Günah və cəza.
Ağrı…
Körpə ucadan ağlamağa başladı. Sanki ətini kəsirdilər, birdən-birə bu qəfil ağlamağın səbəbi nə ola bilərdi? Aclıq deyil, yenicə qarnı doydurulmuşdu. Altı da quru idi, geriyə bir səbəb qalır: ağrı. Körpənin canı ağrıyırdı. Bir müddət sonra susdu. Ağrının səbəbi gecə məlum oldu. Ana o ürpərdici ağlamağın körpənin kürəyindəki dərin cızıqla bağlı olduğunu anladı. Bu yaranın günahkarı isə ana özü idi. Daha doğrusu, ananın tərsinə çevrilmiş üzüyünün qaşı. Bu dəfə isə ana hönkürtü ilə ağladı, evdəkilərin təəccüblü baxışları altında susaraq. Bir çox günahkar kimi günahını içinə gömərək.
Günah…
Bu dünyada günahsız insan yoxdur. Hardan bilirsən? Çünki bu dünyada olma səbəbimiz də Adəm babamızın günahıdır. Mələklər günahsızdır, amma, onlar da biz insanların dünyasında günahsızdır. Mələklərin dünyasında bəlkə də günahkardırlar.
-İblisi deyirsən?
-İblis günahkar deyil ki. Üsyankardır.
-Tanrının əmrindən çıxmaq günah deyil bəs?
-Tanrıdan başqa kimsəyə baş əyməməkdi İblisin günahı. Tanrıya rəğmən Tanrıdan vaz keçməməkdi. Əksi olsaydı nə olardı, heç düşünmüsən?
-Nə olardı?
-Bütün günahlar Tanrının boynuna qalardı.
-Uşaqlar günahsızdır, uşaqlar…
-Uşaqlar bəzən çox acımasızdır. Uşaqlar cəza almır, amma onlara cəzanı zaman verir.
Cəza…
Biz çox balaca idik. Mənim 5, qardaşımın 4 yaşı olardı. O sakit, mən diribaş idim. Mənim bütün dediklərimə inanır, nə deyirdimsə edirdi. Həyətimizdə yaşayan əmilərim ailələri ilə yeni mənzillərinə köçmüşdülər. Boş evlərində isə rayondan gələn iki ailə qalırdı. Bir ailənin balaca uşağı da vardı. Adı Babək idi. Anası onu tez-tez götürüb bizə gələrdi. Bizim anamızla çay süfrəsi arxasında söhbət edərdilər. Anam kitab oxumağı sevərdi, zamanının çoxsunu kitab oxumaqla keçirərdi. Uşaqlıqda “kaş ki” dediyim şeylərdən biri də anamın savadsız olub kitab oxumaq yerinə bizimlə oynaması istəyi idi. Bu da azmış kimi qonşu qadınla olan çayiçmə mərasimi qardaşımla məni bezdirirdi lap.
Biz nə o qonşu qadını, nə də o balaca Babəki sevirdik. Bizə gəlməklərini istəmirdik. Günlərin birində yenə o qadın qucağında 9 aylıq Babək və çay süfrəsi… Mən və qardaşım stolun altında oynayacağımızı rəsmi şəkildə anama elan etdik, oyuncaqlarımızı da götürüb girdik stolun altına. Planımız dəhşətli idi, atamızın pencəyə taxdığı döş nişanlarını soyuq silah kimi gizli bir şəkildə keçirdik “hadisə yerinə”. Onları stolun altından Babəkin yalın ayağına batırmağa başladıq. Öncə yavaş, sonra isə daha bərk. Körpə qəfildən çığırdı, sonar sakitləşdi, amma biz yenə batırdıq. Nəhayət ki, onlar evlərinə getdilər və bir neçə saatdan sonra anası məsələdən xəbər tutub gəldi bizə. Anamla danışdı, bunu eşidən anam sanki bir şok vəziyyətinə düşmüşdü, biz isə hələ də döyüşdən qalib çıxmış əsgər ruhunda idik.
Seçim…
-Günah etmisən?
-Əlbəttə…
-Cəzasını çəkmisən?
-Yəqin ki. Çəkməsəm də çəkəcəyimdən əminəm.
-O dünyada?
-Xeyr, elə burada.
-Mən çəkməsəm də nəslimdən birisi çəkəcək.
-Belə çıxır ki, cəza çəkmək şərtdirmi?
-Bəli. Hamımız cəza çəkirik bu və ya digər şəkildə…
-Seçim haqqın olsaydı nəyi seçərdin, günah etməyimi, yoxsa cəza çəkməyimi?
-Anlamadım.
-Ya sən səndən öncə edilən günahların cəzasını çəkəcəksən, özün heç bir günah etməz ikən, ya da sən böyük günahlar edəcəksən, hansını seçərdin….?
-Məncə, belə çətin məqamlarda seçim haqqını Tanrıya həvalə etmək lazımdır.
-Bizim aqibətimizlə bağlı şeytan ilə iddiaya girmiş, ona qiyamətə qədər möhlət vermiş Tanrıyamı?
-Sus! Tanrının işinə qarışmaq günahdır, cəzasını çəkərsən……