.....

.....

USTAD SAHİB İBRAHİMLİYƏ HÖRMƏTLƏ – Yeganə Əhmədovadan

USTAD SAHİB İBRAHİMLİYƏ HÖRMƏTLƏ – Yeganə Əhmədovadan

Sahib İbrahimli Müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri – şair, yazıçı, dramaturq, ədəbiyyatşünas alim və filologiya üzrə fəlsəfə doktorudur. O, bir çox monoqrafiya, səhnə əsəri, poema, povest, hekayə və şeirlərin müəllifidir.

HEYRƏT

Bu necə insandır, Allah?
Üzündə tanrı işığı.
Ürəyi məsumiyyətin
Gözəlliklə qarışığı.

Bu necə insandır, Allah?
Ruhu haqdan yoğrulubdu.
Adi bir insandan deyil,
Bir mələkdən doğulubdu.

Bu necə insandır, Allah?
Özünə tən yaratmısan.
İlahi, Sən insan deyil,
Başqa bir “Sən” yaratmısan.

***

Bu şeiri universitetin aspirantlıq illərində daim mənəvi dəstəyini və müəllim qayğısını üzərimdə hiss etdiyim Sahib İbrahimliyə həsr etmişdim.
Mənim üçün Sahib İbrahimli, sadəcə, böyük ədəbiyyat adamı deyil, “ideal insan yoxdur” deyimini öz humanizmi və tərtəmiz vicdanı ilə darmadağın edən və insanlığın fövqündə dayanan ideal insan olub. Başqa sözlə, Sahib İbrahimli nümunəvi şəxsiyyəti və alim ləyaqəti ilə universitet illərimin minnətdarlıq səhifəsidir.
Yadımdadır, böyük şairimiz Nəriman Həsənzadə çıxışlarının birində müəllimi Mir Cəlal haqqında belə bir fikir işlətmişdir: “Səhvi Nəriman edirdi, əziyyətini Mir Cəlal çəkirdi”.
Universitet illərimdə mövzu və elmi rəhbər seçimi ilə bağlı qarşılaşdığım bir sıra problemlərdə və bu yöndə etdiyim səhvlərdə mənim həyatımın Mir Cəlalı məhz Sahib İbrahimli idi. İlk dəfə kitabım çap olunanda məni Gəncə ədəbi mühitinə təqdim edən və haqqımda ən ümidverici fikirləri söyləyən də Sahib İbrahimli idi.
Beləcə, o böyük adamın adını hər zaman sayğı ilə xatırladım və insanlıq adına daim şükür etdim ki, nə yaxşı bu dünyanın Sahibləri var – göydə Allah, yerdə İnsan adında.

DAĞLAR

Ömrün çoxu əldən getdi,
Möhtac oldum aza, dağlar.
Gülün mənə naz eyləyir,
Tabımmı var naza, dağlar?!,

Neyləmişəm eldən ötrü?
Bir xəzələm yeldən ötrü.
Öldüm “Sarıtel”dən ötrü,
Tut könlümü saza, dağlar.

Hardan gəldi bu duman, çən?!.
Öz qışımdır saçımda dən.
Yazım ötüb, Sahibi sən
Çəkmə belə yaza, dağlar.

BAKININ İŞIQLARI

Yenə də mehriban qağayılar tək,
Qonublar şəhərin küçələrinə.
Nur yağır, nur yagir hey ətək-ətək,
İndi sevənlərin görüş yerinə.

Dalğalar sevincək gəlir sahilə,
Qumlar yuyunduqca cığır, iz itir.
Xəzərə tökülən işıqlar, elə
Bəlkə bir neftçinin ayaq izidir.

Ay baxır min gizli sözlə, söhbətlə,
Səma ulduz dolu nəhəng bir sini.
İşıqlar gecəyə qızılı xətlə
Çəkiblər Bakının xəritəsini.

DURNALAR VƏTƏNSİZ YAŞAYIR HƏLƏ

Yenə gözlərimiz kövrələr, dolar,
Durna qatarına qoşular ürək.
Uçur asta-asta, uçur durnalar
Köç edən baharın bələdçisitək.

İntizar torpağı salacaq oda,
Bu quşlar göydə də qəribdır, təkdir.
Durnalar sancılır nəmli buluda,
Səmada qəriblik göyərəcəkdir.

Dağlar sızıldayır yanıq tütəklə,
Hardasa ləngiyir bir az duman, qar.
Göylərdən atdığı yumşaq lələklə
Ovçu gözlərini yumar durnalar.

Bir ömrün nə qədər təzadları var,
Qoruya bilməzsən ondan özünü.
Bəxtəvər durnalar, xoşbəxt durnalar,
Görməyib dünyanın soyuq üzünü.

Durnalar yol çəkir neçə ürəyə,
Durnalar uzalı əllərə dönür.
Ayrılıq əzabı görk olsun deyə,
Arazı havadan ikiyə bölür.

Əsgərlər sorğuya tutmaz ki, görən,
Bu quşlar haraya uçurlar belə?
Bəlkə də sərhədi sevmədiyindən,
Durnalar vətənsiz yaşayır hələ.