Bu gecə göylərdən şeir tökülür…
————————Gündüz Sevindik
Yenə də göyləri ağladır kimsə,
Yağışla dərdini deyir tökülür.
Yuyulur yer üzü, yuyulur, amma,
Göylərin bağrını yeyir , tökülür.
Bu yağış altında yubadanım var,
Nə çətir tutmuşam, nə bir damım var,
Nə də sığınmağa bir adamım var,
Yağış da başıma dəyir, tökülür.
Əl çək xəyallardan , özünə yığış,
Daldalan,bir şeir küncünə sığış,
Rəqs edir yarpaqlar, oxuyur yağış,
“Bu gecə göylərdən şeir tökülür. “
***
Gözüm yaşa hamilədir,
Kirpiklərim çəkir sancı.
Qəhər qoymur doğulsun o,
Boğur məni bircə damcı.
Gülüşümlə əl -qol atıb,
Çırpınıram alım nəfəs.
Can çəkişir ruhum canla,
Ahım olur sonuncu səs.
Süst düşürəm dərd əlindən,
Xəyallarım layla çalır.
Göz yaşım da doğulmamış,
Qəhərimdə şəhid olur.
Gecələrdə
Düşdüm fikir – xəyallara,
Yenə azdım gecələrdə.
Neçə ümid – gümanlara,
Məzar qazdım gecələrdə.
Arzulardan çiçək əkdim,
Göz yaşımla suyun tökdüm,
Ağ saçımı kəfən bükdüm,
Ölüm sezdim gecələrdə.
Ruhuma buz divar hördüm,
Nə sığal nə tumar gördüm,
Yaşamağa talaq verdim,
Candan bezdim gecələrdə…
Gündüzlərdən zərbə aldım,
Tənhalığa meyil saldım,
Səhərəcən oyaq qaldım,
Şeir yazdım gecələrdə….
***
Ey sevdiyim daş ürək,
Nə gətirdin başıma.
Sənsizliyi hədiyyə –
Etdin yeni yaşıma.
Daşıya bilmirəm,yox..
Gəl apar sənsizliyi.
Heç nəyin lazım deyil,
Geri ver mənsizliyi.
Ütüləyib asmışam,
Bağışla, deyəmmədim.
Yaraşmadı sənsizlik,
Sağlıqla gəyəmmədim….
Qadınlar
Oxşanmazlar, sevilməzlər,
Saçı tökülən qadınlar.
Nazlanmazlar, öyülməzlər,
Boynu bükülən qadınlar.
Göz yaşında dağılarlar,
İçlərində boğularlar,
O dünyaya doğularlar,
Dara çəkilən qadınlar.
Ürkək gəzər yad ocaqda,
Yeri olar künc -bucaqda,
Ömrü bitər buz qucaqda,
“Evi tikilən” qadınlar.