DƏNİZƏ DAŞ ATMAYIN
Dənizə daş atmayın..,
Eşqimə,
ruhuma dəyir o daşlar.
Dənizlə birgə
duyğularımı da
döyür o daşlar.
Dənizə daş atmayın..,
Yoxsa
qəhərindən boğulacaqdır.
Hələ o daşların
bir ucu gedib
günəşə də dəysə –
çətin ki, bir də
dənizin üstə doğulacaqdır.
Dənizə daş atmayın..,
İllah da ki atırsınız –
barı…
ürəyimə atın
dənizə atılan daşları.
Daş atıb
dənizin ahına batmayın,
günahına batmayın,
Mələklər də ağlayacaq
Axsa dənizin göz yaşları.
İNAM
Vətən adlı eşqin
ən böyük əsiri,
şanlı Şəhidim.
Torpağı,
bayrağı qanlı Şəhidim.
Sən özün də
bu sevda qədər böyük
və ən uca…
Ey torpağı param-parça,
yurdu bölük-bölük.
Sən bu elin-obanın
üzüağ,
alnıaçıq sınağı..!
Hansı amal idi
Səni güllə önünə atdı..?
Cəsarətin
bütöv bir xalqı oyatdı.
Sən bu millətin dayağı,
ümid yeri və gümanı.
Bayrağa bükülən
inamlı şəhadətinlə
parçaladın bu qatı dumanı.
ÖMÜR DEDİYİN
Adamsız küçələrin
kimsəsiz daxmaları kimi
təklənmiş xatirələrin
ağırlığı var üzərimdə.
İndi həsrətlər daha dərin,
Ömür dediyin
qayğılarla yüklənmiş.
Hər şey əslində
necə də boş və hədər.
Təkcə Sənin yerin
ürəyimdə həmənki…
Baxışlarımı
çəkib apardın uzaqlara.
Kabusa bürünən gecələrin
sükutu qədər ağır
nə var dünyada..?
Axşamlar doğan ümidlərim
səhərlər axır
qoşulub ulduzlara.
———————–‐———