.....

.....

Xatirə Həsrətin şeirləri

Xatirə Həsrətin şeirləri

AY ANA.

Sığal çək başıma,qurbanın olum,
Məni o illərə götür ,ay ana.
Hələ uşaqlığın həsrətindəyəm,
İtən sevincimi gətir , ay ana.

Oxşa,sıx qoynunda yumağa dönüm ,
Ərköyün , küsəyən uşağa dönüm,
Şirin layla çalnan o çağa dönüm,
Zülmət gecələri itir , ay ana.

Ata nəfəsinə doysun nəfəsim ,
Sarılım boynuna , yolunu kəsim.
Divarın daşını titrətsin səsim ,
Nisgillər ölümdən betər , ay ana.

Gəldi kənd qoxusu burnuma birdən,
Təzə , isti-isti çıxar təndirdən.
Dürmək bük lavaşla,motal pendirdən ,
Yanında bal-qaymaq gətir , ay ana.

Qaranquş xəyallar bir-bir ötüşür,
Qış günü könlümə gör , nələr düşür.?
Quruddu,kartoflu bir xəngəl bişir,
Çəkib,sini-sini ötür , ay ana.

Bələ ocağının isti külünə,
Dəymədi dadıntək ləzzət dilimə.
Yadıma düşübdü ,qurban əlinə ,
Fəsəli,köppəcə , fətir ,ay ana.

Səhər dan sökülüb , ağaranda yer ,
Yundan toxuduğun ağ köynəyi ver.
Dara saçlarımı , iki hörük hör ,
Məktəb yollarına ötür , ay ana.

Nəmli gözlərimin al günəşi ol ,
Nurunla,sevginlə ürəyimə dol.
Kəbə örtüyüdü,dolanım min yol,
Duyum ağ saçından ətir , ay ana.

Alıb Xatirəni elinə qaytar ,
Qürbət zindanından Cilinə qaytar .
Göyçə sonasını gölünə qaytar ,
Hicran yanğısını bitir , ay ana.

QAYTARDILAR QARABAĞI.

Sinəsi sipər oğullar,
Qəlbində təpər oğullar,
Düşmənə çəpər oğullar!
Qanla yudular torpağı,
Qaytardılar Qarabağı!

Şimşək-şimşək od çaxdılar,
Qayalardan dik qalxdılar.
Keçilməyən səd yıxdılar,
Dağ üstündən çəkib dağı,
Qaytardılar Qarabağı!

Biri “Əziz anam!”-dedi,
Biri “Eşqim ,sevdam !”-dedi.
Biri “Cənnət dünyam !”-dedi.
Açıb ölümə qucağı ,
Qaytardılar Qarabağı!

Nəfəsinə can verdilər,
Yaşatmağa qan verdilər,
Şərəfinə şan verdilər ,
Öpə-öpə al bayrağı,
Qaytardılar Qarabağı!

Neçə cəsur ,ər qəhrəman!
Qurdürəkli ,nər qəhrəman!
İgid ,cəngavər qəhrəman!
Yandırıb sönən ocağı,
Qaytardılar Qarabağı!

Azad yurdda doğdu Günəş,
Qığılcımdan qopdu atəş.
Turan ellərə düşdü səs,
Zəfər,Qələbə sorağı!
Qaytardılar Qarabağı!

İşıq saçıldı zülmətə,
Son qoyuldu qəm-həsrətə.
Taxt ucaldıb Şəhadətə!
Oldular cənnət çırağı,
Qaytardılar Qarabağı!

ÖLDÜR MƏNİ.

Susdurub lal etmə, Tanrım, dara çək ,
Qələmin sehrindən as öldür məni.
Yalanı boynuma dolamaqdansa,
Haqqa qurban elə, kəs öldür məni.

Əymə sevincimi, kədəri dəyiş,
Köhlənim yol üstə yəhəri dəyiş,
Alnıma yazılan qədəri dəyiş,
Əyməmiş bir tənə söz , öldür məni.

Nurundan yarat ki, ziyam sönməsin,
Qanad ver ruhuma, göydən enməsin,
Yanım ulduz-ulduz odum senməsin,
Birindən min elə yüz öldür məni.

Ək-biç, torpağının boz şumuna qat,
Bir sevda quluyam , öz eşqinə sat,
Dərin dəryaların qucağına at ,
Günahı boynuma yaz, öldür məni.

Tökülür ömrümün xəzəl illəri,
Tufansız ötüşmür payız yelləri,
Qıyma Xatirəyə özgə əllləri,
Baxma ah – naləmə, döz ,öldür məni.