Eşidirəm sizi!
-…
-Eşidirəm sizi. Hay verin.
-….
-Yanılmıramsa, beyninizin bəzi damarlarını kəsdirmək istəyən siz idiniz?! Yorulub evə getmək həvəsimi daxilimdə gizlətsəm də, tənbəlliklə sizə bildirməyi özümə borc bilirəm. Vətəndaş! İnsan və heyvan beyinlərində tullanası damarlar olmur. Bizi yaradan canlılara artıq-əskik heç nə ərmağan etməyib, hamısı hesablanıb. Qızıl kimi sözlərimi qulağınızda sırğa eləyin.
-Həkim, mən dəyişilirəm. Deyəsən heyvanlaşıram.
-Nə edirsiz? Səhv eşitmədim ki, heyvanlaşırsız?
-Heyvanlaşıram.
-Belə deyin. Çarlz Darvinin təkamül nəzəriyyəsinə görə…
-Xahiş edirəm sözümü kəsməyin. Acılayın, məsxərəyə qoyun, amma rica edirəm dinləyin məni. Bu qənaətə ayları, illəri beynimin süzgəcindən keçirəndən sonra gəlmişəm. Düşünmək istəmirəm, başa düşürsüz? İstəyirəm düşünən damarlarımı kəsəsiniz. Bunu edə bilərsiz. Axı şəhərdə hamı sizi Tusi çağırır.
-Xahiş edirəm aramla danışın. Əsəbləşməyin. Necə yəni dəyişilirsiz? Siz fəsil yox, insansız axı…
-Mənim 30 yaşım var. Amma 12 il əvvəl belə deyildim. Çox dəyişilirəm, az qalıram dərimdən çıxım. Dəyişməklə ürəyimdəki Tibet dağına ələnən qarın soyuqluğundan üşüyürəm. İş o yerə gəlib çatıb ki, qorabişirən ayda da üşüyürəm.
-Bir həkim kimi sizə səbr diləyirəm, halbuki özümə səbr lazımdır.
-Elə bir həkim axtarıram ki, beynimin düşünən, hiss edib anlayan damarlarını kəssin. Hippokrat deyib ki, bizim sevinci, həzzi, şadlığı hiss etməyimiz, kədərlərimiz, ağrımız, göz yaşlarımız məhz beynin fəaliyyəti nəticəsində əmələ gəlib. Qəzetlərdə “düşünən damarları kəsirəm” başlıqlı elan axtara-axtara qalmışam. Belə elana rast gəlməyəndə yanınıza gəldim. Şəhərdə məşhurluğunuza görə sizi Tusi çağırırlar.
-Tusi? Heç mən o kişinin dırnağı da ola bilmərəm.
-Götürək 12 il əvvəli. Sanki bütün dünyanın əzab-əziyyəti ancaq mənim çiynimdə idi. Bir dəfə İsraildə ağbirçək qadının başına daşla vurmuşdular. Bilmirəm, ərəb, ya yəhudi idi, fərqi yoxdur, əsas o idi ki, yaşlı qadındı. Televizorda baxırdım. 18 yaşım olsa da, o qədər ağladım ki… Düz bir ay xörək yeyə bilmirdim, qaytarırdım. O qadının ruhunun soyuq qəbirdə üşüməsini təsəvvür edəndə ağlayırdım. Üşüyürdüm. Mənə elə gəlirdi ki, ətrafımdakı adamlar da üşüyürlər. Amma indi, 12 il keçəndən sonra üşümürəm.
-Qışda da üşümürsüz?
-Həkim, bu üşümək başqa üşümək idi. Özümə nifrət edirdim ki, həmin qadını həyata qaytara bilmirəm. Sehrbaz olmaq istəyirdim. Həkim, sizi başa düşürəm, harasa tələsirsiz, amma dinləyin məni. Elə bilirdim əllərim nur saçacaq. Xilaskar dolu qəlbim hey onun yanına uçunurdu: “Ey qadın, mən sənin xilaskarınam. Sən ölməyəcəksən. Gözlərimə bax! Ovcumdakı nurlu və qaynar işıq səni fiziki əzabdan qurtaracaq, təki mənəviyyatın ölməsin. Onu boşalmağa qoyma”. Həkim, belə düşünürdüm o vaxtlar. Anlayırsız? Saf qəlblə, saf istəklə. İndi isə heyvanlaşıram.
-Heyvanlaşmağınızı nədən hiss etdiniz?
