“İrəli” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar-pianoçu, ifaçı Aydan Əliyevanın yaradıcılığı ilə bağlı ilin ilk “Solo gənclik” tədbiri Qara Qarayevin ev muzeyində keçirilmişdir. Tədbiri gənc bəstəkar öz çıxışı ilə açmışdır. Aydan Əliyeva Fortepiano üçün bəstələdiyi 2 preludu, Qarabağ Simfonik Poemasından – Şuşa Cıdır düzü səhəri pyesini (klavir) fortepianoda ifa etmişdir. Bundan başqa, ənənəvi olaraq konsertin Qarayev muzeyində keçirilməsi ilə əlaqədar Aydan Əliyeva görkəmli bəstəkarın fortepiano üçün yazdığı 24 prelud dəftərindən ll preludunu ifa etmişdir. Eyni zamanda Aydan Əliyeva bəstələdiyi “Bir də o yağışdan yağmayacaq” (söz : Kəmalə Abıyeva), Küləklər (söz: Əli Qafarlı), Çağırdım (söz : Tural Məmmədov, Aydan Əliyeva) adlı mahnılarını fortepianoda ifa edərək, oxumuşdur. Tədbirdə Məşhur mahnıların söz müəllifi Kəmalə Abıyeva, Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, Musiqişünas Səadət Təhmirazqızı gənc bəstəkar haqqında fikirlər söyləmiş və yaradıcılığını təqdir etmişlər.
Solo-gənclik tədbirində Aydan Əliyeva Ramiz Rövşənin “Dünya” şeirinə yazdığı eyni adlı mahnısını da xalq artisti Gülyaz Məmmədova ilə birlikdə ifa etmişdir.
Gənc bəstəkar Aydan Əliyevaya Zərif kölgələr adından biz də uğurlar arzulayırıq, musiqiləri ilə Azərbaycanı dünyaya tanıtmasını diləyirik.

