Zimhəri (11-ci hissə)
Qamətin üçünə gələn bir dəstə “gödənyırtan”(Qarışqanın bibiləri və əmidostularına el arasında belə deyirdilər) dəvətsiz,məsləhətsiz hələ də aqibəti bəlli olmayan 555-in evində “lövbər salıb” dilsiz-ağızsız arvada kovxalıq eləməyə başlamışdı.Onların bağıra-bağıra danışmağı,qonşudakı hüzür yerini belə saya salmadan hırıldaşmağı iki dünya arasında tərs dəyirman kimi fırlanan Qarışqanın canını boğazına yığsa da heç nə demirdi.Hələ balaca olandan anası uşaqlarını “bibilərin qabağından dinməyin haa” deyə necə tənbehləmişdisə heç biri bu özünü,sözünü bilməyən,adları qadın,özləri erkək atdan betər məxluqların yanında səsini çıxarmırdı.
Elə yazıq ana da Bikə arvad demiş “zıpa irtməyi qoparan harsınlar”ın əlində qalmışdı.
Qarışqaya təəccüblü gələn o idi ki əmisi arvadları da bibilərin tayı idi,iki elti,iki baldız bir dənə boşanmış, əmiqızı,bir dənə yaşı qırxı keçib evdə qarımış baldız qızı (o hamısından yaman idi) hamısı elə bil bir həyətin hinduşkalarıydı,anası yazıq da yad həyətdən azıb gəlmiş yetim cücə
çatan bir dimdik vururdu.O yazıq da dinməz-söyləməz başını aşağı salıb evin içində yalandan-gerçəkdən qurdalanır,
arada bu abırsız yığınının bir-biriylə elədiyi murdar zarafatlardan qızarıb bayıra çıxmaqdan başqa əlindən bir şey gəlmirdi.
Atası evdə olanda onların heç biri həyət qapısından içəri keçmirdi.
Kişi bacardığı qədər ailəsini,uşaqlarını onlardan uzaq tutmağa çalışırdı həmişə.
İndi isə topayla gəlib doluşmuşdular,elə bil sevinirdilər kişinin yoxluğuna.Bütün günü bir-birinə elə sözlərlə müraciət edirdilər eşidəndə adamın əti tökülürdü.
Hələ bu azmış kimi qapı -qapı sülənən pəltək qardaşları özlərinə oyuncaq eləyib əylənirdilər.
Uşaqları küçədə görən kimi Xurşud adlı atsifət pəncərəni açıb çağırırdı:
-Ay sizi doğanın a……na lom girsin gəlin sizə şokalad verəcəm.
Onlara da mahna tapılırdı,itələşib özlərini içəri salırdılar.
Çantalarından,döşlərinin arasından (Qarışqa başa düşə bilmirdi konfetin liftçiyin içində nə işi olduğunu,heç vaxt da bilmədi) əriyib yapışmış konfetləri çıxarıb uşaqlara yedirəndən sonra öz abırsız mahnılarını onlara da öyrədirdilər.
-Ədə,qanına batasan gəl sənə söz öyrədim gedib qaçqınların məhəlləsində oxu gəl yenə konfet verəcəm.
Qaçqınlar dediyi iki qardaş idi bir qoca anaları,hərəsinin iki-üç uşağı bir də arvadlarıydı kəndin lap axırında balaca,yiyəsiz evə yığışmışdılar.
Adları Səməd və Mirməmməd olan qardaşlar onun-bunun həyətində işləyib əvəzində arpa,buğda,kartof,bir sözlə kim nə versə alıb birtəhər balalarını dolandırırdı.Deyilənə görə Kəlbəcərdə yaxşı imkanları,ev -eşikləri var imiş,qaça-qaç düşəndə heç nə götürə bilməyiblər quru canlarını güclə qurtarıblar.
İndi bu hədisizlərin lağ yeri olmuşdular.
