Zavallı Göyərçinlər
“Budağa qonub uzun dimdiyini ona tərəf uzadaraq yavaşca:
– A bədbəxt quş, zamanə çox dəyişibdir. İndi mənim kimi sağsağanların dövrüdür. Sənə qonşu kimi bir məsləhət verim, nə qədər ki, acınızdan gəbərməyibsiniz, uçun gedin buralardan, yazıqsınız. Sizə görə, yazıq adamlar da əziyyət çəkirlər. Heç olmasa onları düşünün.
Ala Sağsağanın bu sözlərindən sonra Çil göyərçin qanad çalıb yuvasına qayıtdı.
Quşlar yuvada onu gözləyirdilər. Çil göyərçin məyus-məyus quşlara nəzər yetirdi. Quşların hamısı gözlərini onun gözlərinin içinə dikib nə baş verdiyini öyrənmək istəyirdilər.
Çil göyərçin asta-asta başını qovzayıb dedi:
– Yığışın, bu məkanı tərk edib gedirik!..
– Niyə?!.. – quşlar yerbəyerdən civildəşdilər.
– Ona görə ki, deyəsən, insanlara əmin-əmanlıq lazım deyil. Onlar sülh istəmirlər. Sülh olmayan yerdə isə, xeyir-bərəkət, dinclik olmur, əzizlərim. Əmin-əmanlıq olmayan yerdə isə, bizə ehtiyac yoxdur, – deyə Çil ata göyərçin dərindən köks ötürdü.
– Bəs, onda biz hara uçaq? Axı, hər yerdə qanqadadır, müharibələr gedir. Şərqdən tutmuş qərbə, cənubdan tutmuş şimala qədər dünyanın hər yerində od-alov yağır, insanlar bir-birlərinin qanını tökürlər, – deyə Kəkilli ayağı xınalı ana göyərçin kövrəldi.
Çil ata göyərçin xırıltılı, boğuq səslə:
– Elədir. İndi hər yerdə insanlar bir-birlərinə qənim kəsilibdir, bir-birlərinin qanını tökürlər. Dünyanın bu qədər nizamsız, təlatümlü vaxtı olmamışdı. – Mənə qulaq asın, hamı eşitsin! – deyə Çil ata göyərçin səsini ucaltdı:
– Biz göy üzünə uçuruq, açıq səmaya. Bizim yerimiz hələlik ora olacaqdır. Gücünüz çatdığı qədər dözün, qanad çalın, bizim başqa çarəmiz yoxdur. Öləriksə, qoy səmada, mavi göylərdə ölək, adımıza layiq, Sülh göyərçinləri kimi…
Göyərçinlər qanad çalıb havaya qalxdılar. Açıq səmada onlar dövrə vuraraq, çox xoşbəxt görünürdülər…”