GÖZÜN AYDIN OLSUN, AZƏRBAYCANIM
Gözün aydın olsun, Azərbaycanım,
Sıx, saxla köksündə Qarabağını.
Ayıq ol, bil, kimdir dostun, düşmənin,
Ucalt səmayla tut tən bayrağını.
Zəfər tariximiz yazıldı bu gün,
Neçə oğulların al qanlarıyla.
Ötəri bir zəfər, qələbə deyil,
Ərənlər qazandı öz canlarıyla.
Dünya şahid oldu qüdrətimizə,
Başı dik, qürurlu, həm vüqarlıyıq.
Bir sözlə, döyünür hər kəsin qəlbi,
Biz bu gün hamımız QARABAĞLIYIQ!
DÜNYAYA ŞƏFƏQ SAÇAN AZƏRBAYCANIMIZ VAR
Cəng eyləyin, igidlər, atılın bu meydana,
Türkün gücün göstərin türkə qarşı durana.
Kim cürət edib çıxar bundan sonra yoluna?
Vüsala qucaq açın, bitdi artıq intizar,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Murovdan salam gedir, Süsən dağdan hay gəlir,
Şəki, Şirvan, Qarabağ bir-birinə tay gəlir.
Öz kökünə bağlanmış igid, ərli soy gəlir,
Ey yenilməz ordumdan xəbərdar olmayanlar,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Şuşadan yola çıxsın dalğalansın bayrağım,
Odlar yurdu, od eli, əsla sönməz çırağın.
Qara qızıl, ağ qızıl bərəkətli torpağım,
Vüqarlı dağlarının köksü qızıl, başı qar,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Lap uzaq tarixlərdən yol alıb gələr bu yurd,
Sərt dağların qoynunda yuva qurandı boz qurd.
Qarabağı, Şuşanı, yağı düşmən, sən unut!
Bizim igid ərənlər aləmə çəkdilər car,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
ARTIQ ZƏFƏR VAXTIDIR
Ovuc-ovuc dualar
Yollandı göy üzünə.
Qisas ruhlu igidlər
Düşüb düşmən izinə.
Səngərdə keşik çəkən
Hər igid bir ümiddir.
Məhəmməd ümmətinə
Qonşu olan şəhiddir.
Şəhidlər ölməz əsla,
Silməz tarix yaddaşı.
Şəhid qoxur vətənin
Hər torpağı, hər daşı.
Qaranlıq dünyamızın
Nurlu səhər vaxtıdır.
İrəli, ey igidlər,
Artıq zəfər vaxtıdır.
BAYRAĞIM
Canımızdan keçərik,
Uğruna canlar fəda.
Əyilmərik, əymərik
Səni yağıya, yada.
Ey yenilməz bayrağım,
Qəlbim sənə calanmış.
Şəhidlərin əzmiylə
Rənglərin cilalanmış.
Qarabağın düzündə
Ucaldığını gördük.
Qələbə sevinciylə
Qürurlandıq, öyündük.
And yerimizsən bizim,
Enmə yerə heç zaman.
Bütün xalqlar içində
Ucalsın Azərbaycan!
Ucal, ucal, bayrağım,
Başın göylərə ərsin.
Qoy önündə dost, düşmən-
Bütün dünya baş əysin.
ƏSGƏR MƏKTUBU
(Bəstəkar Fəraim Sadiqin “Şəhidimiz, qazimiz var,
Ölənimiz yoxdur, ana!” layihəsi üçün)
Ana, yenə nigaransan,
Bulud sarılıb Günəşə.
O yuxusuz gözlərinə
Qıymaram ki, kölgə düşə.
Duaların qalxanımdır
Düşmənin hər gülləsinə.
Hamı canın fəda deyib
“VƏTƏN, VAR OL!”- kəlməsinə.
Bu gün doğma Qarabağda
At oynadır nər oğullar.
Hər birinin ayrı-ayrı
Qələbədə imzası var.
Ən müqəddəs vətən olur,
Torpaq qarışanda qana.
“Şəhidimiz, qazimiz var,
Ölənimiz yoxdur, ana!”
YAŞA-YAŞA AZƏRBAYCAN
Gəlin qaya salam deyir
Ulu yurddan Murov dağa.
Qucağında yer ayırıb
Qan qoxan şanlı bayrağa.
İgidlərin, ərənlərin
Oylağısan, ana yurdum.
Az qalıb qovuşmağa,
Gəlirik biz addım-addım.
Vətən mücahidlərimiz,
Haydi, sizin dövranınız.
Cəng edin, çıxın meydana,
Tarix yazır hər anınız.
Bir bayraq altda birləşib,
Qarabağa yol almışıq.
Ordumuzun gücü bəlli,
Düşməni dərdə salmışıq.
Oğulların döyüş ruhu,
Qələbə vəd edir hər an.
Qurban olsun sənə canım,
Yaşa-yaşa, Azərbaycan.