Əməkdar artist Aqşin Abdullayev ilə konsert qabağı müsahibə
Ölkəmizi dünyanın müxtəlif arenalarında təmsil edən sənətkarlar var. Onlar musiqi mədəniyyətimizi yüksək səviyyədə təbliğ edirlər. Belə sənətkarlardan biri də əməkdar artist Aqşin Abdullayevdir.
Yaxın günlərdə Heydər Əliyev sarayında solo konserti baş tutacaq ifaçı ilə müsahibəmizi təqdim edirik.
– Aqşin bəy, bir çox beynəlxalq müsabiqələrin lauriatısınız, bu sizin həyatınızda hansısa dəyişikliklərə yol açıbmı?
– Əlbətdə ki, bunlar gələcəyə doğru uğurla addımlayacaq bir yol deməkdir. Bugünkü gündə olduğum pilləyə çatmaq üçün uzun yol qət etmişəm. Burada milli televiziya və xarici media müsabiqələrin, qastrol səfərlərin rolu böyükdür.
– Əməkdar artist Aqşin Abdullayevi hazırkı Azərbaycan musiqisinin qane edən və qane etməyən tərəfləri nələrdir?
– Musiqinin qane olunmayan tərəfi yoxdur, lakin təbliğ olunan musiqidən danışırıqsa, qeyd olunası məqamlar var. Hansı ki, bu günləri bayağı və yüngül musiqiyə daha çox üstünlük verilir. Qeyd edim ki, burada ən böyük günah media və televiziyanın üzərinə düşür. Eyni zamanda, cəmiyyətimizdəki insanlarda da günah görürəm. Çünki hər bir insan ailəsinə və övladlarına musiqi mədəniyyətini aşılamalı, musiqi tərbiyəsini verməlidir. Çünkin musiqinin özü bir tərbiyədir.
– Necə düşünürsünüz, bu bayağılığın qarşısını necə almaq olar?
– İnsanlar çoxlu kitab oxumalı, zövqlü musiqi dinləməli, eyni zamanda, mədəniyyət axtarışında olmalıdırlar. Bundan əlavə teatr və tamaşalara getməlidirlər. Əvvəlki dövrlərdə teatrlara növbə var idisə, indiki dövrdə bunu görmürük.
– Sənətə gəldiyiniz ilk vaxtlarda duyğularınız necə idi, bu yolun çətinliyi sizi qorxutmurdu ki?
– Ümumiyyətlə çətinlikdən heç vaxt qorxmamışam. Bu sənətə doğru addım atmışamsa, demək, böyük istək və arzuyla gəlmişəm.
– Bir müğənni və ailə başçısı olaraq özünüzü necə xarakterizə edirsiniz?
– Düşünürəm ki, həm müğənni, həm də ailə başçısı olaraq mükkəmməl biriyəm. Mənim üçün ümumiyətlə üç dəyər var. Valideynlər, ailəm və işim. Bu üç dəyər mənim üçün ömür boyu dəyişilməz qalacaq.
– Bugünkü gündəmi zəbt edən xarici ritmlərdən ibarət trend musiqilər bizim musiqimizə nə kimi zərər vurur? Bu kimi müsiqilərdən arınmağın yolları nələrdir?
– Mən bunu çox normal qarşılayıram. Əgər bayağılıqdan kənar ritmlərdirsə, buna çox yaxşı baxıram. Bu gün aşıq musiqisindən opera yaranıbsa, cazla muğamın sintezi varsa və daha çox kütlə bunu izləyirsə, xoş qarşılamaq lazımdır. Lakin onun da ən yaxşısını seçməliyik. Nəticədə insanlar həmin musiqilərdən həzz almalıdır. Milli musiqiyə xarici çalarlar qataraq zövqlü bir musiqi ortaya qoymalıyıq.
– İstedad və zəhmət. İndiki müğənnilərdə bu ikisindən hansı zəifdir ki, musiqi mədəniyyətimizdə çox irəliləyiş yoxdur?
– Ölkəmizdə çox istedadlı insanlar yetişir. Sadəcə təkcə Qarabağ zonasından çıxanları nəzərə alsaq, sanki böyük konservatoriyanın yetirmələridirlər. Sadəcə heç kəs zəhmət çəkmək istəmir, daha asan şəkildə pul qazanmaq istəyirlər.
