.....

.....

Vicdan əzabı – Ramin Əhmədoğlunun şeirləri

Vicdan əzabı – Ramin Əhmədoğlunun şeirləri

Yuxu

Bu gecə yuxuma gəlmişdin mənim,
Bu gecə ömrümdə ən xoş gecəydi…
Elə xoşbəxt idim ay ömrüm, günüm,
Kaş, bütün həyatım belə keçəydi…

Üzündə təbəssüm, qəlbində sevinc,
Gülərək qaçırdın hey sağa, sola..
Doğrudan da adam dayanarmı dinc,
Ətrafda bu qədər gözəllik ola..

Başının üstündə dövr edən mələk,
Səni pis gözlərdən sanki qorurdu..
Saçını darayan xəfif bir külək,
Sənin gəlişinə büsat qururdu…

Hardasa bir bülbül ahəstə dinib,
Nəğmələr qoşurdu həvəslə yenə…
Bir dəstə kəpənək çəmənə enib,
Çələng toxuyurdu çiçəkdən sənə..

Göy də sevinirdi elə bil yer də,
Səmadan torpağa sevinc yağırdı…
Boynunu qaldırıb bənövşələr də,
Həsədlə gəzdiyin yola baxırdı…

Alıb aparmışdı bu yuxu məni,
Yarımçıq oyanmaq bəlkə də günah…
Orda şən, gülərüz görüncə səni,
İnan, istəmirdim açılsın sabah..

Nə həsrət çəkirdim ah, necə bilsən,
Sənli yuxuların çoxdan acıydım…
Bu ”ağ-qara filmin” baş rolunda sən,
Mən isə yeganə tamaşaçıydım..
Mən isə…yeganə tamaşaçıydım.

Naşükür

Bilirəm, məni tez unudacaqsan,
Daha yadına da düşməyəcəyəm..
O qədər başını qatan olacaq,
Ağlının ucundan keçməyəcəyəm…

Gəzib,axtardığın ”ağ atlı oğlan”,
Səni nağıllara götürəcəkdir…
Sonda ”üç alma”nın birini verib,
O da nağılını bitirəcəkdir..

Beləcə gümanın daşa dəydikcə,
Bəxtin iqbalından küsəcək sənin…
Küçədən tapılmış oyuncaq kimi,
Taleyin əllərdə gəzəcək sənin…

Nəfs-elə bir oddu, ruhunu sardı,
Qışın şaxtası da soyuda bilmir..
Simalar dəyişir, istək dəyişir,
Kimlərsə, kimisə ovuda bilmir…

Üstünə cumanda ”qara qüvvələr”,
Sənin arxan olub, dayağın oldum,
Bunca mücadilə eylədim ancaq,
Nə fayda, hər kəsdən ucuz tutuldum..

Odur ki, məni tez unudacaqsan,
Məktəbdə aldığın ”iki” qədər tez..
Birinə ”əl tutmuş” kimi davranıb,
Yolda buraxdığın yükü qədər tez..

Hər yada saldıqca haqsızlığını,
Ürəyim sızlayır, gözlərim dolur,
Səni qınamağım bəlkə də yanlış,
Axı naşükürlər unutqan olur..

Vicdan əzabı

Məni öz suçumun peşmançılığı,
Rahat buraxmayır əzəl günündən,
Bütün yaşananlar kino lenti tək,
Keçir pərdə-pərdə gözüm önündən…

Bəlkə də o şirin dilinə uyub,
Eşqinə qarşılıq verməməliydim..
Sevgi baxçasında öz gülüm varkən,
Mən özgə çiçəyi dərməməliydim..

Bəlkə də nəfsimə yenilməsəydim,
Əlim əllərinə çatmazdı sənin..
Rayihən könlümü məst eləyirkən,
Tikanın əlimə batmazdı sənin..

Bəlkə də rəsminin seyrinə dalıb,
Xəyallar içində azmamalıydım..
Mən bu imtahanın mən bu sınağın,
Adına ”eşq” deyib, yozmamalıydım..

İndi bir günahın vicdan əzabı,
Salıb taleyimin üstünə kölgə..
Hər halda mən səni tanımasaydım,
Bu qədər bəlkələr olmazdı bəlkə..

