.....

.....

Şəlalə Şəfəqin şeirləri

Şəlalə Şəfəqin şeirləri

Düşdüm
İstədim həsrəti qoymayam yaxın,
Kədərdən qaçırdım, qəm yaxaladı.
Yanağım üstündə iz saldı hicran,
Gülüşün yerini nəm yaxaladı.

Qismət buracanmış, biz kimik onun
Yolunu bağlayıb önünü kəsək?
İncitməz vüsalın əzablı yolu,
Öldürər həsrətin atdığı kəsək.

Hamının heç kimi olmadım daha,
Qəlbimə damğanı vurub gedəndən.
Tənhalıq yar oldu, aramızdakı
Sevgi bağlarını qırıb gedəndən.

Son nidaya döndü bu qəfil görüş,
Dilinin “əlvida” sözünə düşdüm.
Gedəcək bir yerim olmadığından,
Sənli xəyalların izinə düşdüm.

Niyə gəlmir?
Hərdən soruşub halımı, eylərdi nəvaziş,
Getdi, qəlbimi odlara salan, niyə gəlmir?

De kimdən alım sorağını, ey dili-qafil,
Qalmışam naçar, sirləri pünhan niyə gəlmir?

Ha səbr edirəm, bəlkə azalar acılarım,
Sanki sürünür, keçməyir zaman, niyə gəlmir?

Mən nə dilədim, bəxtimə nə yazdı İlahi,
Zalımdı fələk, vermədi aman, niyə gəlmir?

Bəlkə gözə gəldi, necə tez soldu bu sevgi,
Sındı qanadım, qalmadl güman, niyə gəlmir?

Göz yaşlarımı yanağıma düzdü o dən-dən,
Canım yolunda eylədim qurban, niyə gəlmir?

Hara baxıram sanki izləyir baxışları,
Məhv eyləyəcək yarını hicran, niyə gəlmir?

Çox dost deyənin görməmişəm etibarını,
“Əsildə mələk, nəsildə insan”, niyə gəlmir?

Fikri-xəyalım hər gecə-gündüz sorağında,
O qəlbi kövrək, çöhrəsi xəndan niyə gəlmir?

Öz aşiqinə rəvamıdır eyləyə zülmü,
Damar gözünə gilə-gilə qan, niyə gəlmir?

Gələcəyəm
Arzum qanadlı göyərçin,
Yuxularım olacaq çin,
Ağlayaraq için-için
Dönəcəyəm.

Bir cavabsız sual kimi,
Bir ümidsiz xəyal kimi,
Susub qarşında lal kimi,
Dönəcəyəm.

Kül altında közə dönüb,
Bir kəlmə xoş sözə dönüb,
Gül-çiçəkli yaza dönüb
Gələcəyəm.

Bir gözəlin baxışında,
Bir çiskin yaz yağışında,
Bir ovucun alqışında
Dönəcəyəm.

Bir günün qürub çağında,
Bir ömrün qərib çağında,
Bir sevdanın sorağında
Dönəcəyəm.

Köz olmadın alışmağa,
Küsdürmüsən,-barışmağa,
Səndən hesab soruşmağa
Dönəcəyəm.

Gəlmisən
Gecikib, ömrümün qürub çağında,
Sən niyə hamıdan sonda gəlmisən?
Geyinib əyninə kədərdən libas,
Yanıma gör hansı donda gəlmisən.

Pas tutdu yolunu xoş ümidlərin,
Əsdi baharıma xəzan yelləri,
Barmaqla sayılan xoşbəxt günlərin,
Doqquzu yaşanıb, onda gəlmisən.

Dərdlərim başımdan aşıb daşanda,
Tənhalıq hicranla qucaqlaşanda,
Ömrümün yazıyla vidalaşanda,
Payıza köç edən anda gəlmisən.

Başımın üstünə duman çökəndə,
Ayrılıq qəlbimə sığal çəkəndə,
Ruhum bu dünyadan nakam köçəndə,
Saçıma ələnən dəndə gəlmisən.

Ümid bel bağlamır daha sabaha,
Qayıdıb yenidən batma günaha.
Şaqraq gülüşümdən əsər yox daha,
Zilim yasa batıb, bəmdə gəlmisən.

Gəlişin oyatdı dərdi, qübarı,
Bir azca insafın olaydı barı,
Karvanım gedir son mənzilə sarı,
Həyatdan ayrılan dəmdə gəlmisən.

Kəlağayım
Naxışların qızılgüldən, butadan,
Yadigarsan ulu ana-atadan,
Uzaq olsun bədnəzərdən, xətadan
Səni örtən elin gəlini, qızı,
Kəlağayım, ay örpəklərin nazı.

Örpəklər içrə incədən-incəsən,
Gah “Abu”, gah “Heyratı”, gah “Qönçəsən”,
Hər kim örtsə yaraşırsan, məncə, sən,
Dilimin şirin sözü, xoş avazı,
Kəlağayım, ay örpəklərin nazı.

Təbəssümsən gözəllərin üzündə,
Xoş nəğməsən aşıqların sözündə,
Tariximi yaşadırsan özündə,
Sevgilərin sənsən baharı, yazı,
Kəlağayım, ay örpəklərin nazı.

Tutun şirinliyi hopub canına,
Heyranam o ipək, həlim halına,
Təriflər söyləyirlər ad-sanına,
Yaşın ay, il deyil, əsrdir azı,
Kəlağayım, ay örpəklərin nazı.

Nizamlıdır öz ölçü-biçimində,
Bəzəyidir böyüyün, kiçiyin də,
Şəlalə aciz qaldı seçimində,
Göz oxşayır, yaşıl, mavi, bəyazı,
Kəlağayım, ay örpəklərin nazı…