“Həyatın Absurdluğundan Ədəbiyyatın Şahəsərinə: Franz Kafka”
Heç özünüzü anlaya bilmədiyiniz bir dünyanın ortasında tənhalıqla üzləşdiyinizi hiss etmisiniz? Franz Kafka, bu duyğunu hiss edən və əsərlərində bənzərsiz şəkildə təsvir edə bilən nadir yazıçılardan biridir.
Franz Kafka 20-ci əsr ədəbiyyatının ən sirli və təsirli simalarından biridir. Onun həyatı, psixoloji dərinliklərlə dolu əsərləri və insanın tənhalığını qavrayışı, hələ də oxucular və tədqiqatçılar arasında maraqla müzakirə olunur.
Franz Kafka 3 iyul 1883-cü ildə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Praqada, yəhudi ailəsində dünyaya gəlmişdi. Ailəsində altı uşaqdan yalnız üç bacısı və Kafka sağ qalmağı bacarmışdır. İki kiçik qardaşı uşaqlıqda vəfat etmiş, bu itkilər ailənin üzərinə qara bir kölgə salmış və Kafka’nın tənhalıq hissini daha da gücləndirmişdir.
Kafka’nın uşaqlıq illəri, xüsusən də atası Hermann Kafka ilə münasibətləri baxımından çətin keçmişdi. Atası sərt, avtoritar və tələbkar bir insan idi. Franzın incə, sakit və duyğusal xarakteri ilə atasının güclü və əmrkar təbiəti arasında daim toqquşmalar yaşanırdı. Franz atasını həyatındakı ən böyük təzyiq mənbəyi kimi görürdü. Daha sonra yazdığı “Ataya Məktub” adlı əsərində bu münasibətləri təfərrüatlı şəkildə təsvir edir. Bu əsərdə atasının şəxsiyyəti ilə öz zəiflikləri arasındakı ziddiyyəti açıq şəkildə ifadə etmişdi.
Franzın anası Julie Kafka isə daha yumşaq və anlayışlı idi, lakin ailədə hər zaman ərinin hakimiyyəti altında qalmış, bu isə Franzın anasına yaxınlaşmasına çətinlik yaratmışdı. Evlərində hakim olan sərt və məsafəli atmosfer, Franzın şəxsiyyətində dərindən iz buraxmışdır. O, bu təzyiq və təklik hissini əsərlərinə ötürmüş, xüsusən də insanın güclü bir şəxsiyyət qarşısındakı acizliyini təsvir edən əsərlər yazmışdır.
Franz uşaqlıqda həmçinin antisemitizm ilə də qarşılaşmışdı. Yəhudi ailəsindən gəlməsi ona cəmiyyətdə müəyyən ayrımcılıqla üzləşmək məcburiyyəti yaratmışdı. Ailə, dini inanclarına sadiq qalsa da, Franz bu mühitdə özünü həmişə yad hiss etmişdi.
Franz Kafka 1889-cu ildə Praqada alman dilli bir məktəbdə təhsil almışdır. O dövrdə Avstriya-Macarıstan imperiyasında alman dilində təhsil, yəhudi ailələr üçün prestijli hesab olunurdu. Kafka məktəb həyatında diqqətçəkən bir şagird idi, lakin dərslər onun üçün daha çox təzyiq mənbəyi olmuşdur.
1901-ci ildə Kafka orta təhsilini tamamladıqdan sonra Praqa Universitetinə qəbul olmuşdur. Əvvəlcə Alman Filologiyası üzrə təhsil almağa başlasa da, atasının təzyiqi ilə hüquq fakültəsinə keçid edir. Hüquq təhsili ona gələcəkdə müstəqil bir karyera qurmaq imkanı verəcəkdi, lakin bu sahə Franz üçün heç vaxt həvəsli bir seçim olmamışdır. Hüquq təhsili digər ixtisaslara nisbətən daha uzun idi, bu isə Kafka’ya müxtəlif ədəbi və fəlsəfi mühazirələrə qatılmaq imkanı yaratmışdır.
1906-cı ildə hüquq təhsilini başa vuraraq doktor dərəcəsi alır. Lakin onun hüquq sahəsinə marağı az olduğundan, bu sahədə fəaliyyət göstərməkdən daha çox yazı yaradıcılığına yönəlməyi arzulayırdı. Hüquq dərəcəsi ilə əlaqəli təcrübə proqramlarını tamamladıqdan sonra 1908-ci ildə Praqadakı Bohemya İşçilərin Qəzaları Sığorta İdarəsində işə başladı.
