.....

.....

Sehrbaz – Nazilə Rahibqızı

Sehrbaz – Nazilə Rahibqızı

Sehrbaz

Görəsən niyə anaların dedikləri doğru olur,hə? Onlar hər şeyi əvvəlcədən bilir.Axı bu necə ola bilər,anlamıram.— deyə balaca Aysel təəccüblə dodağını büzüb,çiyinlərini çəkdi.Öz-özünə düşünərək dodaqaltı mızıldanmağa başladı:

— Görəsən niyə? Ni-yə?! Mən düşünməliyəm və düşünüb bu suala cavab tapmalıyam.Niyə?…ni-yə?!…
Aysel gözlərini bir nöqtəyə zilləyib düşünməyə başladı.Birdən:
—Tapdım! Tapdım! — deyə nə isə xatırlayıbmış kimi sevincək yerindən qalxdı və tələsik anasının yanına yüyürdü.
Aysel:
— Ana,tapdım! Mən çoxdan düşündüyüm bir suala cavab tapdım,anacan! — deyə sevincək anasına sarıldı.
Ana:
— Nə yaxşı,de görüm! O hansı sualdı ki,cavabı səni belə sevindirir,ağıllı qızım?
Aysel:
— Bax,ana,keçən gün gəlinciyimin donunu tikmək üçün iynə almışdım əlimə.Onda sən mənə dedin ki, “ hələ balacasan,əlinə batar iynə.Biraz böyüyəndə tikərsən!”. Mən səni dinləmədim,donu tikmək istədim,iynə də batdı əlimə.
Dünən dolabdan ən sevdiyim fincanı götürmək istədim,stula çıxarkən sən dedin “ çıxma,yıxılarsan!”. Mən sənin sözünə qulaq asmadım,az qala yıxılacaqdım.Nə yaxşı ki,sən məni tutdun,anacan!
Bacı evdən çıxarkən dedin ki, ”başına papaq gey,xəstələnərsən!”. O da “ mənə istidir,ana!” deyərək papağı geyinmədi.Evə gələndə də xəstələndi.Bax,gördün? Yenə hamısı səndeyən kimi oldu…
Sualım da bu idi ki,axı analar hər şeyi əvvəldən necə bilir?
Ana:
— Aha,deməli səni yamanca düşündürübmüş bu sual… Cavabı nə oldu,hə? —deyə ana maraqla Ayseldən cavab gözlədi:
— Sadə! Çox sadə! Mən bu fikrə gəldim ki, siz analar əsl sehrbazsınız!
Ayselin bu cavabını eşidən ana ürəkdən qəh-qəhə çəkdi.Qızcığazın belə bir cavabı onun heç ağlına gəlməzdi.Anasının davamlı şəkildə gülüşü Ayseli hədsiz dərəcədə təəccübləndirdi.O öz-özünə düşündü:
— Görəsən mənim cavabıma anam niyə güldü? Mən cizgi filmlərində görmüşəm axı,olacaqları ancaq sehrbazlar bilir…Yaxşı,bəs analar sehrbaz deyillərsə baş verəcəkləri hardan,necə bilirlər,hə?!…—düşüncəsilə anasına söylədi:
—Ana,sən mənim dediklərimə niyə güldünki? Məgər mən bu suala düzgün cavab tapmamışam?
Anası Ayseli möhkəm qucaqlayıb köksünə sıxdı.Gülüşdən yaşarmış gözlərini silərək dilə gəldi:
— Aysel,mənim ağıllı qızım! Sənin hansısa suala cavab axtarışın çox yaxşı bir işdir.İnsan hər zaman qarşılaşdığı məqamlara sualla yanaşmalı və doğru cavabı axtarıb tapmağa çalışmalıdır.Bu o deməkdir ki,sənin düşünən beynin,ağlın,dərrakən var.O ki qaldı anaların sehrbaz olmağına,bu elə deyil ,gözəl qızım mənim!
“Sehrbaz” sözünü deyərkən ana gülərək Ayselin başına sığal çəkdi və sözünə davam etdi:
— Unutma qızım,ALLAHdan başqa heç kəs heç nəyi əvvəldən bilə bilməz.
Aysel:
— Axı sən bilirsən….
Ana:
— Xeyr,elə deyil,mənim balam.Sadəcə olaraq analar artıq yaşa dolub və siz uşaqların keçdiyi yolu onlar da keçərək gəlib bu yaşa.Ona görə də nəyin pis,nəyin yaxşı olduğunu onlar daha yaxşı bilir.Hansısa səhv bir addımın zərərini ona görə onlar əvvəldən təxmin edə bilir.Bir də ki,heç bir ana istəməz axı övladına zərər toxunsun.Öz həyat təcrübəsinə,həyat yoluna arxalanaraq övladına ən doğru yolu göstərir analar. Ona görə də valideynin sözünə qulaq asmaq insanı çox xətalardan uzaqlaşdırar.Atalar da elə məhz ona görə deyib də:”Böyüyün sözünə baxmayan zərər çəkər!”. Belə ki,uşaqlar nə qədər çox böyük sözü dinləsələr,həyatda bir o qədər də səhvsiz yaşayar və uğur qazanarlar.