.....

.....

Səhər Əhmədin şeirləri

Səhər Əhmədin şeirləri

***

Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır
Qara gözündən, ay qız?

Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə xəstə yatan var,
Sənin üzündən, ay qız?

Bu nə dondu, geymisən,
Nə boynunu əymisən.
Bilirəm, gileylisən
Alın yazından, ay qız.

Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.

***

Bilirdim, bu ömür adam eyləməz
Səntək ağıllını, məntək dəlini.
Fələkdən yarımaq bizlik deyilmiş,
Mən yığım gözümü, sən çək əlini.

Mövzular köhnəlib, çözələnir lap,
Zaman adamlarla məzələnir lap,
Mənə cavabların təzələrin tap,
Al mənə sözlərin ən gözəlini.

Susdunmu, nəğmənmi bitdi, əzizim,
Bir nağıl yox imiş ömürdən uzun.
Bu həyat-anamız deyilmiş bizim,
Nə sən oğlusanmış, nə mən gəlini.

***

Səndən sonra iki qız da böyütdüm,
Bir oğula ana oldum, doğrusu.
Səndən sonra çox işlərə yaradım.
Çox suala cavab oldum, doğruçu.
Anamın da, qızımın da saçlarını daradım.
Bircə sənin gözlərində sual çox,
Bircə sənin saçlarında sığal yox.

Niyə elə ürkək-ürkək baxırsan? –
Üzündə də göz yaşının izi var.
Səni yaxşı tanıyıram axı mən,
Gəl qanayan yaraları sarıyım.
Axşam düşdü, oyun bitdi, evə dön,
Gəl pərişan saçlarını darayım.

Səni haçan, kimə satdım, bilmirəm? –
İndi mənə çox çətindi, balaca.
Qızlarımtək bir gülümsə üzümə,
Anan olum bir az sənin, balaca.

Canım-gözüm, sən Kozetta deyilsən,
Heç Qaraca qız kimi də ölmədin.
O çarəsiz Tıq-tıq xanım misalı
Düşüb dəvə izində də qalmadın.

Nə olsun ki, mən satıldım həyata,
Səni gizli yollar ilə apardım.
Düz deyirsən, qorxaq oldum əməlli,
Səni döyüş meydanından çıxardım.

Nə olsun ki, mən Janna Dark olmadım,
Ən azından üç uşağa anayam.
Məsum gözlüm, artıq məni bağışla,
Gəl pırtlaşıq saçlarını darayım…

Gəlir xəyalıma o köhnə Bakı

…Gəlir xəyalıma o köhnə Bakı,
Keçən əsrdəki, doxsanlardakı.
Nə alov qülləsi, nə göydələn var,
Bir sakit şəhərdi, bir sadə bulvar.

Və bir də bir qız var, gerçək, həqiqət,
Gözündə parıltı, üzündə heyrət.
Hələ sədaqəti yağmalanmamış,
Hələ məhəbbəti damğalanmamış.

Hələ qırığı yox qanadlarının,
Hələ buxovu yox inadlarının.
Qaçır ayaqları yerdən üzülü,
Bilmir yollarına torlar düzülüb.

Bilmir hansı yoldan nə yönə dönsün,
Səksənir, ürpənir, bağrı yarılır.
Görəsən, birinci kim “şah” deyəcək,
Atlarmı, fillərmi, piyadalarmı?!

Bilmir bu şəhərdə nə neçəyədi,
Axı sevinc satıb qəm alasıdı.
Bilmir azadlığın qiyməti nədi,
Bimir ki, canını kim alasıdı.

Kim nişan alıbdı, xəbəri yoxdu,
Şaqraq gülüşünə kim toy tutacaq,
Körpə sevincinin qatili kimdi,
Kim qamış ölçəcək boyuna, bilmir.
(Çox pis oyunçudu, oyunu bilmir).

Ona deyən yoxdu, kiri, qızcığaz,
Burda bu nəğməni oxumaq olmaz.
Diksinər bu yoldan keçən adamlar,
Burda səs karları, rəng korları var.
(Qara fiqurların hər tonları var).

Burda istiqanlı olmaq da günah,
Vampiri çox olur isti qanların.
Bilmir ki, gözünü sildiyi timsah,
Ağlayır yedikcə öz qurbanların.

Ona elə gəlir, göydədi tanrı,
Ona elə gəlir, hamı adamdı.
Ona deyən yoxdu, eh bu aləmin,
Yeyəni adamdı, yemi adamdı.

…Gəlir xəyalıma o köhnə Bakı,
Keçən əsrdəki, doxsanlardakı.
Nə alov qülləsi, nə göydələn var,
Bir sakit şəhərdi, bir sadə bulvar..
Və bir də bir qız var…