.....

.....

“Bir qış istəyirəm” -Lalə İsmayıl (şeirlər)

“Bir qış istəyirəm” -Lalə İsmayıl (şeirlər)

Bir qış istəyirəm

Bir qış istəyirəm üşüdüyümdə,
Qarına bələnim, isitsin məni.
Buz tutmuş damında əridiyində,
Ağlayan damlalar kiritsin məni.

Bir qış istəyirəm, bölüb yuxumu,
Mənə qorxunc nağıl danışsın külək.
Odun sobasında boğub qorxumu,
Oynatdığı odda alışsın külək..

Bir qış istəyirəm, anam dizinə-
alaraq başımı, tumarı çəksin.
Üzündən yağan nur axsın gözümə,
Əlinin istisi xumarı çəksin.

Bir qış istəyirəm ata nəfəsi
Dolub evimizə, yaysın incisin..
Atılsın boynuna oğul nəvəsi,
Baxıb, qız nəvəsi küsüb, incisin..

Bir qış istəyirəm yenə, “beş bacı
Və iki qardaş”ın ötsün nağılı..
Nənə aynabənddə qalasın sacı,
Qovurub buğdanı, qatsın noğulu.

Bir qış istəyirəm, bax elə belə,
Nə lampası sönsün, nə qar dayansın..
Canavar şəkili çəkək kölgəylə,
Divarda nağıllı tablo dayansın.

Bir qış istəyirəm sopsoyuq, bumbuz,
Donsun navalçalar, itsin cığırlar.
Göylərdən torpağa ələnsin ulduz,
Uşaqlar çığırsın, “ulduz yağır qar!”

Bir qış istəyirəm, gecəsi dümağ,
Səhəri ağ üstə zər səpələnsin.
Qələm haqq əlində, təbiət varaq,
Çılpaq ağaclarda qar təpələnsin.

Qardaşım İsmayıl İsmayılov’un əziz xatirəsinə.

Şimşəkdən yoğrulub, tufandan doğan ,
Ömrü burulğandan keçən İsmayıl.
Qara- şər qüvvəni yerində boğub,
Alovdan donunu biçən İsmayıl.

Candan əziz bilib daşın, gilin də,
Danışdı namərdlə mərdin dilində,
Bir ovuc torpağı alıb əlində,
Vətənə andını içən İsmayıl.

Hər kəsdən seçildi səxavətiylə,
Dosta, qardaşlığa sədaqətiylə,
Savaş meydanında şücaətiylə,
Ərlik məktəbini keçən İsmayıl.

Sevdilər cavanlar, qocalar onu,
Sevdi oğul kimi, analar onu,
Çox çətin ki, daha danalar onu,
Adı körpələrə keçən İsmayıl.

Qısa ömür yolu şərəf, şan oldu,
Sevdi, sevgisində pərişan oldu,
Adı bu dünyada tək nişan oldu,
Əbədi qəlblərə köçən İsmayıl.

Harayı dağlardan qayalar aldı,
Ölümü titrətdi, qorxuya saldı,
Şəhid zirvəsinə qalxdı, ucaldı,
Məkantək Cənnəti seçən İsmayıl.

Gözləri qapıda gözətçi anamın, anaların dilindən

Viranə yurdunda bayquş ulayır,
İllərdir ağlayır ney, qayıt bala.
Sən Allah nigaran öldürmə məni,
Bir kərə qapımı döy, qayıt bala..

O qız yol gözləyir, hər gün ağlayır,
Başına göy örtüb, qara bağlayır,
Yasını ellərdən pünhan saxlayır,
Bəylik libasını gey, qayıt bala..

Yuxu da əl çəkib mən tək fağırdan,
Hər gün gözlərimdə batıb, doğur dan..
Göz yaşım üzümə salan cığırdan,
Həsrətin qəddini əy, qayıt bala..

Səni itirdiyim dağda gəzirəm,
Tufanlı, yağışlı çağda gəzirəm,
Səni sağ düşünüb, sağ da gəzirəm,
Gözləyir Yer, qayıt, Göy, qayıt bala..
Ver mənə bir kərə “heyy!” qayıt bala.

Bilirsiniz, mən Xocalıya getmişdim…

Sən qəmkeş, mən xəstə, yaralı balan,
Gəzirəm, sinəmdə xal ay Xocalı..
Sığınıb köksünə, qoynunda qalam,
Gəlmişəm, laylamı çal ay Xocalı.

Özümə özümdən düşdüm didərgin,
Dolaşdım pərişan, sərgərdan, gərgin..
Səni qıbləm bilib, üz tutdum hər gün,
Yaralı könlümü al ay Xocalı.

Göz yaşım köksündə alıb dəmini..
Yol göstər, yolumun tapım çəmini..
Dəryazla daranan yaşıl zəmini,
Dil deyib, oxşayım, çal ay Xocalı…

Nə deyim mən səndən, axı nə yazım?
Tufanlar qoynunda dinərmi yazım?
Bir gülsə üzümə kür alınyazım…
Olmuşam dilbilməz lal ay Xocalı..

Gözlərim yol çəkib gözünün üstə,
Canımdan qan düşüb üzünün üstə,
Gəlmişəm baş qoyum dizinin üstə,
Uyuyum, başımda qal ay Xocalı.