Mənim sevgim üçün darıxacaqsan..
Öldürdüyün bu sevginin yasında,
Gəlib dayanmısan toy libasında…
Mənim özüm üçün darıxmasan da,
Mənim sevgim üçün darıxacaqsan..
Mənim sevgim bir gül idi,tər-incə,
Söyləmişdim,soldurarsan,dər incə,
Sən sevgisiz sevgiləri görüncə,
Mənim sevgim üçün darıxacaqsan!
İnləyəcək gah kamanın,gah neyin,
Sevmirsənsə,sənə necə sev deyim?!
Çox olacaq sevənlərin,sevdiyin,
Mənim sevgim üçün darıxacaqsan..
Çox deyirdim od eşqimi soyutma,
Uyumayan sevgimizi uyutma,
Unudarsan,unut məni ,unutma ,
Mənim sevgim üçün darıxacaqsan!
HARDASAN, İBN-SİNA ?….
Hardasan İBN SİNA?-məlhəmini gətir, gəl,
Zaman mərəz içində, dövranımız xəstədir..
Allahu-Əkbər deyib, çoxdu Haqqı dananlar,
Ahımız kəfən geyib, amanımız xəstədir!
İtirib şəfffaflığın, bulanıbdır saf sular,
Xarabalıq axtarır dağda gəzən qumrular.
İstəklər başqalaşıb, əcaibdi arzular,
Ümid şeytan əlində, gümanımız xəstədir..
Hər Adəm övladına nə gəlir candan gəlir,
Bu yandan gözlədiyin dönüb o yandan gəlir,
Köksümüzdə kök salan vicdan imandan gəlir,
Viçdanımız ağrıyır, imanımız xəstədir …
Dəmirçi qaynaq edir , alovdan buz çıxarır ,
Kim istəsə əridir , şəkərdən duz çıxarır ,
Sərvəti qoyub yerdə , ağızdan söz çıxarır,
Böhtanla quyu qazır, kənkanımız xəstədir..
Arı gülə qonmayır , ətir vermir çiçəklər ,
Çiçəkləri bürüyüb qarışqalar , böcəklər,
Sancır ilansayağı , adamı kəpənəklər,
Təbiət də dəyişib, məkanımız xəstədir…
Pünhan idi, sirr idi, çölə düşüb sevgilər,
Soyunub ürbəndini, tülə düşüb sevgilər,
Ürəkdən, gözdən çıxıb, dilə düşüb sevgilər,
Eşq qarışıb işrətə, peymanımız xəstədir..
Hardasan İbn Sina?, loğmana loğman gərək,
Adəmə-Həvvaya de , bir yeni insan gərək ,
Dəvamız dərd əlində, dərmana dərman gərək ,
Cığatel naçar qalıb, dərmanımız xəstədir !!!
ADSIZ VARLIQLAR…
Dədəm Qorqud, hardasan, işim düşüb müşkülə,
Gəl yetiş haraylma, dadıma çat, ay Lələ,
İndi dövran dəyişib, insanlar bilə-bilə,
Qaraya ağ deyirlər, deyirlər ağa-qara,
Mən ad tapa bilmirəm , bu adsız varlıqlara..
Düz*lər düzlərdə qalır, dönüb əyri düz olur,
Gözdən pərdə asılır, indi qulaq “göz” olur,
Ağızdan çıxan nəfəs dodaqlarda söz olur
Amma söz demək olmur dinsiz, imansızlara,
Mən ad tapa bilmirəm, bu adsız varlıqlara.
Oyunların içində , oyun alababatdı,
Məzlumun ahı, ünü, məşhərə çathaçatdı,
“Alış-veriş”yaxşıdır, bir yalan bir manatdı,
Dəllallıq edir iblis, böhtan çıxıb bazara,
Mən ad tapa bilmirəm ,bu adsız varlıqlara.
Belə getsə nolacaq, bu kainat, bu bəşər?!
Xeyirin qapısını, axşam-sabah kəsir şər,
İndi peyda olublar cindən, şeytandan betər,
Tövbə-Əsdafürullah, Allahı dananlara,
Mən ad tapa bilmirəm, bu adsız varlıqlara.
Üzbə-üzə can deyən, arxada qan-qan deyir,
Əlində buz gətirən, gözlərinde yan deyir,
Vicdanı olmayan kəs, dinəndə vicdan deyir,
Gəl , Dədə, Cığatelin dərdinə eylə çara,
Mən ad tapa bilmirəm, bu adsız varlıqlara. .
Sevənləri sevirəm.
