.....

.....

Zimhəri (13- cü hissə) – İlhamə Kədər

Zimhəri (13- cü hissə) – İlhamə Kədər

Zimhəri (13-cü hissə)

Qarışqanın yeni yuvasının yanında əvvəlki cənnət bağçası oldu.

Təkcə üst-başlarında bərq vuran iri mücəvhərlər,zövqsüz seçilmiş marka geyimlər,açıq ağızlardakı qızıl dişlər yox geniş həyətin düz ortasında “lövbər salan” böyük, yöndəmsiz evin damından qapısına can zər-zəbərcəd olması sonradan görmüşlüklərini bar-bar bağırırdı.

İlk baxışdan xarici filmlərdəki genəl evləri xatırladan qondarma villada qəbilə şəklində yaşayan adamlar üçün böyük-kiçik,hörmət,mədəniyyət anlayışı belə yox idi.Uca səslə danışır,sözə söyüşlə başlayır,zarafatla bir-birinə yumruq,təpik atırdılar.Qızlar isə elə “zıpa irtməyi qoparan” idi.Sözdə evin ağsaqqalı olan atalarının yanında ayıb yerlərinin adını sərbəstcə çəkən bu “qız”ların həya pərdəsindən heç xəbərləri də yox idi.

Nəslin bütün qızlarının gözaltısı olan oğlanın kiminlə evləndiyi hamıya maraqlı gəldiyindən gecəyarıyacan dəstə-dəstə yığışıb laqqırtı vurur,Qarışqa ilə ünsiyyət qurmaqdan ötrü dəridən-qabıqdan çıxırdılar.

Təzə bəy barədə elə danışırdılar ki,güya peyğəmbərin səhabəsi idi…

Əslində isə hər oyundan çıxmış,içki və narkotik aludəçisi olan adam elə ilk gündə əl qaldırmışdı ona.

-Sənə görə hər p…u yedim mən-deyə otağa girən kimi vurmuşdu onu-illərlə süründüm dalınca,görməməzliyə vurdun özünü,məni yoxa saydın,and içmişəm ölən günə qədər sənə gün üzü göstərməyəcəm.Səni istəməmişdən siqaretin dadını bilməmişəm,sənin ucbatından narkoman oldum.

Bu psixi xəstənin illərlə onu təqib etdiyini onda xatırladı.O qanlı gündə çayı keçib yoxuş yuxarı qaçanda ağacların arxasına qısılmış bir uşaq dəymişdi gözünə dolu kimi yağan mərmilər və briqadaya çatmalı məlumat səbəbiylə ayaq saxlayıb kömək etməmişdi.Açıq ərazilərə nisbətən təhlükəsiz olan ağaclıqda daldalanan birindən çox özünə kömək lazım idi 222nin.

Hə bir də sonra, hər gün məzarlığa gedəndə beş -on addım aralıdan kiminsə kölgə kimi gəzdiyini hiss edirdi amma onda qarabasma ya da ruhlar tərəfindən izlədiyini düşünər,hətta bəzən eymənərdi.

Bir neçə dəfə “bəlkə əzrayıldı,məni aparmağa gəlib” deyə sevindiyi vaxtlar da olurdu.Çevrilib baxanda kölgə ayaq saxlayıb başını yerə dik buər,sonra da çəkilib yox olardı.

Onda öz dediyi kimi “ağıllı-başlı adam”imiş.Sonradan, saya alınmadığı o qədər ağır gəlib ki,pis vərdişlərə aludə olubmuş.

Bəzi insanların sevgisi həqiqi olmur höccət olur, inad olur axırda da düşmənçilik həddinə çatır.Sevgini ən təmiz,ən müqəddəs məfhum sayan Qarışqanın qismətində o müqəddəsliyin başqa üzüylə tanış olmaq da varmış sən demə.

Adını sevgi qoyduğu ruhi xəstəliyin acısını 

gah fiziki,gah psixoloji işgəncələrlə çıxarırdı adam cildindəki yırtıcı.

Gah öz-özünə danışıb gülür,gah oynayır gah da səbəbsiz yerə qışqır-bağır salıb əlinə keçəni vurub sındırırdı.Evə kimsə gələndə yaxud harasa gedəndə isə dəyişib tamam başqa adam olurdu,mədəni,mərifətli.

