.....

.....

“Öz içində boğulanlar üzə çıxmır” – Tərlan Əbilov

“Öz içində boğulanlar üzə çıxmır” – Tərlan Əbilov

***
Təlatümlü dənizi xatırladır gecə.
İçi suyla dolmuş gəmiyə bənzəyir
qaranlıqla dolu bu ev.
Su üzünə çıxan meyitlər kimi
səpələnib döşəməyə
insan şəkilləri.
Sən
ölüsünü axtaran adamlar kimi
vahimə içindəsən.

Axtarma, quzum,
öz içində boğulanlar üzə çıxmır…

***

Gecələr yatmadığından
şikayətlənməzdi heç,
dilinə belə gətirməzdi yuxusuzluğunu.

Pəncərəsində
işıq görənlər
deyərdilər:
-“Sevəndə
yuxusu olmur adamın”.

Ama bilmirdilər
olanı bir çarpayısı var,
onda da baxtı yatır…

***

Guya bilmirsən ki, getsən-
Pis günüm başa çıxacaq?
Damacaq üstümə gözüm,
Əksin balışa çıxacaq?

Bar verəcək gözümdə çən,
Şumlanacaq saçım dən-dən.
Belim qırılacaq dərddən,
üzüm qırışa çıxacaq.

Olmayacaq nə varsa tam,
Ömrü, günü necə qucsam.
Uçan evimlə bir uçsam,
Qanadım boşa çıxacaq.

Yaşasaq da ömrü tək-tək,
Kövrək-kövrək, göyçək-göyçək.
Hansımız harada ölsək,
Canımız qoşa çıxacaq…

***

Suyun bərəkəti, paklığı, müdrikliyi axmağında,
dağın əzəməti dik dayanmağındadır.
Yenə həmişəki kimi
şimşək barmağı çaxmağında…
himə bənddir ki,
yandırsın buludun çırağını,
təbiət çevirsin o biri üzünə fəslin varağını.

İnsanın ən gözəl fəsli sevgidir,
sevəndə su kimi axır, durulur,
əskikliklərə dağ kimi dayanır,
himə bənd olur bir qəlbin çırağını yandırsın,
bir ürəyin təbiətini işıqlandırsın adam.

Neçə vaxtdır aramızı vurmuşuq,
bir-birimizi qırmışıq,
bir üzümüzdə durmuşuq.
Sevginin barmağı varaq kimi çevirə bilmir bizi axan,
dik dayanan,
himə bənd olan üzümüzə.

Xoşbəxtliyimizin iqlimini dəyişib ehtiyac…

Anlamaq istəmirsən ki,
hisslərimiz
bizi bir-birimiz üçün bu vaxta qədər güncümüzdə gözlədib.
Sevgi bərəkətdir,
sevməsək, kəsilər dünyanın bərəkəti,
əskilər su, əskilər dağ, əskilər şimşək.
Tanrı bizim iznimizlə xoşbəxtliyimizi
bir loxma çörəyin arxasında gizlədib…

Tərlan Əbilov