.....

.....

Ayxan Hüseynlinin şeirləri

Ayxan Hüseynlinin şeirləri

Mən özümü axtarıram

Mən özümü axtarıram
Sınmış qəlblər arasında,
Düşüb-qalxan,
Mübarizə aparanlar sırasında.
Mən özümü axtarıram
Payızın son baharında,
Qismətimə süzüb gələn
lal bulağın axarında.
Mən özümü axtarıram
Dünyanın hər bucağında,
Dəstə-dəstə qalaqlanıb
alovlanan
həyatın gur ocağında.
Mən bəxtimi axtarıram
Şanssızların
şansı olan anlarında.
Tale, qismət qoşalaşıb,
mən də qoşa yanlarında.
Mən bəxtimi axtarıram
Ürəyimdə səssiz yatan
xəyalımın sorağında.
Mən bəxtimi axtarıram
İnsanların mənə baxıb,
mənə qarşı düşündüyü
fikirlərin marağında.
Mən sevgimi axtarıram
Sevginin hər pilləsində,
düşüb-qalxan,
gedib-gələn
hisslərin hər cilvəsində.
Mən sevgimi axtarıram
Həvəslərin yaddan çıxan
həvəsində.
Məqsədlərin unudulmuş məqsədində.
Mən sevgimi axtarıram
Xoşbəxtliyə
qaçanların yollarında,
İtirilmiş səadətin
tapılmayan qollarında.
Mən sevgimi axtarıram
İnsanların arasında,
İnamın tən ortasında,
Sarsılmayan, dağılmayan
Möhkəm güvən qalasında.
Mən sevgimi axtarıram
Sızlayan qəlb ağrısında.

Tərk edilmiş ev kimiyəm

Nə üşüyəni istidəcək,
bir istilik
Nə də acanı doyuracaq
bir yemək var.
Sadəcə susqun divarlardan

toz basmış əşyalardan ibarətdir.
Kimsənin yaşamaq istəmədiyi
qədər sıxıcı,
qapısı açılmayacaq qədər maraqsızdır.
Heç kəs yaxınlaşmaz bir də,
ancaq uzaqdan baxar.
Baxdıqca bunu danışar:
“Tərk edilmiş”…

Qocalmaq istəyirəm

Saçlarında dən olub,
Gözlərində yaş olub,
Dilində əzbər olub
Oxunmaq istəyirəm.

Xəyalında canlanıb,
Arzularına çatıb,
Mən səninlə yaşayıb,
Qocalmaq istəyirəm.

Nöqtə

Abzasdan başlayaq,
bir tire qoyaq.
Yazaq …
Bir az səndən,
bir az da məndən.
Sənli fikirlərdə vergüllər olsun,
Qoyulsun üç nöqtə,
Yenidən davam eləsin,
Sənli düşüncələr heç vaxt bitməsin.
Məndən yazılanda…
Sözdə həmişə,
qoşa nöqtə olsun.
Davamı səninlə –
səndən başlasın.
Dırnaq işarəsi açılsın hərdən,
Bizi yox, sevgini tərənnüm etsin,
Bizə məhəbbətin dərsin öyrətsin.

Bizli fikirlərdə nöqtə olmasın,
Fikir tükənəndə nöqtə qoyular.
Bir gün gələr,
ölüm bizə qonaq olar,
O zaman sualsız nöqtə qoyular.