-2011-ci ildə Yaponiyada zəlzələ, sonra sunami baş verəndə. Binalar tərpənir, ofislərdəki adamlar masa altında gizlənir, yüzlərlə evlər dağılır, maşınlar suda üzürdü. Ətrafımdakı adamlardan eləsi oldu ki, ağlamağa başladı, eləsi oldu başını bulayıb nırçıldadı. Mənsə qışqırdım ki, yaxşı olub, əcəb olub. Tanrının işinə qarışanda bəs necə olmalı idi? Çox sevinirdim. Ölənlərin arasında uşaqların olduğunu biləndə də ürəyim soyumadı.
-Tanrının işinə qarışıb nə etmişdilər ki?
-Klonlar, robotlar yaradırlar, insan ağlına gəlməyən yeniliklər edirlər, abort edilən körpələri delikates yerinə restoranlara satırlar.
-Delikatesi qoyaq kənara, lap ürəyim bulandı. Qaldı ki, yeniliklərə, məgər yeniliklər etmək Tanrının işinə qarışmaqdır? Tanrı insana ağıl verib ki, elmi nailiyyətlər əldə etsin, adamların yaşayışını yüngülləşdirsin. Yoxsa istəyirsiz adi bir odunu yandırmaq üçün alovu yenəmi Prometeydən alaq?
-O yunanların əfsanəsidir.
-Sadəcə, sözgəlişi dedim, aydın olsun ki, sivilizasiya daha da inkişaf etməlidir.
Sakitlik yarandı. Həkim ümüd etdi ki, pasiyent elə indicə çıxıb gedəcək. Pasiyentsə getmədi.
-Həkim, bilirsiz indi ürəyimdən nə keçir? Kohiba siqarı. O siqarı çəkib özümü zənginlik mücəmməsinə çevirmək istəyirəm. İstəyirəm naharsonrası damağımda Kohiba olsun və ayağım ayağımın üstündə.
-Mənsə elə indi Sambadromda olmaq istəyirəm. İstəyirəm gözəl Məryəmimlə yarıçılpaq Braziliya qızlarına tamaşa edim. İstəyirəm o çılğın Rio karnavalında ən ağrıdıcı hisslərimi unudum, o gözəl Məryəmimin əlindən tutub səhərə qədər təbillərin səsinə qulaq verim.
-Siz də dəyişilirsiz?
-Yox, sadəcə psixologiyada belə bir hissə var ki, dəli ilə gərək dəli dilində danışasan. Bəlkə, gedəsiz burdan? Daha doğrusu cəhənnəm olasız?
-Həkim, dinləməlisiz qarşındakını. Dəyişilən adamı. O adamı ki, dəyişməyini könüllü etiraf edir. Mənim kimisinə bir də rast gəlməyəssiz.
-İndi pəncərədən daş atsam sizin kimisinin yüzünə dəyəcək.
-Həkim, hansı müqəddəs kitabda yazılıb ki, Tanrı insanlara ağlı elmi nailiyyətlər əldə etmək üçün verib? Bəlkə məram başqadır? Bəlkə bizi səhv istiqamətə yönəldən qüvvələr var?
-Bu, mübahisəli məsələdir. Və buna baş qoşmaq istəmirəm.
-Niyə?
-Bəzən adamların illərlə beyinlərində yüklədiləri və inandıqları fikirlərin həqiqətin ortaya çıxması ilə bir andaca məhv olması onun mənəvi, sonra fiziki ölümü deməkdir. Dayanın…yadımdan çıxdı…bəlkə əvvəlcə fiziki, sonra mənəvi…Əşi, siz məni lap çaşdırdız.
-Görürsüz? Siz də beyninizin düşünən damarlarını kəsdirməlisiniz.
-Doğrudan?
-Əlbəttə.
-Nə yaxşı dediniz. Heç ağlıma gəlməmişdi. Ay sizi xoşxəbər olasız.
-Məzələnirsiz?
-Yox, Allah eləməsin. Söhbətimiz harda qalmışdı? Hə…Doğrudan, adamların ölməsinə sevinirsiz?
-Baxır nə və hansı vəziyyətdə ölürlər.
-Həəəəə, bu, heyvanlaşmağın əlamətidir. Ancaq getməliyəm. Gedib dərdinizi ağaclara, qayalara, dağlara danışarsız.
