LALƏLƏR SOLMASIN
2010-cu il. Soyuq qış günü. Bu gün də digər iki gün kimi düşüncələr beynində qasırğalar qoparırdı, suallara cavab tapa bilmirdi. Elə bu minvalla da evinə çatdı. Soyuq qış günüdə çəkməsini əhatələyən palçıq qarışıq qar da düz evin qapısı ağzında qoyduğu izlə yolların necə bir vəziyyətdə olduğunu dilə gətirirdi. Amma Könülün heç nə gözündə deyildi. Nə o kollecin kənarında sevinclə qartopu oynayan tələbələrin şaqraq səsi, nə kollecdən evə qədər yolboyu qardan geydiyi donla öz əzəmətini daha çox gözə çarpdıran şam ağacları Könülün ürəyindəki sıxıntıları kənarlaşdıra bilmədi. Başqa vaxt olsa, onların hər birindən ayrı zövq alardı. Evə çatınca çirklənmiş çəkməsinə görə də bir az gileylənərdi. Yolların halı sevincə bir az kədər, yüngülvari qəzəb və giley qatardı. Sonra da başını ev işləri ilə məşğul edib olanları unudardı. Amma iki gündür, gözünə heç nə görünmürdü. Bu təhsil müəssisəsi ona o qədər doğma gəlirdi ki, hələ bir neçə ay idi ki, burada müəllimliyə başlasa da, sanki illərdir, özünü orada çalışırmış kimi hiss edirdi. Tələbələri ilə özünün bəzən yaş fərqi belə olmurdu. Müəllim olmaqmı ya müəllim doğulmaqmı lazım idi bu işə bu qədər sevgi ilə yanaşmaq üçün?.. Evə gəlincə ömür-gün yoldaşı ilə söhbətinin əsasını da işlə, kollektivlə və tələbələrlə bağlı mövzular təşkil edirdi. Bu gün də eyni hal yaşandı. Könül ağzını açan kimi söhbətinin mövzusu yalnız tələbələr və kollec olduğuna artıq öyrəşmişdi təzə bəy də. Lakin bu dəfəki söhbətin ürəkaçan olmamasını gözləmirdi.
Babək yenə nahar vaxtına özünü tam zamanında çatdırmışdı. O, Könülün yeməkqarışıq söhbətləri ilə qidalandıqdan sonra yarım saat da dincini alıb yenidən işinə qayıdacaqdı. Süfrə həmişəki kimi hazır idi. Könül baxışlarını qarşısındakı xörəyindən çəkmir, gözləri göy üzünün dolmuş buludları kimi bir yerə dikilmişdi. Amma ürəyini parçalayan hadisəni danışıb Babəki daha da yormaq istəmirdi. Babəkin isə həmişəki kimi heç nə gözündən yayınmadı:
– Başla görək.
– …
– Kimsə sənə bir sözmü deyib?
– Nç.
– Tələbələrmi sözünə baxmayıb?
Könülün üzünə bu sualın təsirindən kiçik bir təməssüm gəldi və bir andaca yox oldu:
– Yenə o qız dərsə gəlməmişdi.
– Gəlməməyinimi bu qədər dərd edirsən? Başa düşürəm, ən yaxşı oxuyan, dərsdə ən fəal tələbəndir. Amma onun dərsdə olmamağını bu qədər dərd etməyini başa düşə bilmirəm. Bir tələbənin yoxluğuna bu qədər üzülən müəllim olaraq tarixə düşəcəyindən əmin ola bilərsən. – Babək yenə söhbəti zarafata bağlamağa çalışırdı ki, Könülün üzünü güldürsün.
– Yaxşı, Babək. Mən nə hayda, sən nə hayda? Atası nişanlısının sözü ilə qızı kollecdən çıxarıb. – Könül elə bu cümləni demişdi ki, dolmuş buludun göz yaşları özünü göstərməyə, damlalar xörəyinə tökülməyə başladı.
– Yəqin ki, razılığı olub.
– Sən məni neçə gündür, yaxşı başa düşməmisən, deyəsən. Axı sənə dedim. Danışdım hər şeyi. O qızın necə güclə kollecdə təhsil almağından, atasının sərt xarakterli bir insan olmasından, anasının evdə nə qədər söz-söhbətlərdən, davalardan sonra qızlarının təhsil alması üçün kişini güc-bəla ilə razılığa gətirməsindən – bütün bunlardan danışdım axı sənə. Lalə necə həvəsli idi?! Onun arzularından, xəyallarından danışdım axı. Ata-anasının təkidi ilə təhsilə yönələn uşaqların heç birində elmə, biliyə bu qədər həvəs görmədim mən. Bir ata bundan başqa necə bir pislik edə bilər axı övladına? Ay Allah, necə atalar …
Babək yorğun baxışlarla gözlərini Könülə zilləmişdi. Sanki xəyalları başqa yerdə başqa mövzularla əlləşib-vuruşurdu. Sonuncu tikəsini də ağzına qoyub düşüncələr içində özünün evdə olduğunun belə fərqində deyildi.
– Sən məni dinləmirsən? – Könül cümləsini baxışları ilə Babəkin üzünə zillənmiş gözlərindən beyninə ötürdü. Babək yuxudan ayılmış kimi hövlnak ağzında saxladığı sonuncu tikəsini çeynəməyə başladı:
– Hər şeyi çox dərd etmə. Hələ qarşına neçə belə Lalələr çıxa bilər. Hamısına bu qədər ürək yandırsan, səndə can qalmaz.
Könül bir əli ilə qaşığı xörəyin içində gəzdirərkən digər əlini çənəsinə dayayıb yalvarıcı baxışlarla verdiyi sualla sanki Babəkdən çıxış yolu tapmaq üçün kömək gözləyirdi. Amma cavablar heç onun ürəyincə deyildi. Sadəcə bayırda çovğunun vıyıltısı Könülün ürək səsinə qoşulmuşdu. Həyat isə heç nəyin fərqində deyilmiş kimi öz axarında idi.
Könül pedaqoji fəaliyyətinin bir ilini artıq geridə qoymuşdu. Payızın son ayı, yağışlı-çiskinli bir gündə gün axşama doğru gedərkən Könül yenicə güclə qurutduğu paltarları ütüləməyə başlamışdı. Bu gün dörd saat ard-arda keçdiyi dərs beynində elə bir yorğunluq yaratmışdı ki, ev işlərini tezcə bitirib başını yastığa qoymaq istəyirdi. Lakin nə biləydi ki, bu an telefonuna gələn zəng bütün günü gözlədiyi gecə yuxusunu da əlindən alacaq. Telefonun ekranında tanımadığı bir nömrə göründü. Könül telefonu açdı:
– Alo.
– Alo, müəllim, salam.
– Salam.
– Mənəm, Lalə.
– Lalə, əzizim, necəsən? Ailə həyatın necə gedir? Xoşbəxtsənmi?.. – Könül min bir həyəcan içində Laləyə verdiyi suallarla sanki boz-bulanıq göldən batmağa doğru gedən bir adamı çıxarmağa çalışırdı. Uzun və həsrət dolu danışıqdan sonra Könülün düşüncə və duyğularını Lalənin dilə gətirdiyi kədər və ümid dolu bircə cümləsi alt-üst etmişdi: “ Özüm oxuya bilmədim, amma dünyaya göz açacaq qızımın təhsilli, savadlı olması üçün mübarizə aparacağam”.