“Gəncliyin səsi” ədəbi birliyi təqdim edir.
2001-ci ildə Gəncə Dövlət Universitetində bir ədəbi mühit formalaşdı. Universitetin istedadlı tələbələrini bir araya toplayan “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İdrisqızı “Gəncliyin səsi – 1” adlı ədəbi birlik yaratdı. Bu ədəbi birlik Firəngiz xanımın mənəvi dəstəyi və yaradıcı gəncliyə məhəbbətinin nəticəsi olaraq uzun illər fəaliyyət göstərdi. Hazırda “Gəncliyin səsi -1” ədəbi birliyi üzvlərinin bir çoxu müasir ədəbi mühitdə tanınan və yazıları davamlı olaraq dərc edilən qələm adamlarıdır. Bunlardan Vüsal Hicran, Bəxtiyar Firuzə, Sevinc Mürvətqızı, Bahadur Seyidov, Yeganə Əhmədova, Raqif Raufoğlu, Xəyalə Sevil, Elməddin Nicat, Gülnarə Sadiq, Anar Gülümsoy və digərlərini göstərmək olar…
İndi isə tarix təkrarlanır. Firəngiz İdrisqızı “Gəncliyin səsi – 2” adlı yeni ədəbi birliyin əsasını qoymaqla bu ədəbi ənənəni davam etdirir. Məqsəd isə aydındır. Yenə də istedadlı gəncləri üzə çıxartmaq və ədəbi mühitə təqdim etmək. Bunlardan Amin Həsənov, Qismət Məmmədzadə, Etibar Əsədov, Gülnar Qasımzadə, Aysun Abdullayeva, Tofiq Hüseynzadə, Eltac Məhərrəmov və başqalarını göstərmək olar.
“Gəncliyin səsi -1” ədəbi birliyinin varisi olan “Gəncliyin səs -2” ədəbi birliyinin üzvlərinin də tez bir zamanda müasir ədəbi mühitdə yer tutacaqlarına inanır və gənc istedadlara uğur arzulayırıq.

Kimiyəm!
Son günlər içimdə bir sıxıntı var,
Cavabı bilinməz sual kimiyəm!
Bir zaman oxunub,çox-çox sevilmiş,
Rəfdəki tozlanmış kitab kimiyəm!
Zamanın yayından çıxan bir oxam,
Bu vaxtın ovunda,qəmə mi tuşam?
Həyatın toruna bürünmüş ruham,
Dənizinə həsrət, balıq kimiyəm!
Şadlığı buraxıb,qəmi tutmuşam,
Keçmiş xəyallarda,itib-batmışam,
İlahi,dərdlərə yoldaş olmuşam,
Qüssə otağında sükut kimiyəm!
Qasımzadə Gülnar

Böyüdüm
Yaman tez böyütdü fəsillər məni
Gücüm çoxaldıqca yüküm çoxalıb.
Mən hələ oynayıb qurtarmadığım
Neçə oyuncağım qurulu qalıb.
Düzülüb cərgəyə illər dalbadal
Yanıb uşaqlığım zaman odunda.
Sovurub külünü göyə küləklər
Bir tək xatirə var keçmiş adında.
Göz yaşım utanır böyüklüyümdən
İndi hər itənə süzülmür daha.
Əvvəl adamlardı ümid, pənahım
Artıq ümid qalıb yalnız Allaha.
Bir vaxt pəncərəyə boylanan adam
İndi könüllərə boylanır, Allah!
Bir vaxt böyüməyə çalışan adam
İndi böyüklüyə söylənir, Allah!
Böyütdü qoynunda fitnəsi məni
Böyüdüm dünyanın kələyində mən.
Uydum vədəsinə kəm ümidlərin
Çox dondum şaxtalı küləyində mən.
Mən belə böyüdüm,atam balası
Ağladım gizlicə, güldüm gizlicə.
Bir ömür Yaradan yazdı mənimçün
Birin də yazıram özüm beləcə.
GƏLƏCƏM
Bir gün yıxacağam qürur dağını
Bütün hasarları aşıb gələcəm.
Görsəm taraz gəlmir ağlımla qəlbim
Aldadıb ağlımı çaşıb gələcəm.
Götürüb sən adlı nisgilimi də
Seçib sənsiz keçən ay, ilimi də
Götürüb ümiddən son dilimi də
Sənin sorağına düşüb gələcəm
Gələcəm, bahası ölüm də olsa,
Gələcəm bir günlük ömrüm də qalsa,
İşdi birdən məni əcəl yanlasa,
Ruhumu küləyə qoşub gələcəm.
Sərçə balası
Mən sənə vurğunam ,sərçə balası,
Duyub-düşünməkdən uzaqsan,uzaq.
Necə bəxtəvərsən dərdin, azarın
Bütün gün göyləri süzməkdir ancaq.
Açıb yelkən kimi qanadlarını,
Atırsan özünü dəniztək göyə.
Yarıb dalğalanan ağ buludları
Çıxırsan səmirsiz bir ənginliyə.
Gah yerdə görürəm, gah göy də səni,
Yerlər də sənindir, göylər də sənin.
Yaşamaq gözəldir səntək qayğısız,
Heyif ki, bilinmir yurdun,vətənin.
Mən də istəyirəm qanadım olsun,
Görüm xoşbəxtliyin dadı necədir?
Baxım ulduzların böyüklüyünə
Görüm göylərdəmi küçə-küçədir?
Yox, axı mənim də qanadlarım var
Mənim də qanadım şeirimdir axı.
Sən enmə yüksəkdən,sərçə balası
Qoy sənə vurulsun mənimtək çoxu.
Amin Həsənov

