.....

.....

Nicat Hunalpın şeirləri

Nicat Hunalpın şeirləri

Atlar ataları hara apardı?

Torpağa qarışdı qılınc da, ox da,
Atlar ataları hara apardı? .
Qulağımdan getmir o nalə, ah da,
Atlar ataları hara apardı?

Savaşlar görmüşdü o köhlən atlar,
Yalmanı qan görmüş o yüyən, atlar,
Ölümün üstünə yürüyən atlar,
Atlar ataları hara apardı?

Qaynadı savaşda, coşdu savaşda,
Min illər kükrədi qoşdu savaşda,
Küləkdən itidi, quşdu savaşda,
Atlar ataları hara apardı?

Hardadı o murad, o baxt atları,
O mülk xaqanları, o taxt atları,
Tarixə çevirdi o vaxt atları,
Atlar ataları hara apardı?

Qılıncı qınında ölən igidlər,
Taleyi üzünə dönən igidlər,
Bilsəniz mənə də deyin igidlər,
Atlar ataları hara apardı?

Atlarla yaşıddı dünyanın yaşı,
Atlar savaşçının dostu, qardaşı,
Əyil qulağıma de, at yaddaşı,
Atlar ataları hara apardı?

Hayana ayrıldı bu yol, bu cığır,
Tarixin yükünü çəkmək çox ağır,
Dəli atım, köhlən atım bir çağır,
Atlar ataları hara apardı?

Cismi torpaq, ruhu göyün üzündə,
Nə təlaşlar, nə qorxular gözündə,
Atlar getdi ataların izində,
Atalar atları hara apardı?
Atlar ataları hara apardı?

Ay göy üzü əl çək daha yaxamdan
Küsdürmüsən yenə ayı buludu,
Ay göy üzü əl çək daha yaxamdan.
Çiçək ömrüm torpağında qurudu,
Ay göy üzü əl çək daha yaxamdan.

Yağışında dərdim – sərim yuyuldu,
Arzularım ağac kimi oyuldu,
Yazıq canım tabutuna qoyuldu,
Ay göy üzü əl çək daha yaxamdan.

Nə istədi axı səndən bu adam,
Axır çıxdı iman dindən bu adam,
Nə gördüki guya yerden bu adam,
Ay göy üzü əl çək daha yaxamdan.

Həsrət üzdü o çiçəksiz arını,
Yel apardı cənnətinin barını,
Gizlətmisən milyon ildi Tanrını,
Ay göy üzü əl çək daha yaxamdan.

Bir bulud ağlayır başımın üstə
Bir az köz atım qoy bu sözə barı,
Fələklə payımı böl yarı – yarı,
Tanrımı göndərib bu buludları,
Bir bulud ağlayır başımın üstə.

Özün bax sən Allah bu haya – küyə,
Ürəyim dayanmır o uçuq öyə,
Göy yerə qarışıb, yerdəki göyə,
Bir bulud ağlayır başımın üstə .

Burda yaşamımda vallah havayı,
Pərişan görürəm günəşi, ayı,
Kimim kimsəm yox, qəmdən savayı,
Bir bulud ağlayır başımın üstə.

Nə qədər adam var içimdə ölən,
Yoxdu ürəyimdə dərdimi bilən,
Nə çoxdu halıma ürəkdən gülən,
Bir bulud ağlayır başımın üstə.

Dayan, bir baş çəkim bu ağacada,
Orda qəlbi kabab, qarnı acada,
Tanrıdan aşağı,məndən ucada,
Bir bulud ağlayır başımın üstə.

Dəli – dəli nə axırsan Kiş Çayı
Yuyub getdin bütün bəndi bərəni,
Uzaqlardan duydum dəli nərəni,
Yavaş kükrə ey dağların ərəni ,
Dəli – dəli nə axırsan, Kiş çayı?

Yaman durdun axarında qəsdimə,
Hay – küyüylə nə gəlirdin üstümə,
Can şirindi, sən canımı istəmə,
Dəli – dəli nə axırsan, Kiş çayı?

Qonağınam bir az durult suyunu,
Dəyişmədin min illərdir huyunu,
Yaxşı açdın başımıza oyunu,
Dəli – dəli nə axırsan, Kiş çayı?

Endim dərə boyu səni izlədim,
Baba çayım öyüdünü dinlədim,
Nə vaxt gəldin selə dönüb bilmədim,
Dəli – dəli nə axırsan, Kiş çayı?

Ola bilər indi sənə yadam mən,
Az deyiləm sənin qədər odam mən,
Heç bilmirəm çayam ,yoxsa adam mən?
Dəli – dəli nə axırsan, Kiş çayı?

Xoşbəxtəm, ölmədən Arazı gördüm
(Türkün böyük ozanı Araz Elsəsə)
Çiçəkləndi könül dünyam xoş oldu,
Ürək köksüm üstə qərib quş oldu,
Araz çayı gözlərimdə yaş oldu,
Yurdun sinəsində min sızı gördüm,
Xoşbəxtəm, ölmədən Arazı gördüm.

Nə həsrətdi könülüm üstə çırpınan,
Yurd yerində son ocaqdı o yanan,
Ağ saçları zirvəsi qar Savalan,
Qışdan ötdüm baharı – yazı gördüm,
Xoşbəxtəm, ölmədən Arazı gördüm.

Dön geriyə tarixlərdə Türkə bax,
Başındakı o qeyrətli börkə bax,
And yerimiz ulu qalan Ərkə bax,
Orxonda Türk adlı daş yazı gördüm,
Xoşbəxtəm ölmədən Arazı gördüm.

Orda bir qurd ular ulu Altayda,
Səsinə səs verər günəş də, ay da,
Türk bəylər yığışan qutlu sarayda,
Səsində həsrətli avazı gördüm,
Xoşbəxtəm ölmədən Arazı gördüm.