-Amma yox, heyvanlaşmağım Yaponiyadan başlamadı. Sevdiyim qızdan başladı. Onu 18 yaşımda görəndə nəfəsim təntiyir, qəlbim uçunurdu. Görüşürdük. Sevişirdik. Sonra həyatında bir kişi gördüm. Onunla qol-qola keçəndə mənə üç barmağın həndəsi fiqurunu göztərdi. Bu o demək idi ki, “sən qazsan, bu isə əsl kişidir, sən qadına nə lazım olduğunu bilmirsən, bu isə bilir”.
-Bilmirdiz, qadına nə lazımdır?
-Mənəvi cəhətdən deyirəm. Siz də lap o söz.
-Yaxşı, yaxşı. Unutmayın ki, həkimin qəbulundasız.
-Üstündən 12 il keçdi. Onu gördüm, yanında uşaq. Yaşadığı alaqapıya qədər izlədim, sonra mənzilinə qədər. Mənzildə isə sadəcə namusuna sataşdım.
-Guya, mədəni olmusuz da. Etiraf edin ki, “vəhşicəsinə və heyvancasına zorladım”.
-Hə, hə, hə…siz deyən olsun… mədəni ailədə böyüyən adam kimi “zorladım” deyə bilmərəm, “namusuna sataşdım” deyə bilərəm.
O, stəkandakı suyu başına çəkdi. Dirsəyi ilə dodağının qırağından süzülən suyu sildi. Və gözünü bir nöqtəyə zillədi. Həkim əsəbi-əsəbi az qaldı masanın üstündəki külqabını pasiyentinin başına vursun:
-Gözünüzü ora zilləmisiz, deyəsən hadisəni təsvir edirsiz? Təsvirinizdə nədir, bəlkə onu da danışasız. Onsuz da bekar adamsız.
-Onun namusuna sataşdım. Özü də uşağının gözünün qarşısında. Məgər bu, heyvanlaşma deyil? Bir tərəfdən sevinirəm ki, ona həyatı başa saldım.
-Hm…Həyatı başa saldınız? Həyatı belə başa salırlar? Onda güc strukturlarına, psixoloqlara nə ehtiyac var? Elə beynəlxalq məsələləri tin səviyyəsində həll edək getsin də…Kişinin oğlu 18 yaşında sevdiyi qıza həyat fəlsəfəsini belə anladıb. Bu üsulu dünyanın aparıcı elmi-tədqiqat institutlarına, akademiyalara təklif etsəz və patentləşdirsəz, ildə bir neçə milyon qonorar ala bilərsiz.
-Yox, siz mənlə sözün həqiqi mənasında məzələnirsiz.
-Allah eləməsin, bu nə fikirlərdir ağlınıza gəlir. Yaxşı, bəs o qadın polisə müraciət etmədi?
-Balaca uşağı xırda əllərilə “anama dəymə” deyib ağlaya-ağlaya başıma-başıma vuranda, anasına dedim ki, “kimsəyə xəbər versən, sənə başımın hər tükü qədər əzab yaşadaram”.
-Həəə, bunlar heyvanlaşmağın əlamətləridir. Amma tələsirəm və təəssüf ki, sizin Freydin məşhur “Qadın nə istəyir” sualını alt-üst edə biləcək düşüncələrinizi dinləyə bilməyəcəyəm. Çox təəssüf. Düzdür, buna çox acıyıram, kədərlənirəm, bilirəm ki, nəyisə itirdim, neyləmək olar, getməliyəm. Və gedərkən deyim ki, beyin damarlarını kəsmirəm. Yaxşı kor bağırsaq kəsirəm, hətta qasıq yırtığı əməliyyatına görə Polşada diplomla da mükafatlandırılmışam, amma beyin damarı kəsmirəm. Çünki beyin damarını kəsmək insanın birbaşa ölümü deməkdir.
-Dünyanı fırlanan bilirdim. İndi isə dünyanın yatdığını düşünürəm, o daha fırlanmır. Fırlansaydı, namərdin, alçağın, şərəfsizin tutmağa əl yeri qalmazdı. Hamısı aşağılara tökülərdi, əllərini dünyadan tuta bilməyən zəiflər uçub hansısa xaraba qalmış planetə düşər, güclülər sağ qalardı. Bilirsiz nə düşünürəm? Qlobusa diqqətlə fikir vermisiz?
-Hə, sonra?
