.....

.....

Şəhriyar Heydərin şeirləri

Şəhriyar Heydərin şeirləri

Yaxşı ki darıxmaqlar gəlib qatır başımı,
Bu təkliyin əlindən dəli olardım yoxsa.
Mənim darıxmaqlarım adam kimi dil bilir,
Söz verib, gedən deyil, o sən idin e, yoxsan.

Yaxşı ki getdin, onda gözümü açdın mənim,
Yoxsa hələ kor idim, görəmmirdim heç kəsi.
Və onu da öyrəndim, adam ilk hardan ölür,
Harda gizlənə bilər, sevgi onu görməsin.

Mən səni qınamıram, kimlər atmadı məni,
Elə küsüb ürəyim, bir də çətin barışa.
Məni elə ilk dəfə anam atıb bətnindən,
Anadan olduğum gün, ayrılıqla tanışam.

***

Üzünü tutub göylərə
Bu it kimə ,nəyə hürür ?
Yoxsa Allahı çağırır,
Dərdlərini göyə hürür.

Bu bəxti ona kim yazıb,
Milyon il səbr edib,dözüb .
İttək yaşamaqdan bezib,
Özün söyə-söyə hürür .

Yalayır ağzının qanın,
Yetişib ömrünün sonu.
Bir it qızı atıb onu,
Qudurub sevgiyə hürür …

Milenaya məktub.

Milena necəsən? Axşamın xeyir,
Gəl sənə sənsizlik deyim, necədir.
Getmisən, Günəş də inciyib gedib,
İndi gündüzlər də burda gecədir.

Hələ o əkdiyin dibçəkdəki gül
Elə dibçəkdə də solub, haçandı.
O balaca pişik vardı, yadında?
Görmürəm, getdiyin gündən qaçandı.

Daha pəncərəyə boylanmır Ay da,
Elə bil bilir ki , bu evdə yoxsan.
Bax, sənin getdiyin vaxtı göstərir,
Mən haçan aldığın saata baxsam.

Hələ heç bilmirsən, mən nə çəkirəm
Kədərdən üz gözüm qırış-qırışdı.
Gözlərim qapıda, ürəyim səndə,
Gəl, səliqəyə sal, məni yığışdır.

Sənsiz itirmişəm çoxdan özümü,
Hardayam demirsən, məni unudan?
Özüm də yadıma düşmürəm indi
Adam da adamı belə unudar?

O gün bir qaraçı kəsdi önümü,
Dedi ki, gəl deyim gələcəyini.
Bir yol göstərdi ovcuma baxıb,
Bir ömür sən gözlə gəlməyəcəyini.

Bilirəm, Milena, gəlməyəcəksən,
Divarlar üstümə yenə gələcək.
Bilirəm qapımı döyməyəcəksən,
Yerinə yenə də külək döyəcək.

Barı yuxuma gəl mənim bu gecə,
Nə olar, ta bir də geri qayıtma.
Özün əllərinlə bağla gözümü,
Qoy yatım ömürlük məni oyatma.

***

Bilirəm, Müşfiq əfəndi, təksən,
Bir azdan güllələnəcəksən…
Bir vaxtlar kürəyini söykədiyin divarlar da üzünə duracaq,
Üzünə baxa bilməyəcək qatillərin,
Səni arxadan vuracaq.
Tüpür, Stalinin büstünə tüpürdüyün kimi o divarların da üzünə,
Söy səni güllələyənlərin hamısın,
Söy son söz əvəzi, Stalinin anasın.
Unutma, sən indi bəndənin Allahla görüşən yerisən.
Təkcə vətənimin yox, sözümün də itkin düşən yerisən!

***

Bəlkə də, balıqların, dənizlər göz yaşıdır,
Bəlkə də, balıqların qayalar başdaşıdır.
Bəlkə, balıqlar elə, adam olub, kim bilir,
Ya da balıq adamın, elə su yaddaşıdır?

Bəlkə, Allah bəndəymiş, yerdən qaçıb nə vaxtsa,
Bir yolluq küsüb bizdən, göyə köçüb nə vaxtsa.
Bəlkə də, quşlar elə ağac olub kim bilir,
Ya da ağac quş olub, qanad açıb nə vaxtsa?

Bəlkə, birmiş. Odla su, yolları haçalanıb,
Sular göz yaşlarına, od aha parçalanıb,
Bəlkə, qadınlar günəş, kişilər göy üzüymüş
Sonra dünya gecəyə, sabaha parçalanıb?

Bəlkə, keçmiş hamıdır, ağac, adam, hə, şair ?
Bəlkə, bu üzdən, heç kim, heç cür yer tapa bilmir,
Bəlkə də, keçmişinə qayıtmaqdan ötəri
Saat əqrəblərinin əksinə fırlanır yer?!