Kafka’nın ilk karyerası, monotonluğu və sərt tələbləri ilə onun üçün böyük bir yük idi. Sığorta idarəsində iş şəraiti çətin idi, lakin o, işində məsuliyyətli və səmərəli idi. Buna baxmayaraq, gündəlik iş rejimi Kafka’ya ədəbi yaradıcılıq üçün çox az vaxt buraxırdı. Yazmağa əsasən gecələr vaxt ayırır və öz düşüncələrini yazıları ilə ifadə edirdi.
Bu dövrdə Kafka artıq ilk ədəbi əsərlərini yazmağa başlamışdı. İş mühitinin, insanların bürokratik sistemdəki məğlubiyyəti və çarəsizliyi onun yaradıcılığında mərkəzi mövzulardan birinə çevrildi. Gələcəkdə yazacağı əsərlərində, xüsusilə “Məhkəmə” və “Qəsr” romanlarında bu təcrübələrdən ilham almışdı.
Kafka’nın təhsili və karyerasının ilk illəri onun dünyagörüşünün və ədəbi üslubunun formalaşmasında həlledici rol oynadı.
Franz Kafka, yazmağa gənc yaşlarından başlamış, lakin yaradıcılığına ciddi yanaşması universitet illərinə təsadüf etmişdir. Hüquq təhsili aldığı dönəmdə, dərslərlə yanaşı fəlsəfi və ədəbi müzakirələrə qatılmış, Alman ədəbiyyatının böyük yazıçılarını öyrənmişdir. Dostları ilə birlikdə formalaşdırdığı intellektual dairələrdə ədəbi maraqlarını daha da dərinləşdirərərk ilk əsərlərini yazmağa başlamışdır. O, əsərlərini əsasən gecələr yazırdı. Gündüzlər sığorta idarəsində işləsə də, yaradıcılıq onun üçün bir qaçış yeri olmuşdu. Onun yazıları şəxsi təcrübələrindən, daxili mübarizələrindən və insanın cəmiyyətlə münasibətlərindən ilham alırdı. Kafka, qələmə aldığı mətnləri tez-tez dostlarına oxuyurdu, lakin onları çap etdirməkdən çəkinirdi. O yazılarını şəxsi və həssas bir ifadə vasitəsi kimi görürdü.
Kafka’nın ilk çap olunmuş əsəri “Müşahidələr” (1912) adlı hekayələr toplusu olmuşdur. Bu toplu onun fərdi üslubunun ilkin nümunəsi kimi qəbul edilir. Bu hekayələrdə əsasən absurdluq və tənhalıq mövzuları diqqət çəkir.
Franz Kafka’nın 1915-ci ildə yayımlanan “Dönüşüm” (almanca Die Verwandlung) əsəri, dünya ədəbiyyatında ən təsirli və simvolik qısa romanlardan biri hesab olunur. Qısa olmasına baxmayaraq bu əsər, insanın cəmiyyət və ailə ilə münasibətlərinə dair dərin fəlsəfi və psixoloji təhlilləri təqdim edir.
“Dönüşüm” əsəri, bir səhər yuxudan oyandıqda nəhəng bir həşərata çevrildiyini görən Gregor Samsa adlı satıcıdan bəhs edir. Gregor’un bu yeni vəziyyətində ailəsi və cəmiyyətlə münasibətlərini təsvir edən maraqlı bir əsərdir. Kafka, əsərdə absurd və gerçəklik arasında bir xətt çəkərək, oxucunu insan tənhalığı, qəbul edilmə və özgələşmə mövzularını araşdırmağa dəvət edir.
Əsərdə Gregor’un həşərata çevrilməsi, insanın ailə və cəmiyyət içindəki özgələşməsini simvollaşdırır. Gregor əvvəllər ailəsini maliyyə baxımından dəstəkləyən biri idi, lakin həşərata çevrildikdən sonra artıq yük kimi görülməyə başlaması, insanların yalnız faydalı olduqları müddətdə dəyərli hesab edildiyini oxucuya göstərir.