– Sizə elə gəlmirmi ki, bəlkə maddi vəziyyət onlara bu sənətlə məşğul olmağa imkan vermir ?
– Azərbaycan Filarmoniyasında, Operada işləyən onlarla adam tanıyıram ki, vəziyyətləri elə də ürəkaçan deyil. Lakin onlar öz mədəniyyətlərini və sənətini pula satmırlar. Onlar yalnız və yalnız keyfiyyətli musiqi təqdim etməyi düşünürlər. Bu gün mən də bayağılığa üstünlük versəydim, böyük şanslarım və sevilmək imkanlarım ola bilərdi. Lakin heç vaxt tanınmaq və sevilmək üçün oxumamışam. Sənətimi daha gözəl şəkildə təbliğ etmək üçün bu arenadayam.
– İfa etdiyiniz mahnılar içində sizi ən çox qane edən hansı ifanızdır və bu nəylə bağlıdır?
– İfa etdiyim hər bir mahnını bəyənərək və məni qane etdiyim üçün oxumuşam. “Sual” mahnısı isə mənim üçün xüsusi yer tutur. Bu mahnı daha çox düşündürücüdür və insanlara mesaj ötürən bir mahnıdır. Qeyd edim ki, mənim üçün ciddi mövzu üzərində olan mahnılar daha çox üstünlük təşkil edir.
– Bəs pedaqoji fəalliyyətlə məşğulsunuzmu?
– Pedoqoji fəaliyyətlə demək olar ki, məşğul deyiləm. Sadəcə profesional şəkildə öz fəaliyyətimlə məşğulam.
– Bəs gələcəkdə bu barədə düşünürsünüzmü?
– Qətiyyən düşünmürəm. Həm vaxt baxmından uyğun görmürəm. Qeyd edim ki, özümü daha çox ifaçı kimi görürəm. Hər ifaçının yaxşı müəllim ola bilmədiyi kimi, hər müəllim də yaxşı ifaçı ola bilmir.
Elə müəllim tanıyıram ki, tələbələri ondan daha savadlıdır. Elə müəllim də var ki, çox gözəl oxuyur lakin bildiklərini tələbələrə çatdıra bilmir.
– Yaxın günlərdə konsertiniz olacaq. Konsertdə hansı yeniliklər gözlənilir? Duetlər olacaqmı?
– Fevral ayının birində Heydər Əliyev Sarayında solo konsertim baş tutacaq. Bu vaxta kimi bir çox ölkələrdə Azərbaycanı təmsil etmişəm. Vyana, Türkiyə, Rusiya, Qırğızıstan, Cənubi Koreya ölkələrində çıxışlarım olub. Bu konsertə hazırlaşdığım kimi heç yerdə hazırlaşmamışam və belə həyəcanlı olmamışam. Bu konsert mənim üçün çox önəmlidir və düşünürəm ki, bura sırf məni sevənlər və mənə dəyər verənlər gələcək. Mən də onlara elə bir musiqi təqdim etməliyəm ki, onlar həmin gündən böyük ruh və sevgi qidası alsınlar. Hazırda böyük hazırlıqlar gedir və yüksək məbləğdə pul xərclənir ki, konsert yaxşı alınsın. Burada məqsəd qazanc deyil, sadəcə Aqşin Abdullayevin yaradıcılığına layiq möhtəşəm bir konsert təşkil etməkdir. Təşkilində 100 nəfərdən çox insan bizimlə çalışacaq. Burada orkestr musiqiçiləri, həm rəqs ansablı, xor kopellası, pantomimo və s. yer alacaq.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətini xarici ölkələrdə təmsil etmişəm və bu konsertlərin 99 faizini Mədəniyyət Nazirliyi və Heydər Əliyev fondu tərəfindən təşkil olunub. Buna görə birmənalı olaraq Cənab Prezident İlham Əliyevə və dövlətimizə borcluyam. Mən əziyyət çəkmişəm, onlar da mənə yol açıblar.
Məni sevənlər üçün demək istəyirəm ki, konsertdə yanımda olsunlar. Qeyd etdiyim kimi, bu sıradan bir konsert olmayacaq və bu xüsusi gündə məni sevənlərin dəstəyini gözləyirəm.

Müxbir: Havar Şəfiyeva