.....

.....

DOVŞAN – ƏLİ BƏY AZƏRİ

DOVŞAN – ƏLİ BƏY AZƏRİ

DOVŞAN

Kənddə yaşayırıq. Evimiz güney tayda yerləşir. Kəndin yuxarısında əzəmətli Bürünc qayası var. Qayanın aşağısı sıx meşəlikdir. Meşəlikdən kiçik bir bulaq qaynayır. Zümrüd gözlü bulağın mirvari kimi dupduru suyu dərə aşağı axır. Həmin suyun hesabına kəndin yuxarısında bir neçə ailə bostan salıb. O bostanlardan biri də bizimdir. Hər il əkib-becəririk. Məhsul vaxtı bir dovşan gəlib dirriyi dağıdır, ləkləri şumluyur, zəhmətimiz hədər gedir. Növbə ili güdürüksə də tapa bilmirik. Nə vaxt gəlir, nə vaxt gedir, xəbərimiz olmur.
Bir oğul nəvəm var. Adı Cəfərdir. Ağıllı, diribaş, zirəng uşaqdır. Ona ulu babamın adını qoymuşuq. Qoy, babası kimi müdrik, səbrli, elcanlı olsun. Nəvəmin yeddi yaşı var. Məktəbin ikinci sinifinə gedir. Çoxlu şeir, tapmaca bilir. Hərdən baba-nəvə söhbətləşirik. O, əzbərlədiyi şeirləri söyləyir, mən də nağıl boxçamdan bəzilərini danışıram. Cəfər həm də zehnli uşaqdır. Danışdığım nağılların hamısını tez qavrayır.
Hərdən nəvəmlə birlikdə bostana gedirik. Ləklərə su buraxırıq. Tərəvəzlərin yanında boy-boya vermiş alaq otlarını təmizləyirik. Pomidorların arasına çubuqlardan çardaq düzəldirik ki, yaxşı bar versin. Cəfər tərəvəzlərin hamısını tanıyır. Hətta onlar haqqında şeirlər də bilir. Bir sözlə, nəvəm bütün bostan işlərində mənə kömək edir və zəhməti sevir.
Bir gün yenə də nəvəm Cəfərlə bostanda işləyib yorulmuşduq. Evə qayıtmağa hazırlaşırdıq. Ancaq fikrim qalmışdı dovşanın yanında. Mən bostanın qapısını bağladım. Yola düşmək istəyirdim. Nəvəm isə ətrafa göz gəzdirirdi. Heç evə qayıtmaq istəyənə oxşamırdı. Bu, mənə də maraqlı gəldi.
-Gedək evə. – dedim. – Artıq gecdir. Həm də yorulmuşuq.
Cəfər isə çəpərlərin yuxarılarına baxırdı. Birdən:
-Baba, ay baba. – deyə astadan mənə səsləndi. – Bir ora bax!
Mən o, göstərən səmtə baxsam da heç nə görmədim. “Yəqin qocalıqdandır, gözlərim tor görür”, deyib gözlərimi ovxaladım. Yenə də baxdım. Bu dəfə də heç nə görmədim.
-Baba, sən hara baxırsan? – Nəvəm az qala pıçıltı ilə soruşdu, sanki nəyi isə hürküdəcəyindən qorxurdu.
-Sən göstərdiyin səmtə baxıram. – deyib onun yanında çöməldim.
-Yox, baba, sən yuxarıya baxırsan. Mən isə sənə aşağını göstərirəm.
Mən o göstərdiyi yerə baxmağa çalışdım.
-Gördün? – deyə o, yenə soruşdu.
-Nəyi? – Başımı yellədim.
-Dovşanı.
Maraq mənə üstün gəldi.
-Hanı? – desəm də nəvəmin göstərdiyi yerdə tərpəniş hiss elədim.
Dovşan, ya porsuq olduğunu seçə bilməsəm də orda hansısa heyvanın gizləndiyinə əmin oldum. Nəvəm bundan çox sevindi. Nəhayət, mənə göstərmək istədiyini görmüşdüm.
-Baba, ay baba,
Dovşana bax, dovşana,
Sığınıbdı yovşana.
Gözləyir ki, biz gedək,
Gəlib girsin bostana.
-Ay bərəkallah, Cəfər. – deyib sevincimdən onun başını qucaqlayıb öpdüm. – Bunu harda öyrənmisən?
-Baba, bunu məktəbdə öyrənmişəm. Müəlliməmiz deyir ki, İbrahim baba yazıb, İbrahim Yusifoğlu.
Yerdən bir daş götürüb atdım. Yovşanın dalından çıxan dovşan üzü yuxarı qaçıb kolluqda yoxa çıxdı. Biz evə qayıtdıq.
Bax, mənəm Cəfər nəvəm belə ağıllı və zəhmətkeş uşaqdır.