Əsər, ailə üzvlərinin Gregor’a qarşı münasibətlərindəki dəyişiklikləri təsvir edir. İlk başda ona mərhəmət göstərməyə çalışan ailəsi, zamanla onu tamamilə rədd edir. Bu, insanların dəyişən şəraitdə bir-birinə münasibətini və mənfəət əsaslı yanaşmanı sərt bir şəkildə tənqid edir. Gregor’un həşərata çevrilməsi, yalnız fiziki deyil, həm də mənəvi bir dəyişimi ifadə edir. Bu metamorfoz, insanların həyatındakı daxili təlatümləri, cəmiyyətin yaratdığı təzyiqləri və fərdi itkiləri simvolizə edir.
Kafka’nın əsərdə istifadə etdiyi sadə, lakin təsirli dil bəzi oxucuda həm qəribəlik, bəzi oxucularda isə yaxınlıq hissi yaradır. Əsər birinci şəxsdə yazılmasa da, hadisələr tamamilə Gregor’un baxış bucağından təsvir olunur. Bu, oxucunun onun tənhalığını və iztirabını daha dərindən hiss etməyinə imkan yaradır.
“Dönüşüm” yalnız bir hekayə deyil, həm də insan varoluşunun mənasını araşdıran dərin fəlsəfi bir mətn hesab olunur. Kafka, insanın cəmiyyətdəki rolunu, öz kimliyini necə itirdiyini və ailənin çətinliklər qarşısında necə dəyişdiyini əks etdirir. Əsərdə insanın fiziki və mənəvi metamorfozunun təsviri, həyatın absurdluğunu və insanın bu absurda uyğunlaşmağa çalışmasını tənqid edir.
Franz Kafka’nın “Dönüşüm” əsəri, insanın mənəvi böhranını və cəmiyyətin sərt reallıqlarını dərin şəkildə əks etdirən nadir əsərlərdən biridir. Gregor Samsa’nın faciəsi, hər oxucunun öz həyatında yaşadığı özgələşməni, tənhalığı və dəyərsizlik hisslərini anlamağa imkan verir. Bu əsər, yalnız Kafka’nın deyil, bütün dünya ədəbiyyatının ən parlaq nümunələrindən biri olaraq qəbul edilir.
Məhkəmə (Der Prozess)
Kafka’nın ölümündən sonra, 1925-ci ildə yayımlanan bu əsər, səbəbsiz şəkildə həbs edilən Josef K. adlı bank işçisinin hekayəsindən bəhs edir. Josef K. hansı cinayətlə ittiham olunduğunu bilmədən, absurd və bürokratik bir məhkəmə sistemi ilə mübarizə aparmağa çalışır. Kafka bu əsərində insanın mənasız və ağır bir sistem qarşısındakı çarəsizliyini mükəmməl bir şəkildə oxucuya çatdırır.
“Məhkəmə” Kafka’nın ən simvolik əsərlərindən biri olaraq, hüquq və ədalət sistemlərinin absurdluğunu dərin fəlsəfi səviyyədə araşdıran bir əsər kimi ədəbiyyat tarixində öz yerini tapmışdır.
Qəsr (Das Schloss)
Kafka’nın ölümündən sonra 1926-cı ildə yayımlanan bu roman, bir kəndə gələn K. adlı torpaqölçən mühəndisin, orada yerləşən qəsrə daxil olmağa çalışmasını təsvir edir. Lakin K. qəsrə daxil ola bilmir və onun bütün səyləri nəticəsiz qalır.
Əsərdə Qəsr, insanın həyatdakı məqsədlərinə çatmaqda qarşılaşdığı maneələri simvollaşdırır. Qəsrə girmək üçün qarşılaşdığı absurd prosedurlar, Kafka’nın bürokratik sistemə tənqidini əks etdirir. İnsan həyatının mənasız bir mübarizədən ibarət olduğunu ən təsviri əsərdə əsas motivdir. “Qəsr” insanın öz kimliyini axtarışı və həyatın mənasını tapmaqda qarşılaşdığı maneələr haqqında güclü bir əsərdir.
