.....

.....

Əli Kərimin şeirləri

Əli Kərimin şeirləri

ATAMIN XATİRƏSİ
O, sərt idi.
Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün sox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən,

Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə “can” söyləməkdən
Övlad üçün can verməyi asandı ona.
Əməksevən, ağır, enli, cod əli vardı,
Tale kimi endirərdi çiynimə hərdən.
Sərt üzünə bircə anlıq səhər doğardı

Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə.
Gah deyib ki, mən Qoy bilməyim.
O utanıb öz ölümündən.
Ah, o, niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.

***

Mən elə sürətin təşnəsiyəm ki,
Çatsın xəyalımın üfüqlərinə.
Bir göz qırpımında yetirsin məni
Həm ən yüksəkliyə,həm ən dərinə.
Mənim istədiyim o sürət olsa,
Xəyalla idrakı bir yerə qatar,
Çatar mənzilinə bir an içində
Könlün hər arzusu,sözü,əməli,
Bir göz qırpımında birləşər yəqin
Əvvəlin axırı,sonun əvvəli!

UŞAQ
Əlimi qaşımın üstünə qoyub,

Boylanıb baxıram uşaqlığıma:
Özüm böyütdüyüm dəcəl çəpişə,

Əlimlə saldığım cənnət bağıma.

Eheyy!! – qışqırıram, baxmayır uşaq,

Bir də qışqırıram, dinmir ki, dinmir.

Başa düşürəm ki, çıxmırmış səsim,

Çox zaman yuxuda olduğu kimi.
Amma, təsadüfən çevrilib uşaq,

Gözləri dolusu baxır uzaqdan,
Birdən fikir verib mən ağ saçlıya

Qaçır,bir əsər də qalmır uşaqdan.

Nöqsanım,
qüsurum,
mən, bir də qəmim,
Yüyürüb,
yüyürüb,
düşürük həkdən.
Göydəmi, yerdəmi,
ürəyimdəmi
Kimsə qəhqəhəylə gülür ürəkdən:

-Nə fikrə getmisən, – deyir, – nə fikrə,
Bir dərdin olmasa sən də gülərsən,

Atsan yanındakı yoldaşlarını,
Sən məni o zaman tapa bilərsən…


Hazırladı: Gülər Xəlilbəyli