Yekə arvadlar üzləri qızarmadan bəzəmə qoşurdu yazıqlar:
-Ay Səmədin uşaxları
Qıl qatmadan qurşaxları.
Əyildilər su içməyə
Göründü d…..ları.
Boşanmış Fatma stolun üstünə vura-vura oxuduqca o biriləri qəşş edib yıxılırdı.
Sonra başını qıpqırmızı boyamış qart xoruz başlayırdı:
-Arpa yeyib qır s…r külfəti Mirməmmədin,
Samalyotdan görünür ağ g…ü Mirməmmədin.
Bəzəmələrini misraya çevirən kimi də
Kəköyün uşaqlarına öyrədirdilər onlar da gedib uçuq evin yanında oxuyurdu.
Bir səhər heç vaxt kənd içinə çıxmayan qaçqın qarı əllərini arxasında birləşdirib əyilə-əyilə düz qapıya gələndə Qarışqa ilə anası xəcalətdən qaçıb zirzəmiyə girdi.
Qarının ağlaya -ağlaya dediyi sözlər də onların dalınca.
-Biz qaçqın düşəndə ən birinci bu qapıya gəldik,düz yazacan bu damın altında,ocağın istisində,süfrənin qırağında oturduq.O kişinin çörəyini yedik,oğullarım özünün,nəvələrim balalarının,gəlinlərim arvadının paltarını geyindi,ayağımdakı qaloşdan başımdakı şalacan o kişinin aldığıdı ona görə də sizə heç nə demirəm,bircə onu deyirəm qara daşın murazını verən Allah tez əldən o kişinin sağ xəbərini gətirsin.Ancaq bir şeyi bilin ki,Səmədnən Mirməmmədin uşaqları da bir vaxt beçə balına,sarı yağa naz eləyirdi,onların geydiyini sədrin uşağı geymirdi.Yekə arvadlarsınız başınız bir yana bükəcəyinizin tükü ağarıb Allahdan qorxusuz,quldan həyanız yoxdu,öz ayıbınıza kor olun bir nəslin yox ey bir elin başının tacı,dalının daldası necə olub bilən yox siz oturub mənim zılğalarımı bəzəməyə qoyursuz?Heç nə demirəm siz bilin Allahınız bilsin.
Arvadın ağlar-göynər səsi kiriyən kimi dəmir küçə qapısı taqqıldadı.
Zirzəmiyə təpilib xəcalətdən tər tökən ana-bala bayıra çıxanda abırsızların yenə yaz vaxtı küçələrə tökülüşən itlər kimi hırıldaşdığını görüb mat qaldı.
Elə Kəköyün uşaqları da onlardan geri qalmırdı:
-Ay Səmədin uşaxyayı,
Qıy qatmadan quyşaxyayı.
Həmin an bu kirli-pasaqlı,həmişə fırtığı axan yumru uşaqlar qədər murdar məxluq yox idi Qarışa üçün.
Soyuqda qalmış kaman siminə dönmüş əsəblərinə elə bil qəfilcə mizrab vuruldu
o gündən darvazanın arxasında qalan səbətdəki qurdlu armudları qucağına yığıb uşaqları “atəşə tutdu”.Gözlənilməz həmlədə qorxuya düşən uşaqlar qışqıra-qışqıra evlərinə qaçdı:
-Ay dədə qoyma,Qayışqanın cinnəyi tutub.
-Ay nənə gəy,başım paytdadı.
Kəköylə arvadı özlərini yetirənəcən səbətdə armud qalmamışdı.
Hələ də ürəyi soyumayan Qarışqa qalan acığını Kəköy Elşənə tökdü :
-Ə Allah vurmuş, küçüklərini sal pininə,atamın əziz canına and olsun harda gördüm leşlərini sərəcəm.Əə səni qan qusasan, öz günün yadından çıxıb?Bir əlçə çörəyi cirəylə verirdilər ey sənə yazıq Gülbuta olmasaydı ölüb cəhənnəm olmuşdum indi.Onun da başını yedin .