Qanayan yaranı qaşımaq bir dərd,
Dərdidə içində daşımaq bir dərd,
Qürbətdə vətənsiz yaşamaq bir dərd,
Dərddən parçalanan o sazı gördüm,
Xoşbəxtəm ölmədən Arazı gördüm.

İçimdə dərd yatır dərd ən dərində,
Gecəsi haqq imiş hürr səhərində,
Yurdun həsrətiylə Xudafərində,
Arazla bir yaşda Arazı gördüm,
Xoşbəxtəm ölmədən Arazı gördüm.

Məndə bilmirəm qardaşım
Mən də bilmirəm qardaşım,
Bu gün ya sabah bilmirəm.
Bizi kim çıxaracaq ki,
Ağ günə vallah, bilmirəm.

Əlimizin duzu varmı?
Alnımızda yazı varmı?
Qonşumuz Akif dayıda,
Kabablıq bir quzu varmı? Bilmirəm.

Üzü bir biçimdə qalan,
Hamıdan xəbərsiz bir küçə,
Hər kəsdən uzaq bir dalan,
Qalıbmı? Bilmirəm.

Məndə yaşamaq qorxusu,
Yuxum Əshabi Kəhf yuxusu,
Burnumda torpaq qoxusu,
Mənə yer varmı? Bilmirəm.

Əshabi Kəhf

Kədərimin içinə sığınıb Əshabi Kəhf,
Mağaramda üç yolçu Allah bəndəsi qalıb.
Uşaq vaxtı anası aya bir şillə çəkib,
O zamandan üzündə xəmir kündəsi qalıb.

Gecə gündüz yol gedir, ruhum da yol yorğunu,
Asıb ayaqlarımdan o müqəddəs göy məni,
Mən yalan qarşısında əyənmərəm doğrunu,
Ey Tanrının qırmancı, isteyirsen, döy məni.

Deyəsən, Tanrınıda İblis yoldan çıxarmış,
Göy üzüdə yer kimi çıxmış ardan, həyadan.
Allahların odunu oğurlayan mənəmmi?
Qafqazda zəncirləyib asasınız qayadan.

Burax məni göy üzü, burax daha boşluğa,
Min yerə parçalansın, tikələnsin bədənim.
Didikləsin nəşimi, parçalasın quzğunlar,
Bu dəhşəti izləsin qoy göydə ruhum mənim .

Ruhum azadlıq tapsın Əbədi Göy Üzündə,
Eşit məni burdayam Çingiz xanın buludu .
Dilə gəlib söylədi bədənimdən min parça,
Tanrı yerə baş çəkmir, Tanrı bizi unudub?

Göy üzü ruhlar evidi,
Bu yerdə kim yarıdı ki
Bəxtindən, şair yarıya?!
Çiçək dərdim ürəyimdən,
Çiçəksiz qalan arıya.

Dərdə dostdu könül tarım,
Ölsəm göyə dərd aparım,
Mən qoymadım arzularım,
Qız kimi evdə qarıya.

Ölüm ruhdan uca idi?
Ruhsuz bədən axı nedi?
Göy üzü ruhlar evidi,
Gedib sığınıb Tanrıya.

Ayyaqqabı tənhalığı
Baxırdın gözümün içinə qəmli,
Elə bil bilirdin , tək qalacaqsan.
Mənsiz keçən günlər qəmli – kədərli,
O qapı önündə tozlanacaqsan.

Səni saymayacaq daha bir adam,
Vallah çıxmayacaq kimsə yoluna .
Tənha qalacaqsan pilləkən üstə
Dərd -kədər çökəcək yük tək qoluna.

Darıxıb toz üçün, tozanaq üçün,
İstəsən gəzəsən sən o yolları.
De hardan tapassan məni sən axı,
İndi nə men varam, nə ayaqlarım.

Məni öldürdülər sisli bir gecə,
Susdu kül qabında siqaret külü.
Mənimçün darıxma, heç dərd eləmə,
Neynir o dünyada başmağı ölü.

Qoy səni geyinsin küçə başında,
Şaxtadan ayağı donan bir şair.
Həsrətdən ürəyi, kədərdən sözü,
Ömrü xəzan kimi solan bir şair.

Səni geyinməsin düşüncəsi dar,
Beyni kəm,ruhu kəm, bir yaddaşı küt.
Bax elə o tozun, o tozanağın,
İçində sən yeni bir şair böyüt.

Qurd yaddaşı

Böyük çölüm kədərinə tapındım,
Orxon çayı sularında arındım,
Ötükənin daşlarındadı andım,
Qurd yaddaşı.

Yadına sal Ağsuvarı, Bögünü,
Bilgə xanım çəkdi Türkün yükünü,
Geri qaytar xaqanların Börkünü
Qurd yaddaşı.

Tanrım Türkü gəl yenidən yap, yoğur,
Ulu anam birdə bizi qurd doğur,
Attila, Asparux, Kürşad, Moyon Çur,
Qurd yaddaşı.

Kimlər aldı məndən qılınc, oxumu,
Cücərəcək Türkün qutlu toxumu,
Min ildirki qarışdırıb yuxumu,
Qurd yaddaşı.

Güman yerim ulu şaman duası,
Göyüm göyüm göynər vətən yarası,
Altaylarla Balkanların arası,
Qurd yaddaşı.

Bozqurd ömrü yaşamışam mən dədə,
At üstündə keçdi ömür, gün, dədə,
Yaşayır o mən də, onda, səndə də
Qurd yaddaşı .

Turan dərdin öz içində yaşayır,
Tanrı verən ömrü bəndə yaşayır,
Yaddaşımın bir küncündə yaşayır,
Qurd yaddaşı.