-Qlobusa diqqətlə baxanda görürsən ki, Şimal xalqları ayaq üstə durur, növbə bizə çatanda biz böyrüüstə uzanılı vəziyyətdə düşürük, bizdən aşağılar isə başıaşağı. Qərb tərəfə nəzər salsaq Cənubi Amerikadır, onlar qlobusda başıaşağı düşdüklərindən həmişə çalıb oxuyurlar. Saçları qıvrım meksikalı gənclər, Braziliya karnavalı, qəhvə plantasiyaları, cürbəcür ölçülü gitaralar…Şərq tərəfə də baxsaq görərik ki, qlobusda onların da başı aşağıdır və bu, onlara istedad verir. İndi daha çox ilk yeniliklər, elmi tərəqqilər harda baş verir? Əlbəttə ki, Şərqdə, Asiyada, daha doğrusu qlobusda başları aşağı, ayaqları göydə olanlarda. Başı aşağı olanda qan beyinə yaxşı ötürülür axı. Əsas odur ki, baş işləyir. Biz isə qlobusda həmişə yatılı vəziyyətdəyik, yata-yata yeyirik, yata-yata düşünürük, beləliklə, hər işimiz də böyrüüstə qalır.
-Xəstə!
-Pasiyent!
-Yaxşı, olsun pasiyent. Pasiyent! Siz burdan nə vaxt cəhənnəm olacaqsız? Mən ölüm səni bura kim öyrədib göndərib? Bəlkə o itoynadan sinif yoldaşım Əmirqulunun işləridir bu?
-Uşaqlıqda arının pətəyinə əlimi soxmuşdum. Sancmadılar, yox, bu təsadüf deyildi. Yəqin biliblər ki, məndən nəsə çıxacaq, milyardların içində xüsusi yerim olacaq.
-Arılar biliblər ki, səndən yaxşı heyvərə çıxacaq. Ay başına dönüm, arıların bura nə dəxli var?
-Nə gəldi düşünürəm.
-Çıxardığın nəticələr də budur. Bəlkə səni telekanalların biri ilə calayım? Onların əksəriyyəti sərsəmləri və zəvzəkləri efirə çıxarmağı xoşlayırlar ki, reytinqləri artsın.
-Az qalıram qışqıram ki, dəyişilirəm. 18 yaşımda hamının xoşbəxt olmasını istəyirdim, indi düşünürəm ki, hamı eyni vaxtda xoşbəxt ola bilməz, ən azından tarazlıq pozular. 18 yaşımda düşünürdüm ki, hamı sağ qalsın, indi 30 yaşımda düşünürəm ki, hamı sağ qalsa ərzaq çatışmazlığı, qida böhranı yarana bilər? Bilər yox, yaranacağı mütləqdir. Əgər milyardlar xərcləyib Afrikanın şoranlaşan torpaqlarını münbitləşdirmək mümkün olsa belə, bu, yalnız dünyanın 40 faizinin ərzaqla təminatı üçün yetərlidir. Bəs qalanları nə edəcək? Ağac qabığı tıxacaqlar? Həkim, istəmirəm dəyişiləm. İstəyirəm beynimin düşünən damarlarını kəsəsiniz. Daha düşünmək istəmirəm.
O, ağlayırdı. Həkimin ürəyi dözmədi.
-Sakitləş, ayıbdır, yekə kişisən. Kim dəyişilmir ki?! 18 yaşımda 62 kilo idim, indi 115-əm. Neyləyim, indi durum ağlayım? Bunun sadə izahı var. Çox yeyirəm, maddələr mübadiləsi də pozulur. Bilirsən, xarici aləm hiss üzvlərimiz vasitəsilə beynə təsir edərək müxtəlif duyğular əmələ gətirir. Ötüb keçəcək, baş verənlərə fikir vermə.
Pasiyent suyu yarımçıq içdi. Ancaq əlində saxladı ki, yenə ağlamağı tutsa su yaxında olsun.
-Həkim, 18 yaşımda bir qaraçı olmaq istəyirdim. Boyunları qotazlı atlar, bəzəkli arabalar, qızılgüllər, çiçəklər bağlanan təkərlər. Çadırlar, çadırlardan saçılan çıraqların şöləsi. Gitarada həzin romans, əhliləşdirilən ayılar başlarını pəncələri ilə qaşıyırlar, qızlar rəqs edirlər. Mən də Vətənsiz adam, sərhədlər aşıram, əllərimi başımın altında çarpazlayıb ulduzlara tamaşa edirəm. Kipriklərim ağırlaşır, yuxuya gedirəm. Bir qaraçı qızı da çobanyastığını boynumda-boğazımda gəzdirir, dirsəklənib deyirəm ki, “ay şeytan, sən yenə başladın?”.