***
İlhamım bu dağlar , təbim bu ocaq ,
Sinəmdə ürəyim , yanır beləcə …
Eşqimlə , sevgimlə , məhəbbətimlə ,
Özünü sevincək sanır beləcə …
Yanır , bildirir ki , sağam , diriyəm ,
O sağsa mən niyə , susam , kiriyəm ?!
Mən yazan , yaradan , şair biriyəm ,
Qələmim adını anır beləcə .
İsminə şeirdən qalalar hörür ,
Soyuq olduğunu yüz dəfə görür ,
Hər dəfə özünə ümidlər verir ,
Təkrarən özünə qanır beləcə …
Ümidlər gözündə dönür düşmənə ,
Gah qələm yorulur , gah əl , gah çənə ,
Yüz yazsın , yaratsın , danışsın yenə ,
Çoxları Qisməti danır beləcə …
***
Bu qışın qış günü yağış nə idi ,
Yağış da yerini vaxtını çaşıb .
Küsdürüb , yazımız yağışımızı ,
Yağış da qayıdıb qışla barışıb .
Oxşatdım , mən bunu çox fikirləşib ,
Yazdan danışırlar , qışla birləşib ,
Fəsillər insantək çox kifirləşib ,
Nədənsə qarın da fikri qarışıb …
Qar da xəyanəti qoymaz cavabsız ,
Bu iş bitərmi ki , haqqsız , hesabsız ?!
Özünü saxlıyır , yaza insafsız ,
Aşağı enməz ha , göyə sarışıb …
Bu işi başladan , kimdir , hansıdır ?!
İşlənən ilk öncə kimin şansıdır ?!
Pozulan yalnızca eşq balansıdır ,
Savablar günahtək sola daraşıb …
Bu gün də buludlar yaman dolmuşdu ,
Soyuqdan simalar donub , solmuşdu ,
Xəyanət haqqçünə gözəl olmuşdu ,
Yağış qışa , qar da yaza yaraşıb …
***
Yenə bağlıyırsan , özünə məni ,
Hər sözündə milyon ümid duyuram …
Mahnıyla deyirsən sanki : “ Sev məni ! “
Bilirsən ki , mahnılara uyuram …
Axtarırsan öz məhəbbət payını ,
Qısqanc gözlə səsləyirsən tayını ,
Ox atırsan , gizlədirsən yayını ,
Mənsə bunu bir xəyanət sayıram …
Neçə ox var , atılası , dəyəsi ?!
Çünki sən atırsan , sənsən yiyəsi ,
Nə sözlər var , hələ sənə deyəsi ,
Şeir yazıb , yadigarlar qoyuram …
Kövrələrsən , Qismət yada düşəndə ,
Yüz kövrəlsən , geri dönməz gedəndə ,
Barı , bircə dəfə dedinmi : “ mən də “ ?!
Bir ürəkdən çağırdınmı , buyuram ?!
Qismət Cəlal