Əlim çatmadı

Bu nə dalğın baxış, nə qəmli duruş,
Xəyal acıları bitirmir axı.
Çəkil,pəncərənin önündən çəkil,
İllər apardığın gətirmir axı.

Kədər cizgiləri artıb üzündə,
Görən ürəyindən nə hisslər keçir.
Bir vaxt aramızdan su da keçməzdi,
İndi çaylar axır, dənizlər keçir.

Ayrılıq küləyi əsəndən bəri,
Bir eşqin alovu titrədi, söndü.
Yenicə doğulan saf sevgimizin,
Ömrü kəpənəyin ömrünə döndü.

Suallar önündə aciz qalmısan,
Qoy deyim bizimki niyə tutmadı.
O qədər zirvəyə qaldırdım səni,
Axırda özümün əlim çatmadı.

Ayrılığın ayaq səsi

Münəccim deyiləm, falçı deyiləm,
Nə də danışmayıb yalanı dilim..
Sən nə vaxt qəlbini verdin ki, mənə,
Mən də ürəyini oxuya bilim..

Bəlkə də bu sevda bitməzdi hələ,
Sənin soyuqluğun gətirdi sonun,
Mən eşqi zirvəyə daşımamışdım,
Hər gün üzərinə qar yağsın onun..

Bir zaman qəlbimi isidən bu eşq,
İndi yavaş-yavaş soyuyur orda..
Barı bundan belə üzmə o qəlbi,
Bir tabut xatirən uyuyur orda..

Yox artıq, bizimki tutmaz, incimə,
Sən heçə saydınsa ülvi hissləri,
Daha cəhd etməyin faydası yoxdur,
Gəlir ayrılığın ayaq səsləri..

Nakam eşq

Bir gün, catıb ömrün ahıl cağına,
Məni kecmişlərdən səsləyəcəksən.
Səsinə səs verən tapılmayacaq,
Onda məni görmək istəyəcəksən.

Bir bəhanə ilə evindən çıxıb,
Gələcəksən bizim ünvana sarı.
Məni xəbər alıb soruşacaqsan,
Hamı düşünəcək-”Kimdi bu qarı??”

Nəhayət bir nəfər deyəcək-”Nənə,
Nədir səni bura gətirən maraq?
Soruşduğun adam yoxdur həyatda,
Dünyasın dəyişib çox illər qabaq.”

Bu acı xəbərdən sarsılıb həmən,
Hönkürüb hönkürüb ağlayacaqsan.
Öyrənib yerini qəbristanlığın,
Yüyürüb, hec nəyə baxmayacaqsan.

Yolda düşəcəkdir ipək örpəyin,
Külək dağıdacaq dümağ telini.
Gah sağa gah sola boylanacaqsan,
Məzardan məzara qoyub əlini.

Axır tapacaqsan məzar daşımı,
Qəbrimin önündə diz çökəcəksən.
Baxıb deyəcəksən cavan şəklimə,
Mən burda tənhayam, sən orda təksən.

Hələ seyr edəndə gülən şəklimi,
Sənin də biranlıq üzün güləcək.
Yaylıqla silərkən məzar daşımı,
Bu dəmdə bir cavan oğlan gələcək.

Səni məzarımın yanında görüb,
Səndən soruşacaq-”kimsən ay nənə?”
Cavabsız qalacaq verdiyi sual,
Ona baxacaqsan, həm dönüb mənə.

Heyrətdən vücudun əsəcək tir-tir,
İlahi, yuxudur yoxsa bu gerçək.
Necə bənziyərmiş insan insana,
Donub qalacaqsan sən bizi görcək.

Sual dolu gözlər baxacaq göyə-
”Bunlar diridirlər, yoxsa ölüblər.”
Birdə baxacaqsan oğlanla mənə,
Sanki bir almayıq yarı bölüblər.

”Nə deyim mən axı, nə deyim ona”-,
Bunu düşünürkən öz özlüyündə.
Oğlansa sualı cavabsız görüb,
Gəlib dayanacaq qəbrin önündə.

Bir Yasin surəsi oxuyacaqdır,
Duanın sonunda deyəcək-”AMİN”..
Bilirsənmi kimdir bu cavan oğlan?
O mənim nəvəmdi, adı da Ramin..