Həkim qəhqəhə çəkib gülməkdən şişman qarnını tutdu. İki dəqiqə qırıq-qırıq, amma bərkdən güldü, sonra öskürməyə başladı, qızardı, pörtdü, başını buladı, yenidən gülməyi tutdu.
-Sözə bax, “ay şeytan, sən yenə başladın”. Bəs indi niyə, – deyə o, yenə şaqqanaq çəkdi, bu dəfə daha bərkdən, divarda əks-səda verən dərəcədə. Sonra özünü ələ aldı:
-Bəs, indi niyə qaraçı olmaq istəmirsən?, – onun gözləri gülməkdən yaşarmışdı.
-İndi Avropanın bəzi ölkələri qaraçıları ölkələrindən qovurlar. Çünki qaraçılar azaddırlar. Azad adamsa çoxlarının xoşuna gəlmir. Boyunduruğa gələn atlar hamının sevimlisidir.
-Xəstə!
-Pasiyent!
-Pasiyent! Belə baxanda, “azad adam” məfhumunu hələ heç kim həll və sübut etməyib. İstəyirsən bir əhvalat danışım?
-Əlbəttə.
-Sonra durub gedərsən, yaxşımı?
Pasiyent cavab vermədi. Həkim davam etdi:
-Bir dəfə Almaniyaya terapevtlərin Beynəlxalq konfransına getmişdim.
-Beyninizin damarını kəsdirmək üçün?
-Yox bir, belimin quluncunu sındırmaq üçün. Mane olma. Orada yaşayan dostumun maşını ilə Berlin küçələrindən biri ilə şütüyürdük. Birdən dostum əyləcə basdı və qarşıdakı maşınlara sıqnallamağa başladı. Boylandım, ancaq niyə hamının dayandığını bilə bilmədim. Nə başını ağrıdım, 45 dəqiqə keçdi. Hirsimdən partlayırdım, əsəblərim tab gətirmədi. Düşdüm aşağı ki, görüm nə məsələdir, axı niyə 45 dəqiqə gözləməliyik. Bir az qabağa getdim. Nə görsəm yaxşıdır?
-Arı pətəyi?
-Yox bir, sincab yuvası. Dedim, mane olma. Bir kişi əməlli-başlı lütlənib, yolun ortasında uzanıb siqaret çəkir. Heç kim də nə siqnallayır, nə də bircə kəlmə söz deyir. İstədim yaxınlaşıb qolundan tutub kənara sürüyüm, bir də gördüm dostum qışqırır ki, “işin olmasın, əl vursan boğazından yapışacaqlar ki, bu peysərin hüququnu pozmusan”. Deməli, 40-50 sürücünün əsəbləşməsi olar, ancaq lüt uzanan insanın hüququnu pozmaq olmaz. Bir saatdan sonra lüt kişi ayağa durdu və fit çala-çala uzaqlaşdı, maşınlar da işə düşdü.
-Elə ona görə deyirəm ki, kəsin düşünən damarlarımı. Indi dünyanın müasir cəmiyyətlərində hər şeyi sevgiylə, məhəbbətlə həll etmək olmur. Yorulmuşam. Düşünmək istəmirəm. Düşüncəsiz bir yumağa dönmək istəyirəm. Heyvanlaşmaqdansa, düşünməsəm yaxşıdır. Belə yaxşı olar.
-Ürəyini boşaltdınsa icazə ver gedim daha. Sünnət toyuna tələsirəm.
-Hara tələsirsiz?
-Sünnət toyuna. Burda təəccüblənməli nə var ki?
-Mən dəyişilirəm, sizsə əl boyda adamın kişi olmasına şahidlik etməyə gedirsiz. Məgər, bu ədalətlidir?
-Günah assistentimdədir ki, vaxt itirib onun gün ərzində sevgilisi ilə telefonla nə danışdığına qulaq asdım, sonra qarnımı tutub şaqqanaq çəkdim.
-Həkim, Yer səthində enerji balansı pozulub. Günəşdın Yerə nə qədər enerji daxil olursa, bir o qədər də enerji Yerdən qayıtmalıdır. Əgər qayıtmırsa, deməli, həmin enerji Yerdə qalır və adamları qıcıqlandırır. Ola bilsin məni də dəyişən o oldu. Əsəbilik, sonda heyvani fikirlər. Həkim, indi necə olacaq, hə?
-Nə necə olacaq?