(Elşənin ögey anası da ölmüşdü artıq).
Kəkəməsi çoxdan keçib kişilər cərgəsinə qarışan Elşən qızarıb-bozardı amma səsini də çıxarmadı,başını aşağı salıb lal-dinməz dayandı.Qarşqa həyətdən çıxar-çıxmaz nar çubuğuna çəkilən uşaqların fəryadı məhəlləni başına götürdü.
Adətən bir səs gələndə yığışan qonşular üzlərində xoş təbəssüm çəpərlərin üstündən baxmaqla kifayətləndilər.
Həmin gün axşamacan “erkək atlar”da kişnəməyə ara verib xısın-xısın elə hey pıçıldaşdılar.
Səhəri gün qaçqınlara üzürxahlığa gedən Qarışqa evə qayıdanda xalalarını və dayısı arvadını da evdə görüb “yəqin anamı bunların əlindən qurtarmağa gəliblər”deyə sevincək irəli yeriyib görüşmək istəyəndə açıqlı,ikrahlı baxışlarla qarşılaşıb duruxdu.
Bir ev dolusu arvad ov görmüş yırtıcı kimi gözlərini ona zilləyib hücuma hazırlaşırdı.
Anası divarın dibində büzüşüb müqavva kimi oturmuşdu.
-Noolub ana,ağrıyırsa?-deyə ona tərəf getmək istəyirdi ki kişi əli kimi kobud,uzun dırnaqlarına qan rəngli lak çəkilmiş bir əl onu “caynağına”taxıb geri çəkdi:
-Aaz səni qoyub gedəni onnan da o yana getsin,bizim üzümüzü yerə düşürmüsən sən?
Bibisinin həmləsinə cavab verməyə macal tapmamış qalanlar da irəli şığıdı,hər ağızdan bir avaz,hər üzdən bir nifrət püskürdü canı əriyib,kölgəsi qalan binavanın üstünə.
-Hələ bu nəsildən ad batıran qız çıxmayıb eey,a səni zəlil qalasan.
-Aaz bəlkə də yazıq kişi sənin əməlini bilib özünü gölə atıb ki heç ölüsü də tapılmır.
-Ay səni parça-parça olub,tikə -tikə doğranasan,namusu itə atıblar it yeməyin ee.
Xalasının naləsi lap bağrını yardı:
-Yanıram,yanıram ay ellər ,yazıq bacımın əziyyəti zay olub.Bu günü zindan olmuş başını qırxıb özünü balkonnan atanda dalağım sancmışdııı.
Daha dözə bilməyib :
-Ay xala-deyə qışqırdı-axı mən neynəmişəm,nə üstümə düşmüsünüz?
Xalası iki əlli yanağını cırıb yerə çökdü:
-Aaz day bundan artıq neynəyəcəksən,arı yeyib,namusu artıq eləmisən,o gorbagor köpəyoğlunnan elədiyin qələt azdı?
-Ay xala nə qələti,nə deyirsən sən?
Yenə bibi özünü qabağa soxdu:
-Nə qələt hələ,güya bilmirəm niyə ərə getmədiyini,niyə özünü cinniliyə,xəstəliyə vurduğunu.O erməni əlində it balası kimi ölən kəlləsinə s….ğım ləkələməyib səni?.
Aman Allah,bunlar nə danışırdı?
Əlini qaldırıb qorxa-qorxa,tək bircə dəfə son gördüyü gün leytenantın əlinə toxunan barmaqlarına baxdıb qəhərli səslə:
-Allaha and olsun mən ləkəli deyiləm-dedi-necə diliniz gəlir belə danışmağa,inanmırsız həkimə aparın.
Bu dəfə dayısı arvadı iki əlli başına çırpdı:
-Booy ay Allah mənə ölüm ver “qarğa məndə qoz var”deyin bilməyənə də bildirək? Eybin yoxdusa bu qədər istəyənin birinə get də.
-Həə sizin qarnınızın ağrısı buymuş,onu yuxuda görərsiz?
