***
Qayıdıb qəlbimə nur saldı məhəbbət yenidən,
Deyirəm, bəlkə gəlir, ömrümə qismət yenidən.
Bu cahan mülkünə məbəd elədim sevgimizi,
Aparıb həsrəti, gəlsin daha vüslət yenidən.
Daha aləmdə sevən ruhumu incitməyəcəm,
Yaradandan gələcəkdir mənə sərvət yenidən.
Sənə qəlbimdə, əzizim, tikərəm xanə özüm,
Bunu isbat edərəm, ver mənə möhlət yenidən.
Bilirəm, dərdü kədər dolmasa qəlbim, daş olar,
Sığa bilməz bu qədər köksümə zillət yenidən.
Dözürəm mən bu məşəqqətlərə, sən anlayasan,
Gələsən, yar, verəsən sevgimə qiymət yenidən.
Gözümün yaşı çətir eylədi kirpiklərimi,
Dayanıb gözləyirəm, yar gələ xəlvət yenidən.
Bilirəm, anlayacaq səhvini bir gün dönəcək,
Mənə yar göstərəcəkdir özü rəğbət yenidən.
Səni, Lilpar, unudan yar qayıdar ömrünə tez,
Görüşərsən, eləyər qəlbinə dəvət yenidən.
***
Bu xəzan içində, ey dil, saralan çiçəkdi ömrüm,
Yorulanda dərdü qəmdən, bilirəm, nə çəkdi ömrüm.
Ötüşübdür aylar, illər, nə qədər keçib fəsillər,
Elə bil yağan yağışdır, qurudan, küləkdi ömrüm.
Gələcək ölüm qəfildən, susacaqdı qəmli könlüm,
Çıxacaqdı can qəfəsdən, uçacaq, lələkdi ömrüm.
Məni sorsan axirətdən, deyəcək gəlib mələklər,
Ayıran səvab-günahın, əliyən ələkdi ömrüm.
Mənə gün yazan Xudadən, daha istəyim yox, ey dil,
Üzülən ipin ucundan yapışan fələkdi, ömrüm.
Bu fəna cahanda bir gün, üzümüz gülər demişdim,
Sonu daş qəfəsdə cismin bürüyən, bələkdi ömrüm.
Hələ yazma böylə, Lilpar, döyünən ürək dayanmaz,
Nə qədər ki, arzular var, yaşasın, gərəkdi ömrüm.
***
Yarımın həsrəti qəlbimdə yuva saldı yenə,
Bilməyir, canımı yar, qüssə-kədər aldı yenə.
Baxıram pəncərədən, bəlkə vüsalım qayıdar,
Köksümün altı haçandır qaralıb, xaldı yenə.
Nə biləydim solan eşqin açı bir möhnəti var,
İçə bilsəm bu məhəbbət deyərəm, baldı yenə.
Nəyi vurdum, nəyi böldüm qədərin bilməmişəm,
Bitən eşqim bu hesabatda kəsir qaldı yenə.
Gedirəm, ömrümü verdim payızın əllərinə,
Mənim artıq bu həyatımda nə var, aldı yenə.
Məni sevdaya nədən saldın axı, ay ürəyim?
Mənim eşqim əyə bilmir budağın, kaldı yenə.
Nə qədər ahü fəğan etsə də, Lilpar, qəlbin,
Özü eşqin bu rübabın götürüb çaldı yenə.
***
Mənim, ey vəfasız aşiq, yenə birtəhərdi qəlbim,
Darıxır, çapır bayaqdan, elə bil kəhərdi qəlbim.
Elə çırpınırsan, ey dil, tuta bilmirəm də nəbzin,
Çıxaran bu dar qəfəsdən səni bir nəfərdi, qəlbim.
Yenə bir tufan qopardın, sən Arazla, Kür deyilsən,
Toxunanda əsdi rüzgar, bozaran Xəzərdi qəlbim.
Doğacaqdı Ay səmadən, gecənin qaranlığından,
Yenidən çəkilsə zülmət, görəcək səhərdi qəlbim.
Yığılan nə qədri qəm var, sənin həsrətindir, ey dil,
Səni incidəndə möhnət, yenidən küsərdi qəlbim.
Qayıdıb gələrsə vüslət, deyərəm, güləndə çöhrəm,
Sevinib qabardı köksüm, ucalan şəhərdi qəlbim.
O cavanlıq illərindən, nə qalıb yadında, Lilpar?
Bu qədər ki, xatirəm var, yazılan əsərdi qəlbim.
***
Mən sənə, ay bəxtəvər, sevgili yarım dedim,
Gövhərü ləl’im dedim, dövlətü varım dedim,
Şaxta düşüb, qar yağıb, gör necə bir haldayam,
Bəlkə zimistan gəlib, soldu baharım dedim?
İndi bəyaz tellərim, taleyimin rəngidir,
Bəxtimə gün göndərər, yağmasa qarım dedim.
Gəldi yenə ayrılıq, sol tərəfim göynəyir,
Var çoxalan möhnətim, leyli-naharım dedim.
Pəncərədən gördüyün, qızdan əsər qalmayıb,
Ruhuma yol bağlanıb, yoxdu güzarım dedim.
Ömrümü Allah verib, qəlbimə qan göndərib,
Eşqə düşən bəndəyəm, vardır azarım dedim.
Sən məni öldürməsən, xəstələnib ölmərəm,
Lilparı göndərmisən, yoxdu məzarım dedim.