-Axı, əvvəllər insanlar, canlılar o qədər də çox olmayıb, ətraf mühütə də təsirləri bu qədər deyilmiş Bax, onda təbiət özü-özünü tənzimləyə bilirmiş. İndi isə təbiət özünü tənzimləyə bilmir. Bunu etmək üçün insanlar təbiətə təzyiqi azaltmalıdırlar. Kimdir təzyiqi azaldan? Olacaqmi könüllülər? İnanmıram.
-Gedək sənlə qaz idarəsinə təbiətə təzyiqi azaldaq. İşə düşdüm də….
-Əvvəllər, adamlar ancaq 40 yaşdan sonra heyvan kimi düşünə bilərdi. Bunun əsas səbəbi o idi ki, 40 yaşdan sonra xəstəliklər başlanır, əsəbi düşüncələr dirçəlir. İndi isə 30 yaşda da başlanır.
-Bir daha deyirəm ki, nahaq yerə bura gəlmisən. Mən nevropatoloq deyiləm. Düşünən damarlarını kəsdirmək arzuna gəlincə…məlumat verim ki, baş beyin quruluş və funksiyaları ilə bir-birindən fərqlənən və getdikcə mürəkkəbləşən ayrı-ayrı şöbələrdən əmələ gəlib. Bədənin müxtəlif üzvlərində yerləşən reseptorlardan onurğa beyninə daxil olan oyanmalar burada işlənir, sinir impulsları formalaşır və işçi orqanlara – ürəyə, damarlara, skelet əzələlərinə və vəzlərə, bağırsağa və sairə yerlərə ötürülür.
-Nə olsun?
-O olsun ki, məsələn, onurğa beyni sinir impulslarını nəql edir, bədən və daxili üzvlərin funksiyalarını tənzim edən şərtsiz reflekslərin qövsləri qapanır.
-Axı, bunlar nəyimə lazımdır?
-Deyirsən beyin damarlarını kəsdirmək istəyirsən, belə bir anlayış yoxdur axı. Beyində hər hissə bir şöbəyə baxır. Bax, uzunsov beyində bir çox həyati əhəmiyyəti olan mərkəzlər, tənəffüs, ürəyin fəaliyyəti, damarların tonusu, əmmə, çeynəmə, tüpürcək udma, mədə şirəsi, mədə evakuasiyası, mədəaltı vəzi şirəsi, öd ifrazı və sair yerləşir.
-Demək istəyirsiz ki, düşünən hissəm ayrı bir şöbədədir, cərrahi əməliyyat yolu ilə o şöbə götürülsə, daha düşünə bilmərəm.
-Təkcə düşünmə olsaydı nə vardı. Hər bir şöbə bir neçə funksiyanı yerinə yetirir. Ola bilər düşünən şöbəni götürək, onun içində görmə orqanlarınız, ya da kişilik duyğularınız aradan itib getsin.
-Kişilik? Sözə bax, kişilik? Hər bir iş kişilik tələb edirsə, bunu bacarmadım. Bundan sonra nəyimə gərəkdir o kişilik ki, evli qadına təcavüz etdim, adamların sunamidə ölməsinə sevindim.
-Keçib gedəcək, darıxma.
-Qədimdə Yer səthində 1 dərəcə istiliyin artımı 1000 ilə baş verirdisə, indi 100 ildə baş verir. İstilik demişkən, həkim, əlinizi alnıma vurun, görün qızdırmam yoxdur ki?
-Yoxlamıram. Onsuz da bu cəmiyyətdə sizin kimilərə “qızdırmalı” deyirlər. Ağzınızı açıb gözünüzü yumursuz.
-Görəsən, “səbəb” sözünü ilk dəfə kim ortaya atıb? Kimisə döymək istəyirsən, soruşur ki, “səbəbi nədir?”. Kimisə sevirsən deyir “sevməyinin səbəbini bilmək olar?”, nə olacaq, sadəcə sevirəm. Kiməsə demək istəyirsən ki, “sən əclafsan”, üzünə qırmızı-qırmızı durub deyir ki, “qaqaş, xeyir ola, səbəbin var?”. Bütün artan xəstəliklərin kökü “etika” elmini yaradan o gorbagordadır. Adamlar bir-birinə ürəklərindən keçən ən pis şeyləri deyə bilmirlər, deyirlər “bu etik tərəfdən düzgün deyil”. Amma etika olmasaydı ürəyindən keçənə dişinin dibindən çıxanı döşəyərdin, bununla da boşalardın.
-Elə bilirsən istəmirəm belə olsun.
