QUYU
Mən düşən quyular dərin olur,
dibi görünməz.
Bu gedişlə
daşım daş üstə hörülməz.
Səmada sayrışan ulduzlar
çəkir xəyalımı.
Elə bil Tanrıdan
pay kimidir –
hamıya çatar…
Mənə gəlincə,
ən sönmüşü, üzü dönmüşü
verilə,
ya verilməz.
NAĞIL
Bitdi mənim nağılım…
Göydən
almalarım da töküldü –
başıma qara daş kimi.
Arzularım
bircə-bircə budandı,
ağdan qaraya,
eşqdən həsrətə,
ümidlərdən dərdlərə calandı.
Məni yaratdığını
Tanrı da dandı.
Düşdüm gözlərindən
yaş kimi.
DARIXMAQ
Dərin bir darıxma…
Ürəyim, beynim, düşüncəm
vurnuxma içində.
Budur mənim işgəncəm.
Qarşısına daş düzülən
çay kimiyəm…
Həyat –
bəlkə əbədi bir yuxudur,
bəlkə də sükunət?
Bizi
ən çox nə qorxudur..?
Adamlardan
gördüyümüz xəyanət..!
Odur ki,
əllərim
ətəklərdən üzülən gündən
batırılan haray kimi,
hay kimiyəm.
KİNAYƏ
Bu taleyin
nə anlayışı var, nə sayğısı.
Hər əməli yeni bir kələk.
Yüklənir düşüncələrim
illərin ağrısı ilə.
İçimdə bir “mən” təklənir –
gedənlərin qayğısı ilə.
Sustalır ürək.
Uzaqlaşır
arzuların qaraltısı,
amma yeri dolmur.
Təzədən
ümidlənmək də olmur –
ömrün payızında.
Üstəlik
həyatın hər kinayəli nazında
saçlarımda dənlər sıxlaşır
ağ kölgə tək.
Dözəsən gərək.
İŞIQ
Bir azdan
bu dəli-dolu yağışın altında,
ulduzların işığında,
gecənin bətnindən
bir şeir doğulacaq.
Dünyanın ən gözəl kəlmələri
o şeirin sətrinə yığılacaq.
O şeirə yazılacaq
insan ruhunun
ən gözəl bəstəsi.
O şairlər ki,
illər boyu
ilk sevdanın xəstəsi,
əsrlərin
ən dərin qatlarından
hay verəcəklər –
o şeirin xətrinə.
Həsrətdən doğan bütün yuxular
vüsala yozulacaq.
O şeirin işığında
Tanrını görəcəklər.