Bircə yaxın qonşular bilirdi məsələnin iç üzünü.Bir gün evdə heç kim olmayanda kimsə astadan onu çağırdı.Yavaşca pəncərəni açanda hündür daş hasarın üstündən qonşu qadının başı göründü.Xınalı saçları mavi kastinkasının altından sürüşüb tərli alnına yapışmış mavi gözlü,fındıq burunlu qadın balaca düyünçəni hasarın başına qoyub:-

-Qızım-dedi-bilirəm uzaqdan gəlmisən bura səninçün yol pulu qoyuram nərdivanı da hasardan götürməyəcəm nə qədər ki heç kim yoxdu qaç canını qurtar,o gedə dəlidi,nəşəlidi,onunla dolanmaq mümkün deyil.Ya da istəyirsən mənə nömrə ver ata-ana xəbər verim gəlib səni aparsınlar.

Qadın danışdıqca ürəyi köz -köz olsa da dinə bilmədi,eləcə başını bulamaqla”yox” deyib pəncərədən çəkildi.

Həmin an o evdən qaçıb getmək ən böyük arzusuydu Qarışqanın amma hara,kimin yanına gedəydi?.Onsuz da özünü xəyanətkar kimi hiss edir,bütün günü suçlu -suçlu dolanırdı.Zədəli başına dəyən zərbədən qızlıqdan qadınlığı necə keçdiyini belə bilməyən yazıq artıq ana olacaqdı.

Bir gün,görünməmiş hal kimi ayıq başla evə gələn adam uzun barmağını silkələyib hamıya ultimatum verdi:

-Sabah tezdən hamınız durub hazırlıq görün,beş -altı cür qazan yeməyi hazırlayın,restorandan kababçı çağırmışam, bayırlıq işi də fəhlələr görəcək.

Həmişə qaşının biri yuxarı,əlinin biri burnunda,rəngli saplarla üst -üstə düyümlənmiş casusu yaxasında olan anası əlini burnundan çəkib üstünə silərək “yenə kim gəlir a Taleh”deyə mızıldadı.

Oğlan qonşuların eşidə biləcəyi səslə cavab verdi:

-Qaynanamgili qonaq çağırmışam,dedim hamınız yığışıb gəlin.

Sonra Qarışqaya dönüb :-Yetim-dedi-çıx əynini dəyiş,səni salona aparacam,qızlar əl gəzdirsin, rəngin solub,bayquşa dönmüsən,üzünə baxanda adam həyata nifrət edir.

Qəribədir bu “kaktus”un tikanlı sözləri bir zərrə də xətrinə dəymədi,kirimişcə yuxarı çıxıb böyük paltar şkafının qapısını açdı.Çoxsunun emblemi belə qoparılmış marka paltarlarla dolu şkafda öz zövqünə uyğun heç nə olmasa da içlərindən birini seçib geyindi, mücrünün içindəki iri qaşlı zinət əşyalarını taxdı (təlimat belə idi harasa gedəndə ya evə kimsə gələndə mütləq təzə paltar geyinməli,bütün zinət əşyaları baxılmalı idi.Evdəki qadınlar kilo ilə qızılı üstlərindən çıxarmadığı halda Qarışqa bu qızıllardan nifrət edirdi).

Xeyli vaxtdan bəri birinci dəfə güzgüyə baxanda doğrudan da bayquşa bənzədiyini düşündü.Sevmədiyin adamın hədiyyələri də sevgisi kimi olur nə qədər gözəl və qiymətli olur olsun yaraşdıra bilmirsən özünə,yaraşdırmağa çalışdıqca daha da tökülüb itir.

***

Gözəllik salonunun qapısında “İstədiyin kimi bəzən,saçını istədiyin rəngə boyat,amma kəsdirmək haa” deyə tapşırıq almasına baxmayaraq ilk işi çiyinlərinə çatmış saçlarını kəsdirmək oldu heç bir boyadan,bəzəkdən istifadə etmədi,yalandan üzünə,qaşına əl gəzdirdilər o qədər.

Maşında gözləyən Taleh yenidən qısalmış saçları görəndə əsəbindən xoruz kimi qızarıb pırpızlandı,hədəqəsindən çıxmış gözlərini ovcunun içi ilə ovuşdurun pufuldaya-pufuldaya “sənin başını kəsəcəm”dedi.

