.....

.....

QALADAKI BAYRAĞIM -Sevinc Nuruqızı

QALADAKI BAYRAĞIM -Sevinc Nuruqızı

Azərbaycan

Zirvələri ağappaq
Buludlara dirənən.
Çayları kəmər kimi
Qoynu ilə sürünən.
Şuşasından baxanda
Əliçitək görünən
Azərbaycanım.

Hər ayağın izində
Bir bulağı qaynayan.
Səmasında şimşəklər
Qılınc kimi oynayan.
Torpağı dörd bir yana
Alov, atəş paylayan
Azərbaycanım.

Ulduzları göllərin
Aynasında sayrışan.
Qonağa sinə açan
Nemətilə paylaşan.
— Haydı igidlər, — deyib
Savaşlarda haylaşan
Azərbaycanım.

QIZ QALASI

Qız qalası, daşlarını
Oxşamışam dönə-dönə.
Qız qalası, danış sevgi
Nağılını mənə yenə.
Qız qalası, danış mənə
Əsrlərin o üzündən.
Danış, Vətən tarixinin
Gecəsindən, gündüzündən.

Nəqarət:
Bakımıza sevgimizin
Qalasısan, Qız qalası.
Neçə-neçə nəsillərə
Qalasısan, Qız qalası.

Daş sinənə çırpılıbdır
Dalğaları Xəzərimin.
Sən ucalan heykəlisən
Əvvəlimin, əzəlimin.
Divarına hörülübdür
Həqiqətim, Qız qalası.
Bakım boyda sədaqətim
Məhəbbətim, Qız qalası.

QALADAKI BAYRAĞIM

Qaladakı bayrağım
Göyə necə yaxınsan…
Qorxma, buludlar tutar
Həyəcandan yıxılsan…

Dəniz səviyyəsindən
Yaman uzaqlaşmısan…
Şuşayla qol-boyunsan
Rəbblə qucaqlaşmısan…

Bu hündürlük illərin
Xəyalıydı, deyilmi…
Qulağına ruhların
Pıçıltısı dəyirmi?!

Süzürmü göy üzündə
Qartalları Şuşanın…
Səninlə açılıbdır
Qandalları Şuşanın…

Sinəndəki qırmızı
Şəhid qanıdı, bayraq…
Bu Qala üstdə dünya
Səni tanıdı, bayraq!

Qaladakı bayrağım,
Qalan mübarək olsun!
Səni sinəsi üstə
Alan, mübarək olsun!

Göydən yerə baxanda
Əzmin dağı parçalar!
Şuşa dağ başında yurd
Yurdda bayraq uçalar!

Sevinc Nuruqızı
Uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Kəlmə” mükafatı və onlarla beynəlxalq və milli mükafatların laureatı