacaq