.....

.....

HİKMƏT ZİYANIN ŞEİRLƏRİ

HİKMƏT ZİYANIN ŞEİRLƏRİ

ANAMIZ AZƏRBAYCAN

Yurdumdur Azərbaycan,
Qoluyam qanadıyam.
O, mənim doğma anam,
Mən onun övladıyam.

Ona mənim atam da,
Anam da “ana” deyir.
Ona mənim nənəm də,
Babam da “ana” deyir.

SEVİMLİ MƏKTƏB

Günəşin şəfəqində
Yuyunanda çölçəmən,
Xoş ətrini yayanda
Hər yana gül-yasəmən,
Atlaz don geyinəndə
Zirvəsi qarlı dağlar
Şırhaşırla axanda
Sərin sulu bulaqlar
Göy suları Xəzərin…
Dincəldik biz fərəhlə
Qoynunda ağ günlərin.
Dənizdə qağayıtək
Qanad açıb üzdük biz,
Bu diyarı səyyahtək
Oymaq-oymaq gəzdik biz.
Keçdik sıx meşələrdən
Gen düzləri dolaşdıq,
Neçə gur çay addayıb,
Neçə dərədən aşdıq.
Kəmənd atıb dırmandıq
Sıldırım qayalara
Arxamızda çantamız
Üz qoyduqsa biz hara
Göy yamaclar, örüşlər
Bu yerin dağıdüzü …
Əlvan mənzərəsiylə
Oxşadı qəlbimizi.
Ana məktəb, indi də
Gəlirik, aç qoynunu.
Bağrına bas yenə sən
Öz qızını, oğlunu!
Fərəh dolu günlərdən
Yeni qüvvət alaraq,
Dönürük biz yanına
Alnı açıq, üzü ağ.
Arzumuzu bilirsən;
Ucalt, sevimli məktəb,
Bir pillə də bizi sən.