.....

.....

Sevgi bədən deyil, ölə – Mustafa Mustafalının şeirləri

Sevgi bədən deyil, ölə – Mustafa Mustafalının şeirləri

Payız qadın.

Deyirsən: -“unutmuşam”…
Mənsə, unutmamışam… hikgə, hirsini…
Unutmusan…
Bəlkə də…
Sevgi, bir günün işi deyil ki-
şeir-şeir sevir, adam,
gecə-gecə, gündüz-gündüz sevir, adam,
baxış-baxış, gülüş-gülüş,
yaz… payız… sevir, adam –
sevgi zaman işidi…
Məni az adam sevə bilərdi.
Qış adam, yaz adam sevməz,
məni payız adam sevə bilərdi…
İçindəki şübhəni qov,
hirs-hirs, hikgə- hikgə sev,
duyğu-duyğu sev, qadın.
Hirsinlə sev, hikgənlə sev,
varı-yoxu sev, qadın-
ömür, təkcə bahar deyil.
Sevgi ya var, ya da yoxdu,
Sevgi bədən deyil, ölə,
sevgi, ruhdu…
…Deyirsən:-“unutmuşam”-
Sevdinmi ki!?.
Hirs, hikgəylə sevmədin-
hirsi- hikgəni sevdin.
Sən, hələ payızdasan,
Payız qadın…

Darıxar Allah.

Qəlbim qəlbini sevdi-
qəlbimə güvənirəm.
Qəlb Allahın Evidi-
bu Evə yenilirəm,
qaranlıq ay işığına,
gecə dan yerinə yenilən kimi…
Ayın günəşi varsa,
qəlbimin də Səni var.
Bu, Allahın evinin
eşqsiz nəyi…nəyi var?…
Gecələr ay nazlanar,
düymələnər dan sabah.
Sənsiz, hüzur olmaz ki-
Sənsiz, darıxar Allah…

İlahi, dua edim…

Zaman tık-tıkındadı-
onun işi Əmrdi.
Bəs, altımış yaşımın
nə qədəri ömürdü?…

Bəzən, fikrim ömrümün
xəzəlində dən gəzir-
uzadı düşüncələr
zamanıma tən gəzir.

Yaşanan zaman nədi?
-Ömrə daşınan zaman-
əzizlərçün, dostlarçün
birgə yaşanan zaman.

Adam var, zamanını
ömrə daşıya bilmir.
Adam da var, ömrünü
zaman daşıya bilmir…

İlahi, dua edim,
yazıma son tağ olsun,
Dostlarım, Əzizlərim-
Sevdiklərim Sağ Olsun!…

Ruh, bədən.

Bu həyat nədi, əziz!?
– ölümə gedən yoldu.
Bəs, ölüm nədi, əziz?
– Tanrıya gedən yoldu.
Sorummu -Tanrı nədi?
– Gəldiyin yerdi Tanrı…
…Onda, bu, dairədi-
istisnasız…təbii…
Bu köhnə dəyirmanın
həvəngi daşdı – həmən.
Nə atırsan, at, əziz,
qayıdan tək – Ruh, bədən…
…Bu qədərmi sonunda?…
Amma nəsə qalmalı –
ümid…sevgi…boş yerin…
yoxluğunun nisgili…

***

Sənə nə verdim ki,
nə uma bilim,
at məni gözündən-
bir damla yaşam.
Ağlama-
qəminlə ötürmə məni,
külək gözlərini yaşartsın-
düşüm…