.....

.....

Sonrakı halına indidən ağla – Sücaət Kəlbəcərli (şeirlər)

Sonrakı halına indidən ağla – Sücaət Kəlbəcərli (şeirlər)

MƏNİ

Ağlım təzə-təzə kəsirdi hələ
Sən vara,dövlətə satanda məni.
Məhəbbət yandırıb kül eləmişdi
On səkkiz yaşıma çatanda məni.

Saçımda dolanan dən idin onda,
Gözümdə dumandın,çən idin onda.
Özündən xəbərsiz sən idin onda,
Axtaran da məni, atan da məni.

Yollarım od olub, ayağım yalın,
Əlində qalmışam dərdin,məlalın.
Əridib şam kimi şirin xəyalın,
Soyuq zindanlarda yatanda məni.

Onun məhəbbəti dilində idi,
Həqiqət gözümün selində idi.
Əlin o alçağın əlində idi,
Həsrətin odlara çatanda məni.

Birimiz ağlarıq,birmiz də şən
Dağdan ağır dərddi Sücayət çəkən.
Həmişə yadıma sən düşəcəksən,
Hər ürək ağrısı tutanda məni.

Anamın

Deyin, dustaqları buraxacaqlar,
qoy qəm bozartmasın üzün anamın.
Deyin, qırılacaq zülmün zənciri,
birtəhər başını yozun anamın.

Zəhər gizlənibmiş aşımın altda,
Bir dərya var imiş qaşımın altda…
Yastıq daşa dönür başımın altda,
Burda hardan alım dizin anamın?

Taleyi şil-şikəst, fikri sağ oldum,
Sevinci bir zərrə, dərdi dağ oldum.
Gah əsir, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın.

Talanmış ömürdü, gündü, neyləyim,
Baxtımın çırağı söndü neyləyim.
Sevinci fəğana döndü, neyləyim,
Söhbəti nəğmədən həzin anamın.

Sücaət, etdilər talan ömrümü,
Kor olsun daşlara çalan ömrümü.
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın.

***

Doğulanda Allah bizə deyir ki,
Sonrakı halına indidən ağla.
Bu şirin həyatın sonu zəhərdir
Qovğana qalına indidən ağla.

Sən üşüdüm dumana nə, çənə nə,
Sən od tutdun, od ələyən günə nə..?
Qıfıllı dilinə, dağlı sinənə
Qandallı qoluna indidən ağla.

Baxma tanışın da dostun da çoxdur,
Kimin nə vecinə kim səni yıxdı..?
Büdrəsən baxarsan bircəsi yoxdur
Sağına soluna indidən ağla.

Ünvanın itəcək, izin itəcək,
Ocağın itəcək, odun itəcək,
Yaxının itəcək, yadın itəcək,
Obana, elinə indidən ağla.

Dünya da gözəldir demirəm əl çək,
Ancaq əməllərin qalacaq bir tək.
Odlardan keçəcək, daşdan keçəcək
Yoluna izinə indidən ağla.

DAĞLAR
Mən gedirəm qürbət elə,
Sağ-salamat qal, a dağlar.
Halallıq ver, qoy qalmasın
Ürəyimdə xal, a dağlar.

Hanı məndə dözüm sənsiz,
Sönəcəkdir közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz
Olacağam lal, a dağlar.

Dostum – yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al, a dağlar, al, a dağlar.

Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, a dağlar.

Qayaları ələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir “Kərəmi” çal, a dağlar.

KİMİ

Kaş rəssam olaydım, elə rəssam ki,
Çəkəydim bəxtimi olduğu kimi.
Yazmaqla nə olsun, onda görəydim,
Arzumu-eşqimi olduğu kimi.

Eşqimin tufanın, boranın, yazın,
Solmuş çiçəklərin, yox olmuş izin.
Çəkəydim gözlərin sevdiyim qızın,
Süzülüb xəyala daldığı kimi.

Sücaət, mənalı yaşa, yarat, an,
Vəfasıza ağrı gizlət, yara dan.
Salmasın heç kəsi bir də yaradan,
Məni nəzərindən saldığı kimi.

Sücaət Kəlbəcərli.