Məhəbbət sultandır, taxtı cəh-cəlal,
Bəzən bala dönür çəkdiyi məlal,
Gah olur təlatüm, gah da nitqi lal,
Dalanda Arazam, coşanda Kürəm,
Sevgiyə bax, sevənləri sevirəm.
Qeybə çıxıb məhəbbətdən dincliyim,
Gəncliyimdən heç doymayır gəncliyim.
Qaynadıqca hey qaynayır gəncliyim,
Xoşbəxtlikdir, mən həmişə sevirəm,
Sevgiyə bax, sevənləri sevirəm.
Nələr duyur, nələr görür bu ürək,
Sütunsuzdur, can saxlayır bu “dirək”,
Cahan sevər, cahan boyda bir ürək,
Demirəm ki, ya Qibləyəm, ya Pirəm,
Sevgiyə bax, sevənləri sevirəm.
Gözəli xəlq edən o böyük Xaliq,
Gözəllik aşiqi nələrə malik.
Sevgidən yaranır cümlə gözəllik,
Hələ doymamışam, yenə gəzirəm,
Sevgiyə bax, sevənləri sevirəm.
Həqiqətmi, yuxumu var qəlbimdə,
Ya azımı, çoxumu var qəlbimdə,
Bəlkə sevgi toxumu var qəlbimdə,
Bu nə sirdi, heç özüm də bilmirəm,
Sevgiyə bax, sevənləri sevirəm.
Qərib adam…..
Qəribəm söyləmə,ey qərib adam,
Mən də sənin kimi qəribəm Vallah.
Çəkdiyim həsrətin ünvanı yoxdur,
Vətəndə qəriblik çəkirəm ,Vallah..
Mənə yad görünür bu el,bu oba,
Ürək həmin ürək,göz həmin gözdür..
Şəhər həmən şəhər,kənd həmən kənddir,
Cığır həmən Cığır,düz həmən düzdür..
Ətrafım doludur adamlar ilə,
Gör neçə qohumum,neçə yadım var,
Deyə bilmədiyim deyəcəyimi,
Deyib,dərdləşməyə neçə adam var..
Həyatda qəriblik nə qəribədir,
Mən ki,tək deyiləm,niyə tənhayam?!
Necə yaşayıram,hələ bilmirəm,
Vətənim haradır,bəs mən hardayam?!
Gör nələr çəkirəm,ey qərib adam?!
Ürəyin kövrəlib,gözün dolmasin.
Deyirəm dünyada kimsə mənimtək,
Doğmalar içində qərib olmasın!!!
Bəlkə..
Bəlkə də sevirsən məni,
Bəlkə də yoxdur xəbərin.
Bir bilsən , nələr çəkirəm ,
Əlindən bu ” bəlkə”lərin..
Baxışların odlu günəş ,
Dodaqların sakit gecə .
Biri dinir , biri susur ,
Mən səni anlayım necə ?..
Bəlkə , sənin günahın yox,
Bəlkə günahsızam mən də .
Asılmışam ” bəlkə”lərdən,
Düşüb bağsız bir kəməndə..
Xəyalım savaş içində ,
Diddi məni çarpışmalar..
Yenə sənli, yenə sənsiz ,
Yenə cavabsız suallar..
Səndən küsdüm, səndən ötrü,
Dönüb, “bəlkə”lərə vardım,
Bu “bəlkə”lər olmasaydı,
Bəlkə səni unudardım…
Başqa bir aləmdə idim.
Mən səni sevəndə, zalım,
Gecə-gündüz qəmdə idim.
Bu dünyadan xəbərsizdim,
Başqa bir aləmdə idim.
Eşqinlə eşq nədir bildim,
Eşqindən yerə dəyildim,
Mən onda məndə deyildim,
Bütövlükdə səndə idim.
Bilmirdim ki, kiməm, nəyəm,
Kimiydi sahibim, yiyəm?…
Görən sanırdı xəstəyəm,
Bilirsən nə gündə idim?!
Güzarım qeylü-qallarda,
Od gəzirdim buzda, qarda,
Cığateləm, o hallarda,
Bax, sənin sayəndə idim!..
İTİRDİM SENİ..!
Döndərib əlçatmaz xatirələrə,
Ümmanlar içində itirdim səni.
Zərrə-zərrə vücuduma yayıldın,
Bilməm, nə biçimdə itirdim səni.
Yoruldum ürəklə baş arasında,
Duruldum kipriklə qaş arasında,
Yanıldım payızla qış arasında,
Ömrümün köçündə itirdim səni.
Cığateli eşitmədin, səslədim,
Çiçək kimi dəstələdim, dəslədim,
Ürəyimdə balam kimi bəslədim,
Dilimin ucunda itirdim səni.