… bu yolda
Toz oldum, daş oldum, düşdüm-itdim ki,
Əyildi, oxşadı yola qəddim ki…
O qədər üstündən keçib getdim ki,
Bu yola yazığım gəldi bu yolda.
Sil alın yazını… sil, varıydısa,
Bəs hanı bu yolda gül varıydısa?…
Dünyada nə qədər yol varıydısa,
Gəlib burdan keçdi, öldü bu yolda.
Yolçusu kim oldu sonda düz yolun?!
Gör harda azdırdı səni SÖZ yolun…
Bu da ömür yolun, bu da öz yolun –
Ağla di bu yolda, gül di bu yolda!
Bu qız
Ömrünü illərə sərdi,
Göyərdi “Vağzalı” dərdi,
Əyilib tikanı dərdi,
Çiçəyi dərmədi bu qız.
Uçurtdu Allah payını,
Sarıdimdik qağayını…
Qısmətinin sarayını,
Tikmədi, hörmədi bu qız.
Bitdi nağılın yarısı,
Getdi ağılın yarısı…
Açıldı bəxtin qapısı,
İçəri girmədi bu qız.
Dağın küləyindən keçən,
Eşqin bələyindən keçən,
Hər gün ürəyindən keçən,
Gündüzü “görmədi” bu qız.
Mənim küçələrim üşümür daha
Baxdı neçə-neçə şeirlərimə,
İstədi don biçə şeirlərimə,
Köçdü küçə-küçə şeirlərimə,
Mənim küçələrim üşümür daha.
Bu yükə toxunma, daşıyan mənəm,
Bax, ölən-dirilən, yaşayan mənəm,
Nə yaxşı, elə tək üşüyən mənəm…
Mənim küçələrim üşümür daha.
Dərdim bu dünyanın çiyninə deyil,
Sözüm küçələrin əyninə deyil,
Dizəcən yağan qar eyninə deyil,
Mənim küçələrim üşümür daha.
Qəlb yanar, özünü vurdusa közə,
Ürək lazımdır ki, tablaya, dözə.
Ta deyə bilmirəm: “Dur gedək bizə”…
Mənim küçələrim üşümür daha.
Bu necə ömürdü, bu nə pay, Allah?
İtirdim hesabı, özün say, Allah…
Allah, sənə şükür, şükür, ay Allah,
Mənim küçələrim üşümür daha!
Anam, bəxtəvər başına
Hanı bu bəxtin hakimi?
Oğulsan apar Yükümü…
Ömrüm boyu dəniz kimi,
Qabarmışam, çəkilmişəm.
Gəldimsə Dərdin xoşuna,
Məni burax özbaşıma,
Anam, bəxtəvər başına,
Böyümüşəm, yekəlmişəm.
Səs salma, haldayam, adam…
İçimdən gələn haydayam,
Doğulandan bu boydayam,
Öz ruhuma tikilmişəm!
Gündüz SEVİNDİK