Birdən həkim doluxsundu, dodaqları səyridi. Sonra sözünün ardını qırıq-qırıq gətirdi:
-Baş həkimimizə itin sözünü demək istəyirəm. İstəyirəm deyəm ki, ədalətdən dəm vurursan, amma özün xudpəsəndin, özünə vurğunun birisən, “ədalət” anlayışından xəbərin yoxdur, hər xəbər gətirənə inanıb adamın çörəyini kəsirsən, işçiləri içəri çağırıb o biri işçilərdən məlumat yığırsan, qeybət qırırsan, hansı ki, özün hamıya fitnəkar damğası vurmaqla məşğulsan.
-Yaxşı, sonra?, – pasiyent gözlərini maraqla həkimə zillədi.
-Heç ailədə də sayanım yoxdur, oğul-uşaq böyüdü, hərəsinin ağzı çörəyə çatdı, daha bəyənmirlər varlığımı. Amma işləri keçəndə ad-sanımdan yaxşı yararlanırlar, – deyə həkim xəstənin əlindəki stəkanı alıb içindəki suyu başına çəkdi, yenidən davam etdi:
-17 yaşımda martini zavodumun olmasını istəyirdim, hamı istehsal etdiyim martinimdən içsin, özü də üçbucaqvari, əsl martini qədəhində, sonra gülə-gülə, kefli-kefli, qaça-qaça gəlib desinlər ki, “qədəhimə yenə süzə bilərəmmi, yaman xoşuma gəldi”. İstəyirdim, hamının bacasından tüstü çıxsın, cavanların evindən sevişmə, öpüşmə səsləri eşidilsin. İstəyirdim o uzaq Nikaraquada şəkər qamışı plantasiyam olsun, qaraşın qadınlarla günəşin şəfəqlərini yara-yara, gülə-gülə qamış kəsək, axşam da tozlu yollarda ayağımızı ulaq arabasında yellədə-yellədə, xalq mahnısını xorla oxuya-oxuya evə qayıdaq, o qadınlardan birinin əli əlimə dəydikcə göz-qaş edərək bir-birimizə anladaq ki, “axşam, sərin mehdə görüşüb sevişərik” – deyə həkimin doluxsunmağı gözlərinin yaşarmasına keçdi:
-İstəyirdim, topladığım bir qucaq güllə Alp dağının düz başına çıxım, ordan gülləri aşağılara səpib qışqırım ki, “sizləri hələ də sevirəm”.
-Mənim də arzularım çox idi həkim, çox idi. Amma indi xəyal da qura bilmirəm.
-Mən də xəyal qura bilmirəm, amma arzusundayam o xəyalların, arzuların.
Həkim üzünü divara çevirib ağlamağa başladı. Pasiyent qrafindən stəkana su doldurub ona yaxınlıaşdı:
-Həkim, su için, siz Allah ağlamayın. Hər şey yaxşı olacaq.
Həkim dönüb yenə də suyu içdi və pasiyenti qucaqladı:
-Bilirsən səni necə anlayıram, elə bil bir ruhdayıq, elə bil bölüblər bizi, indi tapışdıq. Çox dəyişilmişəm, çox. Arzularım alınmadı. Elə bilirdim ki, seçilmişlərdənəm, elə bilirdim ki, ölümlər, müharibələr, hətta hər bir adamın şəxsi həyatında baş verən ən pis şeyləri qapatmaq üçün dünyanın fırlanmasını istədiyim anda dayandıra bilərəm, sevincli anlarda təzədən fırlada bilərəm. Nə ilk məhəbbətimə qovuşa, nə də parlaq həyat qura bildim.
O, hönkürməyə başladı. Özünü ələ ala bilmirdi.
-Həkim, nə olar ağlamayın, özünüzü ələ alın.
-Hər axşam Kəlmeyi-şəhadətimi deyib yatıram ki, bəlkə səhər ayılmadım, günlərimi sayıram. O dumanlı səhər çağında küçələrindən keçəndə dedi ki, “sən arzularına çatmayıb öləcəksən”. İstəmədi, sevmədi məni. Nə martini zavodum oldu, nə şəkər qamışı plantasiyam, heç Alp dağına qalxıb “sizləri hələ də sevirəm” deyib qucaq dolusu gül də səpə bilmədim aşağılara. Alınmadı məndə, qardaş. Beləcə, mənasız ölənlərin siyahısına qoşuluram. İlahi, Evoranın oxuduğu Besame Muçosunun sədaları altında gözəl Məryəmimlə rəqs etməyimi, onun ürkək ürəyinin titrəməsinin çiyinlərinə keçməsini hiss edtikcə, sevgilimin qəlbini coşdurmaq üçün musiqiçilərə Samba qafieyranı sifariş etməyimi, dalğın gözlərinin gülməsini, çiyinlərinin daha titrəməməsi, sinəsində tər muncuqlarının görünməsi uçundururdu qəlbimi, bütün içimi ki, həsrətində idim o sevginin, hansı ki, ilk dəfə qəlbimi yandırıb-yaxmışdı, hətta qəhvə dəmləyən qadının Sambadromdan okeanın üstündən keçib Mulen Ruja qədər eşidilən gülüşləri də sakitləşdirə bilməzdi içimi. Yaşamaq istəyirdim qardaş, bilirəm ki, o gözəllik, o hisslər bir də gəlməyəcək, çünki gəlməsi də mümkün deyil, hansı ki, xəyalımda qurmuşdum Məryəmimi də, yarıçılpaq Braziliya qızlarını da.