Amerika (Der Verschollene)
Kafka’nın tamamlanmamış romanı olan “Amerika”, Karl Rossmann adlı gənc bir yəhudi oğlanının, ailəsi tərəfindən Avropadan ABŞ-a göndərilməsindən sonra yaşadığı macəraları təsvir edir. O, burada qəribçilik, sosial iyerarxiya və insanın mübarizəsini əks etdirən müxtəlif hadisələrlə üzləşir. Karlın yeni bir mədəniyyətə uyğunlaşmaq cəhdləri, miqrantların qarşılaşdığı çətinlikləri simvollaşdırır. ABŞ-ın böyük imkanlar ölkəsi olduğu düşünülməsinə baxmayaraq, Karl, sosial bərabərsizliklə üzləşir. Bu əsərdə də fərdin cəmiyyətdəki tənhalığı və yadlaşması mərkəzi mövzulardan biridir. “Amerika” Kafka’nın digərlərinə nisbətən daha fərqli üslubda yazdığı, lakin yenə də insan və cəmiyyət arasındakı münasibətləri araşdıran təsirli bir əsərdir.
Bu əsərlərdən əlavə, Kafka’nın qısa hekayələri də dünya ədəbiyyatında böyük əhəmiyyətə malikdir. Onlardan:
*Aclıq Sənətçisi (Ein Hungerkünstler)
*Müşahidələr (Betrachtung)
*Cəza Sömürgəsində (In der Strafkolonie)
*Kənd Həkimi (Ein Landarzt)
*Bir Akademiyaya Hesabat (Ein Bericht für eine Akademie)
*Qapıçı Hekayəsi (Vor dem Gesetz)
*Bir Mübarizə Təsviri (Beschreibung eines Kampfes)
*Şakallarla Ərəb (Schakale und Araber)
*Süvarilər Ordusu (Die Truppenkammer)
*Köşkdə Adam (Der Kübelreiter)
*Sübh Çalğıları (Die Morgenröte) kimi qısa hekayələri də Kafkanın maraqla oxunan hekayələr arasındadır.
Franz Kafka, ədəbiyyatda insan varoluşunun ən mürəkkəb və əzablı tərəflərini araşdıran bir yazıçı kimi özünəməxsus bir yer tutur. Onun əsərləri, modernizmin və ekzistensializmin təməl daşı sayılan əsərlər arasında yer alır. Kafka’nın ədəbiyyatdakı rolu sadəcə hekayələr danışmaq deyil, oxucunu həyatın absurdluğu, mənasızlığı və insanın cəmiyyətlə mübarizəsi ilə üz-üzə qoymaqdır.
Kafka, əsərlərində qarmaqarışıq bürokratik sistemləri, insana yadlaşmış cəmiyyətləri və daxili iztirabları ustalıqla təsvir edir. Onun təsvir etdiyi absurd və məntiqsiz dünyalar, həqiqətdə insanların hər gün qarşılaşdığı mənasız reallıqların bədii ifadəsidir. Bu mənada, Kafka’nın əsərləri, təkcə onun dövrünün deyil, bütün zamanların insan problemlərini əks etdirir. Kafka’nın qələmi, insanın cəmiyyət içindəki dəyərini, tənhalığını və yadlaşmasını anlamağa çalışan hər kəs üçün bir bələdçidir. Onun əsərləri oxuculara özlərinə suallar verməyə təşviq edir: İnsan kimdir? Cəmiyyət içindəki rolu nədən ibarətdir? Ədalət və mənəviyyat arasındakı sərhəd haradadır?
Dərin fəlsəfi məzmunu və universallığı sayəsində, Kafka yalnız ədəbiyyat tarixinə deyil, həm də fəlsəfə, sosiologiya və psixologiya sahələrinə təsir etmişdir. Onun yaratdığı dünyalar oxucuları düşünməyə, öz reallıqlarını sorğulamağa və insanın mürəkkəb təbiətini daha dərindən anlamağa səsləyir.
Franz Kafka, ədəbiyyatın insan həyatına bir güzgü tutma gücünü göstərən, həqiqətlərin ən ağrılı tərəflərini bədii ustalıqla işıqlandıran bir dahi olaraq daim xatırlanacaq. Onun qələmindən çıxan hər sətir, oxucular üçün yeni bir dünyaya açılan pəncərə kimidir. Bu pəncərədən baxan hər kəs, öz varoluşuna dair cavablanması çətin olan suallarla üzləşir. Kafka’nın ədəbiyyatdakı rolu məhz bu sualları vermək və onları düşünmək üçün bizə yol göstərməkdir.