.....

.....

20 yanvar – Şəhidlərin ad günü – Gülər Eldarqızı

20 yanvar – Şəhidlərin ad günü – Gülər Eldarqızı

20 yanvar – Şəhidlərin ad günü

Yazıçı Gülər Eldarqızı müəllifi olduğu “Akif Şahverdiyev” monoqrafiyasında “20 YANVAR – ŞƏHİDLƏRİN AD GÜNÜ” məqaləsinə isdinad edərək Akif Şahverdiyevin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisə barədə fikirlərini və həmin gecə itkin düşmüş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin müfəttişi Osmanov Tofiq Nurəddin oğlu ilə söhbəti qələmə alıb:

“Hələ ki, o qanlı şənbə gecəsi haqda şahidlər öz sözlərini tam deməyib. Xatırlanıb deyiləsi sözlər, gətiriləsi sübutlar hələ çox olacaq. Həmin gecənin tam mənzərəsini canlandırmaq, hər şeyi olduğu kimi şərh etmək, hadisələrə düzgün qiymət vermək üçün hələ uzun illər lazım gələcək. Nəsillər dəyişəcək, dolaşmış kələfin ucu açılacaq, yüzlərlə, minlərlə fikir yaranacaq, ümumiləşmələr aparılacaq və nəticə çıxarılacaq

– o gecə Azərbaycanın tarix səhifəsinə qızıl qanla Azadlıq kəlməsi yazılıb. O günün böyüklüyünü, o gecənin işıqlığını, tökülən qanların qiymətini və ölümüylə xalqına şərəf-şan, azadlıq qazandıran övladların böyüklüyünü göstərməklə biz yeni nəsli vətənpərvər kimi tərbiyə etmiş olarıq. Odur ki, vaxtaşırı o günü xatırlamaq və xatırlatmaq borcumuzdur. Necə deyərlər, unutsaq, unudularıq”.

Osmanov Tofiq Nurəddin oğlunun söhbəti:

“Yanvarın 19-da Sumqayıtdan qaynım gəlmişdi. İkimiz də səhərisi gün Kürdəmirə, əmi uşağının toyuna getməliydik. O vaxt Bakıda izdiham, mitinq, bir sözlə, qaynarlıq olsa da, rayon yerində sakitlik idi. Qaynımla birlikdə düşdük Azneftə. Əlirza adlı bir taksi sürücüsü vardı. Dost idik. Dedim, sabah gedərik Kürdəmirə toya. Razılaşdı. Sözün düzü, işdən icazə almışdım. Amma vəziyyət paytaxtda o qədər qarışıq idi ki, özümü çox narahat hiss edirdim. Axşam saat 22-yə yaxın qaynımı evimizə ötürüb özüm gəldim Bakı

Dövlət Avtomobil Müfəttişliyinə (o vaxtkı adı beləydi). Axşam sıra yoxlaması zamanı bildirdilər ki, SSRİ-nin Daxili işlər naziri Bakatin Bakıdadır, şəhərdə də vəziyyət yaxşı deyil. Odur ki, yenidən müxtəlif sahələrə bölünüb qrup halında çıxdıq küçələrə. Mən, Yusif və Azər bir yerdə Binəqədi şosesinə, İnqilab küçəsi istiqamətinə çıxdıq. Maşını mən sürürdüm.

Gecə saat 1-ə 5 dəqiqə işləmişdi ki, Salyan kazarması tərəfdən atışma başladı və biz İnqilab küçəsi ilə ora istiqamət götürdük. Yol boyu gördük ki, əliyalın adamlar əks istiqamətdə qaçır, arxadan isə tanklar onları qovur. Yusif dedi ki, sən öl, deyəsən, qoşun girib şəhərə. Yolu dəyişərək 3-cü mikrorayonun kolxoz bazarı tərəfindən Tbilisi prospektinə girdik. Tank gurultusu, ağlaşma, qışqırtı səsi, güllə vıyıltısı ətrafı bürümüşdü. Ağır bir yaralını maşına qoyub Semaşko xəstəxanasına gətirdik. Bu dəfə Tbilisi prospektinə yuxarı – 4-cü mikrorayon tərəfdən girdik. Allah bir də göstərməsin, tankların böyüklü-kiçikli adamları necə əzməsini gözümüzlə gördük. Neyləyəsən, özümüzü tamam itirmişdik.

Bir balaca tapança ilə tankın qabağına çıxmaqmı olardı?! Tankların arasından birtəhər çıxıb Tağızadə küçəsi ilə İnqilab küçəsinə yol aldıq. Körpüdən keçmişdik ki, 4-cü ordunun qərargahı deyilən yerdə bizi saxladılar. Maşının qapısı açılmaqla bizim söyüşlə təhqir olunmağımız bir oldu.

İtələyə-itələyə bizi içəri apardılar. Hər üçümüzdə silah olsa da, bu qədər avtomatlı əsgərin qarşısında aciz idik. General Sokolov bizim müfəttiş olduğumuzu bilən kimi: – Deyəsən, çox yığmısınız. Gecə ovuna çıxmışdınız? – dedi.

Nə isə, poqonumuzu və silahımızı, sənədlərimizi, pulumuzu, nə vardı üstümüzdə soyub, bizi xırda bir otağa – vedrə, süpürgə saxlanılan otağa saldılar. Nə başını ağrıdım, çox təhqir olunduq. Moskvadan gəlmiş mülki paltarlı cavan bir rus oğlan bizdən izahat aldı.

Yanvarın 23-dən 24-ə keçən gecə dəhlizdən mülayim, tanış bir səs eşitdik. Sevincimizin həddi yox idi. Bu bizim qərargah rəisi polkovnik Adil Allahverdiyev idi.

Yanvarın 19-dan 20-nə keçən gecə sürdüyüm maşını axtardım. Söküb skeletini saxlamışdılar. Oradan gəldim evə. Evdə bir ağlamaq vardı ki, gəl görəsən. Məni meyitlərin arasında axtarıblar, qəbiristanlıqlarda təzə məzarlara baş çəkiblər, nə bilim, o vaxt şəhərdə söz gəzirdi ki, yüzlərlə adamı gəmiyə doldurub harasa aparıblar. Bunlar da fikirləşiblər ki, mən də getmişəm gedər-gəlməzə. Özünü itirən yoldaşım soruşdu ki, hardaydın bu vaxtacan? Bilmədim nə deyim. Sevinimmi? Ağlayımmı? Nə isə, özümü ələ alıb dedim ki, yol hərəkəti qaydaları pozulmuşdu, oradaydım. Allah sizinkiləri də saxlasın, bir oğlum var, adı Orxandır. 4-cü sinifdə oxuyur. O vaxt 4 yaşı vardı. İndi deyir ki, ata, 20 yanvar günü yadımdadır. Sən evə üzü tüklü gəlmişdin.

Nə deyim, vallah, indi bilirsən necə fəxrlə gəzirəm? Allaha şükür, respublikamız müstəqil, azaddır, öz ordumuz, öz əsgərimiz var. Müstəmləkəçiliyin son qamçısını dadan bir adam kimi, azadlığın necə şirin bir nemət olduğunu bilən bir vətəndaş kimi, 20 yanvar gecəsinin şahidi kimi övlad, dost, qohum itirənlərin hamısına təsəlli, səbir diləyərək onlara demək istəyirəm ki, qoy onlar nikbin olsunlar, bilsinlər ki, onların əzizləri 20 yanvarda ölməyib, həmin günü doğulublar. Qəribə çıxmasın, istəyirəm deyəm ki, ad gününüz mübarək, şəhidlər!