Güzgü
Bir güzgüm var idi, məni göstərən,
Düşdü əllərimdən o da qırıldı.
İstədim toplayam qırıqlarını,
Batdı ürəyimə,bağrım yarıldı.
Qoruya bilmədim, qəfil küləkdən,
Ömür divarından sürüşüb düşdü.
Saçım daraq görməz, gözlərim sürmə,
Sınanda parçası gözümü deşdi.
Bu nə bəxt güzgüsü, nə də bəxtimdi,
Ruhumun tən yarı,öz əksim idi.
Məni məntək görən, həm də anlayan,
Dünyama doğulan əkizim idi.
Gətirmişəm
Yorğun gözüm sevinsənə,
dağın, düzün çöl- çəmənin,
Yuxusunu gətirmişəm.
Xəstə könlüm, sən də sevin,
ətir saçan yasəmənin,
Qoxusunu gətirmişəm.
“Kaş ki” ,lərdən qalıq qalan,
neyçünlərin , nədənlərin,
“Axı”sını gətirmişəm.
Ey ümidim, görürsənmi?
sabahıma dünənimin,
Çoxusunu gətirmişəm.
“Papağını qarşına qoy, fikirləş”
Atalardan məsəl vardı bir zaman,
“Papağını qarşına qoy, fikirləş”.
Hansı başda indi vardır o papaq?
Hanı o kök, hanı o soy, fikirləş!
Daha yoxdu kəlağayı, papaqlar,
Hanı həmin o dayılar, xalalar,
Cins şalvarla gəzir indi nənələr,
“Papa”,”mama” deyir indi balalar.
Hicab, kepqa, cırıq şalvar dəb olub,
Narahatam, hara gedir sonumuz?!
Qeyrət,namus simvoluydu bizimçün,
Örpəyimiz, papağımız, donumuz.
Ey millətim, yetər artıq, ayılın,
Özümüzə qayıtmağın vaxtıdır.
Papağımız, örpəyimiz, şalımız,
Millilikdə əbədiyyət taxtıdır.
Kimə can dedimsə canımı aldı
Görmədim kimsədə diqqət, etibar,
Kimə can dedimsə canımı aldı.
Əlimdə, cibimdə nə varsa böldüm,
Nəfsi şərab kimi , qanımı aldı.
“Sevirəm” sözünü müqəddəs bildim,
Qəlbimi pay edib, gözünü sildim,
Mənə yar deyənin yolunda öldüm ,
Ömrümdən ən gözəl anımı aldı.
Hər gülən üzləri mələkdir sandım,
Dərdini dinlədim, halına yandım.
Əslində saf insan yox imiş, qandım,
Hər gələn günəşli danımı aldı.
***
Ayağını öpür ləpə,
Ey sahildə gəzən oğlan.
Kədər dolu dalğaları –
Ey fikirli süzən oğlan.
Dəniz də mi duymur səni?
De, ruhunun yoxmu təni?
Sənlə gəzə gül -gülşəni..
Ey ümidin üzən oğlan.
Ruh ağrısın duyanın yox,
Günü ömrə sayanın yox,
Mənim kimi, həyanın yox,
Dərdi dərdə düzən oğlan.
***
Əllərim boş cibimdə,
Yenə ürəyim dolu.
Fikirlərdən yüküm var,
Bağlıdır arzu yolu.
Gözlərim də dikilib,
Dənizin gözlərinə.
Səma başını qoyub,
Dənizin dizlərinə.
Dəniz səmaya vurğun,
Mən dənizin özünə.
Dalğalar qəzəb ilə
Düşür ləpə izinə.
Buludlar da vurğundur,
Ağappaq ləpələrə.
Qovuşmaqçün köç edir,
Dağlara ,təpələrə.
Sən işə bax,İlahi,
Sən demə Eşq bu imiş.
Alovun da vurğunu,
Söndürəni, su imiş.