Ordan birbaşa Alman malları satılan mağazaya gəldilər Qarışqanın heç xoşlamadığı bir qucaq bahalı pal-paltar alıb qızıl dükanları olan küçəyə keçdilər səhərdən ac-susuz dolaşan hamilə qadının vəziyyətinə baxmadan saatlarla mağazaları gəzib yararlı,yararsız xeyli daş-qaş aldıqdan sonra evin yolunu tutanda rəhmsiz adam uzun barmağını onun alnına dayayıb hökmlə:

-Bax haa-dedi-birdən çaşıb arada savaşdığımızı anangilin yanında ağzından qaçırsan ondan sonra özünü ölmüş bil.

“Savaşdığımızı haa,xəstə təfəkkürlə səbəbsiz yerə dava saldığımız yox “deyə ürəyindən keçirsə də dillənmədi.Əslində ağzını açmağa taqəti də yox idi.Başı gicəllənir,gözləri qaranlıq gətirirdi.Gəlib xirtdəyinə dayanmış ürəyini sakitləşdirmək üçün gözlərini yumub başını tərpətdi.

Əslinə qalsa bu əzrayıldan zərrə qədər də qorxmurdu Qarışqa sadəcə üzünü görmək,kəlmə kəsmək istəmirdi onunla.

Bütün varlığıyla nifrət edirdi ona,iyrənirdi.

Amma bir şeyi də bilirdi ki,anası gilə, onu bu ruh xəstəsinə qurban verən vicdansızlara bir kəlmə də şikayət etməyəcək.Heç onların gəlməyini də istəmirdi.

Birdən dirsəyinin bükümündə göynədici ağrı hiss edib gözlərini açanda başının üstündə ağ xalatlı qadınları görüb özünü itirdi.Sol qolundan əyri dəmirin ucundakı şüşəyə uzanan şəffaf şlanq can verən adamın sinəsi kimi aram-aram titrəyirdi.

Sən demə elə maşında gözlərini yumanda huşunu itirib yıxılıbmış.

Həkim iynə -dərman resepti ilə yanaşı uzun bir bəslənmə resepti də yazıb “mütləq günün üçdə iki hissəsini yataq rejimində keçirsin,stresdən,həyəcandan,səs-küydən uzaq olsun” deyə dönə -dönə əlavə etdi.

Xüsui həkim nəzarəti yazılan xəstələr adətən xəstəxanada,tək otaqda qalmalı idi amma bir dəstə yaşıl pulu sol əliylə alıb  “əlbəttə istisna hallar da olur”deyə ağ xalatının cibinə basan həkim sağ əlini Talehin çiyninə qoyub əlavə etdi :

-İstisnalar niyə var,bax balamın canıyçün pula görə demirəm,sənə arxayınam,hörmətli,izzətli oğlansan,bilirəm ki,xəstəyə öz evində burdan yaxşı baxılacaq,hansı tibb bacısını desən yoldaşınçün ayıraram gündə gedər evə,lap istəsən gecəni də qalar.Öz aranızda xidmət haqqını həll edərsiniz.

Beləliklə uzun “caynaqlı”,qırmızı başlı,qaraşın sifətinə heç uyuşmayan göm göy linzası olan ortaboy,qarınlı,buxaqlı bir tibb bacısı da elə onların maşınına minib geniş həyətin ürəyinin başında qurğuşun kimi “oturmuş” yöndəmsiz evdəki özü ağıldalara qarışdı.

***

Bir il ərzində birinci dəfə qızlarını görməyə gələn əqrabalar Qarışqanın yataqda “başına pərvanə kimi dolanan medsestirasını, iki-üç dənə ağ önlüklü xidmətçisini,çah-cəlallı ev eşiyini görəndə elə üzünəcə bəxtəvər oxudular.Ən birinci iynəni yenə bacısı sancdı:

-İiih,bu nədi a qancıq,karaleva kimi yaşayırsan ki.

Bibilər,əmi qızları ilk dəqiqələrdəncə evdəki  “harsın”larla qaynayıb -qarışıb,böyük otaqda hırıldaşırdılar.

Bircə anasının səsi çıxmırdı,həmişəki kimi bir tərəfdə büzüşüb oturmuşdu,arabir gözünün ucuyla peşman-peşman baxırdı,illərlə əzizləyib böyütdüyü sonra da bircə günün içində şəfqətini,məhəbbətini bıçaq kimi kəsdiyi qızına.

Arvad çox dəyişmişdi lap arıqlayıb ovurdları batmış,gözləri çuxura düşmüşdü saçının qaraları tamamən ağarmış,vaxtilə yanağına kölgə salan uzun,sıx kiprikləri gödəlib seyrəlmişdi.