-Həkim, sakitləşin, guya kim dəyişmir ki…Bu, təbiətin qanunudur.
-Təsəlli vermə, onsuz da “səbirli ol” deyə-deyə mənəviyyatımı da qocaltdım. Cavanlıqda poçtalyon olmaq istəyirdim, məktubları payladığım adamların sevincini, kədərini içimdə daşımaq arzusundaydım, ilk maaşa alacağım sırğanı anamın qulaqlarına taxmaq , sonra güzgü qarşısına dartıb arxadan çiyinlərini qucaqlamaq, “ay bala, payın artıq olsun” sözlərini eşitmək, ertəsi günlər yenidən məktub daşımaq, məktub sahiblərinin taleyini yaşamaq idi arzum, qardaş.
-Həkim,özünüzü ələ alın. Nə dəyişilmir ki…portuqalların Cənubi Amerikaya apardıqları qaradərili qulların oynadığı embolada məgər sonra batuka, sonra lunduya, sonra zemba kueka, sonra maksisə, sonra sambaya çevrilmədimi? Adi rəqsin dəyişilməsi fonunda insan dəyişilməsinmi?
-Xahiş edirəm sözümü kəsmə. Acıla, məsxərəyə qoy, amma rica edirəm dinlə məni. Onsuz da daha dinləyənim yoxdur, özlərini müasir adlandıran balalarımı yedirtdim-içirtdim, oxutdum, evləndirdim, amma dinləmə qabiliyyətini öyrədə bilmədim. Dinləmə qabiliyyətləri olmadısa, uğur qazanmaları çətinlik yaradacaq belimdən gələn balalarıma.
-Həkim, icazə versəydiz gedərdim.
-Sakit bir sərv meşəsi, içində balıqlar qaynaşan kiçik gölümün olmasını istəyirdim. Səhərin gözü açılmamış, torla tutum onları, su dolu vedrələrə doldurum, sonra yol kənarına çıxarıb paylayım adamlara, onlar da quyquqlarını hələ də şappıldadan canlılara baxıb uğunub getsinlər, kişilər minnətdarlıqla əl verib sağ ol desinlər, gəlinlər-qızlar üzümdən öpüb qulağıma pıçıldasınlar ki, “sənin kişi ətrin bizi məst edir, çox qaynarsan”.
-Həkim…həkim…ay həkim, deyirəm bəlkə gedim?!
-Yüz kilometrlərlə məsafə qət edib gül-çiçəkləri tozlandıran, müqəddəsliyə imza atan arı həyatı qədər də olmadı həyatım. Bir həkim kimi dünyada hər gün aclıqdan onlarla uşağın ölməsini də dayandıra blmirəm. Uzaq Ərəbistan səhralarında neft çıxarıb bəhrəsini görməyən sadə ərəbin mürtəcenin sifətinə zillənən yanıqlı-yanıqlı baxışlarını da sevincə çevirməyi bacarmadım.
Həkim hönkürür, susur, hıçqırır, sonra yenidən hönkürürdü. Sükut yarandı. O, süküt etdi. Bayaqdan onu dinləyənin nəfəsinin gəlmədiyini duydu. Arxaya çönəndə pasiyenti görmədi. Nə vaxt getdiyini hiss etməmişdi.
Qrafindən su töküb əl-üzünü yudu. Güzgü qarşısına keçib camalına baxdı, gözlərinin üstündəki qızartı bir az əvvəl ağlamasından xəbər verirdi. Pencəyini geyindi, telefonla zəng çaldı:
-Salam kolleqa. Yanınıza gəlmək olar? Bilirsiz, mən dəyişilirəm.
SON 1996