Bu sözləri eşidən əmiarvadı əl çala-çala ortalığa düşdü:
-Ala di,bax gördüz mən deyəndi,budeeey Fatma öz gözüynən görüb tapcanadakı alçanın dibində.
-Vallah-billah,nəyə deyirsiz and içirəm,bizim aramızda heç nə olmayıb.
-Səsini kəs, Allahın adını alma ağzına Ləzgi balığından düşən qəhbə.
Bu sözləri eşidən anası dizlərinə çırpıb ağladı:
-Ay Nisə sən ölənlərinin goru bəsdirin.
-Nə bəsdi ay qoyun,elə günahın yekədi səndədir.
-Sənin verdiyin tərbiyyə bundan artıq olmayacaqdı ha.
Onu buraxıb anasının üstünə düşəndə Qarışqa dözmədi yetirib yerdə büzüşmüş arvadı qucaqladı:
-Ağlama ay ana,qoy atam gəlsin bunların əməllərini bircə-bircə deyəcəm ona.
Bibi yenə kükrədi:
-Paaah atasıymış,itdən küçük tutublar özünü adam sayıb-sonra barmağını anasının gözünüə soxarcasına əmr verdi:
-Küçüyünü qoy qabağına,danış,elə eləmə
el içində g..ü ağacdı eləyim səni.
Xalalar da bibilərə qoşulub anaya bir yığın söz deyəndən sonra birlikdə qapıdan çıxıb harasa getdilər.
Evi birdən -birə bürüyən ölü səssizliyindən üşənən Qarışqa başını anasının dizlərinə qoyub uşaq kimi ağladı.Qadın titrəyən barmaqlarını onun qısa saçlarında gəzdirib:
-Gərək saçını kəsməyəydin-dedi-məni bu dilbilməzlərin qabağında çarəsiz qoymayaydın.
Başını qaldırıb anasına baxanda baxışlarındakı şübhəli sual iliklərinə işlədi “düz deyirlər?”.
Bu baxışlar bir ev dolusu cahil arvadın dağ götürməz sözlərindən qat -qat ağır gəldi ona.
İki gün ana -bala küsülü kimi lal-dinməz gəzdi evin içində.Ananın qurduğu süfrə əl dəymədən yığışdırıldı iki günün üç öyünü.
Bu lal yaşam bəlkə də ömür boyu davam edəcəkdi qaynayıb kükrəyib gedən xala qazı alınmış halda gəlməsəydi.
Xalanın köhnə sakitliyini,mehribanlığını görəndə həm sevindi,həm də kövrəli Qarışqa,anasının isə necə deyərlər heç tükü də tərpənmədi,oturduğu yerdən peşman-peşman baxdı eləcə.
Xala qolunu qızın boynuna salıb hər iki üzündən öpdü:
-Xalan canına qurban,gəl düşüb xala-bala bir az bağda hərlənək,çoxdandı söhbətləşmirik.
Elə bil iki gün əvvəl bir sürü həyasıza qoşulub onu abırdan salan adam qeyb olub yerinə başqası gəlmişdi.
Çevrilib anasına baxdı yəni ,,nə edim?”
Ana çənəsini irəli uzatmaqla “get”işarəsi verdi.
Böyük bağın lap axırında cərgə ilə əkilmiş ağcaqovaqların dibinəcən kirimişcə gəldilər.
Xala gövdəsini ala-tala qaramtıl ləkələr basmış ağaca söykənib gözlərini qıyaraq bir xeyli uzaqlara baxdı,deyəcəyi sözü özlüyündə saf-çürük elədiyi aydınca hiss olunurdu.
Ağacdan pırıltı ilə uçan iri “zağca” xalanın “dilinin kilidi”ni də qırıb özüylə apardı:
-Bax xalan qurban,bilirəm xətrinə dəydik,amma soyuq başnan fikirləşsən bizə haqq qazandıracaqsan.Dilə-dişə düşərik atan da yoxa çıxıb,bacıları gördün də nə dedilər ? Camaatın ağzına söz salsalar bizi daş-qalaq eləyərlər.
