.....

.....

Ayaz İmranoğlunun şeirləri

Ayaz İmranoğlunun şeirləri

YADİGAR
Bir umudur, bir küsü,
Bir də xəyal güzgüsü,
Səndən mənə yadigar.

Bir arzudur, bir xəyal,
Bir də cavabsız sual,
Səndən mənə yadigar.

Bir sevilmək duyğusu,
Bir yaratmaq yanğısı,
Səndən mənə yadigar.

Kaş olaydı mənim tək,
Dərin sevən bir ürək,
Səndən mənə yadigar.

DÜŞÜNCƏLƏR

Sevgi bəlkə elə
Qürurunu ayağın altına qoymaq
Narkoman kimi uymaqdır.

Sevgi bir canda ikiləşmək
Həm də tənhalaşmaqdır.

Sevgi həm xəstəlik,
Həm də sağlam olmaqmış.

Sevgi dənizdə balıq olmaqmış…

Sevgi səhrada ətirli çiçək dərmək,
Həm də yol ayrıcında boynubükük durmaqmış.

Sevgi sevdiyinin qarşısında qul olmaq,
Həm də dəli cəsrətiymiş.

***

Bizlər sapand daşı kimi,
Hara gəldi atılmışıq.
Bir az şöhrət azarına,
Bir az şərə satılmışıq.

Var olmaqdan qaçaq düşüb,
Qoltuqlara dürtülmüşük.
Üzümüzdə üzlər görüb,
Çay daşı tək sürtülmüşük.

Ögeylikdən bezar olub,
Doğmalığı öyrəşirik.
Şər əlilə ayrılmışdıq,
İnamlaşıb birləşirik.

ÖZÜN
Hamı yetim kimi boynubükükdü,
Hamı vətən kimi ağlayır özün.
Hamının hamıdan xəbəri olmur,
Bir qərib sevgi tək dağlayır özün.

Hamı gözü qıpıq, hamı çaş görür,
Hamı bu dünyanı gözü yaş görür.
Göydən düşənləri hamı daş görür,
Qismətə, taleyə bağlayır özün.

Hamı ki, özünü meydana atmır,
Hamı ki, haraya, fəryada çatmır.
Hamının dilinə hürrüyyət yatmır,
Nehrə tək elə hey çaxlayır özün.

İŞIQ
İçimdə işıqlar vardı
Dost işığı,
Əqiədaş işığı,
Doğma qardaş-bacı işığı
İşıqlar nə çox…

İşıqlar sönürdü
Biri saxtalıqdan,
Biri təmannalıqdan
Eh…nədən, nədən?

Sönməz işıq idi
Ulu sevgim olan
Ulus işığı.
Ayaz İmranoğlu