.....

.....

Cəvahir Tanrıverdinin şeirləri

Cəvahir Tanrıverdinin şeirləri

***

Bəlkə yaşanacaq ömrüm bir daha,
Bəlkə də yenidən doğulacağam.
Bir başqa ölkədə, bir başqa yerdə
Bir başqa adımla çağrılacağam.

Amma həyat eşqim dəyişməyəcək,
Bir addım irəli atacaq məni.
İnsanı sevərək yaşamaq hissim
Ruhumu, fikrimi qatacaq mənim.

Ox kimi dəyəcək hər acı kəlmə,
Yenə həssaslığım yoracaq məni.
Amma gələcəyə tuşlanan arzum
Hər an əllərimdən tutacaq mənim.

Ən dərdli günümdə yenə ümidim –
Bir Allah, bir əldə qələm olacaq.
Qəlbimi yandıran ən dərin sözlər
Yenə şeirimdə baş qaldıracaq.

Sinəmə dağ çəkən kəlmələriylə
Yenə də ən yaxın dostum olacaq.
Bəzən tənhalığı həmdəm bilsəm də,
Vurduğu zərbəylə həyat yonacaq.

Gecə zülməti tək gün də verəcək,
Tutub qalxacağam arzularımdan.
Həm sükut verəcək, həm ün verəcək,
Səbr öyrənəcəyəm yazılarından.

Bəlkə yaşanacaq ömrüm bir daha,
Bəlkə də yenidən doğulacağam.
Amma həyat eşqim tükənməyəcək,
Sevginin odundan qor alacağam.

MƏN

Kiməsə qaranlıq bir dünyayam mən,
Kiməsə sirləri açılmış sandıq.
Kiməsə bağçada tənha çiçəyəm,
Kiməsə dostluqda, ülfətdə sadiq.

Özümçün yoxsulam, özgəyçün varlı,
Açılmamış sirlə dolu dünyayam.
Anamçun bir dağam zirvəsi qarlı,
Özümçün xəyalda itən röyayam.

Kimsə düşüncəmi dalğın görəndə
Bəyənmir halımı, anlamır məni.
Gen gəzdiyim kimsə bir an içində
Mənimlə dost olur, sınamır məni.

Sevinclə kədərim birləşir bəzən,
Ağlamaq istərkən gülə bilirəm.
Sevincim bir üzü güldürsün deyə
Boğub göz yaşımı silə bilirəm.

Ətrafımda dostlar çox görünsə də,
Bəzən çox tənhayam, qəlbən təkəm mən.
Yalnız qələm tutub şeir yazanda
Deyirəm: “Yaxşı ki, indi təkəm mən.”