Haqsızlıq qarşısında aciz qalan Qarışqanın heyrətdən təkcə boğazı yox gözünün yaşı da qurumuşdu.Xalanın isə susmaq fikri yox idi:
-Bax bala,bu yaşata bir damcı ögey münasibət görmüsən bizdən?”Görmüşəm”deyə bilməzsən ona görə ki,səni doğmalardan çox əzizləmişik.
Xalanın sözləri buza dönüb qulaqlarından bütün bədəninə yayıldı:
-Necə yəni “doğmalardan”?
-Atan heç birimizə imkan verməyib sənə deyək,əslində sən övladlıqsan,bacımın körpəsi ölmüşdü sənin də ata-ananın ermənilər öldürmüşdü,təzə yeriyirdin,hələ danışa da bilmirdin.Yeznəm meyidlərin içindən tapıb evə gətirmişdi səni.Anana verdi ki “day ağlama,Allah bir balamızı apardı,əvəzində başqa bala verdi”.O vaxtdan da səni ölmüş uşaqlarının yerinə qoyub naz-nemət içində böyütdülər,bir dediyin iki olmadı indiyə qədər,amma neynəyəsən ki,qaramatlığın indi də bacımın üstünə düşdü,başının böyüyü getdi,yaxası dartan-yırtan əlində qaldı.
O bir qardaş bacının hamısı ev,ailə yiyəsi olub sən də evlənmədən bu qancıqlar səni rüsvay eləməklə qalmaz,yazıq bacımın da,o bir uşaqlarını da el içində itdən düşmüşə göndərəcəklər.Sən onların gözündə qardaşlarının mirasına yiyə çıxandan başqa bir şey deyilsən.Bax budu sənə deyirəm,bacımın,yeznəmin o boyda haqqı var üstündə,bu boyda haqqın qabağında səndən bircə şey istəyirik ailə qur,vəssalam.
Xalası nələr danışırdı? Bu qədər yalan olardımı,yoxsa indiyə qədər yaşadığı həyatı yalan idi?.
Sinəsi daraldı,nəfəsi kəsildi,ətrafa boylanıb kömək axtardı,kiminsə böyürdən çıxıb “xalan düz demir ” deməyini arzuladı.
Səssiz addımlarla gələn anasını görüb üstünə yüyürmək, təsəlli tapmaq istədi :
-Ana, görürsən xalamı, məni aldadır ki,
-Xalan düz deyir-deyə anası sözünü kəsdi-bilidim ki inanmayacaqsan amma atamın-anamın goru haqqı düz deyir.
-Ay ana-dedi, səsi qırıla-qırıla
-axı sən mənim anamsan,lap xalam deyən kimi ögey olsan da əziyyətimi çəkmisən, axı sən mənə öğey olmamısan.
-Ananam, həmişə də anan olaraq qalacam, amma daha səni yanımda saxlaya bilmərəm, sən mənim üzümü yerə əydin, məni qəhbələrin yanında qəhbə çıxardın.
-Ay ana, deməli sən də mənə inanmırsan?
Deyə ağlaya-ağlaya evə qaçıb otağına girdi.Çoxdandı qapısı açılmayan dolabı açıb politeyin kisəni çıxardı,sonuncu dəfə bağrına basıb dönə-dönə öpdü.
Sonra şkafda,stolun üstündə olan kitabları götürdü.
Manqalxanadan ağ neft qabını götürüb həyətin ortasında bir tonqal çatdı leytenantı əziz xatirəsindən.
Artıq qaralmaq üzrə olan havanı boğan qara tüstüdən əvvəl sarı,sonra qırmızı alov dilimləri ucaldı,barıt və tər qarışıq “silver”qoxusu ocaqdan qopan “işıldaquş”larla bərabər ətrafa yayılıb qaranlığa qarışdı.