Mənim ürəyim
Hər payız dərdimi pıçıldayaraq,
Tökülür ağacdan sapsarı yarpaq.
Dinlə, o həsrətlə səslənən qovaq,
Mənim ürəyimdir, mənim ürəyim.
Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.
Üzlərdə, gözlərdə sevgi oxunur,
Məhəbbət ürəkdən-ürəyə qonur.
Gözəllər gözündə o atəş, o nur
Mənim ürəyimdir, mənim ürəyim.
Bulağam, suyumdan doyunca için!
Çəmənəm, mehriban-mehriban keçin!
Min çiçək içindən bir lalə seçin-
Mənim ürəyimdir, mənim ürəyim.
Şairin qəlbində min bir dilək var,
Çələng toxumağa gül var, çiçək var.
Nə qədər dünyada sevən ürək var,
Mənim ürəyimdir, mənim ürəyim.
***
İllər gəldi, təzə – təzə
İşıq verdi qəlbə, gözə
Düşdu bizim bəxtimizə,
Məşəl kimi, yanan ürək.
Xalqın, elin, diləyidir,
Vaxtın, əsrin, gərəyidir.
Ürəklərin, ürəyidir.
Məşəl kimi yanan ürək..
Sözü doğma, özü əziz,
Göylər işıq, səma təmiz.
Oldu nurlu talleyimiz.
Məşəl kimi yanan ürək.
İllər gəlib, parlaq – parlaq
Çiçəklənib ana torpaq
Sabahlara yol açacaq
Məşəl kimi yanan ürək.
İstə
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.
Mənə ulduz boyda ulduz işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.
Dəniz, göy, məhəbbət
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.