Eh nə deyim eh sənə?
Sənə olan sevgimə,
Mat qalmışdı mələklər.
Qısqanırdım saçına,
Əl vuranda küləklər.
Ürəyim üşüyürdü,
Toxunanda meh sənə.
Eh nə deyim ay zalım,
Eh nə deyim eh sənə?!
Çırağın iydim axı,
Ay üzün qaralanda.
Sən zərif çiçək iydin.
Ləçəyin saralanda,
Çox vermişəm çox axı,
Gözlərimdən şeh sənə.
Eh nə deyim ay zalım,
Eh nə deyim eh sənə?!
Bizə xoş gün vermədi,
Azzar oldu bu sevgi.
Diri diri dəfn edib,
Məzar oldu bu sevgi.
Qumar oldu bu sevgi.
Bazar oldu bu sevgi.
Arzumu ümidimi,
Beh göndərdim beh sənə.
Eh nə deyim ay zalım,
Eh nə deyim eh sənə?!
Ayrılığın fəsadları
Taleyinə qara düyün vuran qız,
Kim afərin dedi ağ əllərinə?
Özün öz eşqinin qatili oldun.
Utana utana bax əllərinə.
Xoşbəxt olan qatil görməyib həyət.
Kainat məhbəsin olacaq hər gün.
Ölən eşqin xatirəsi bir ömür,
Yaş olub gözünə dolacaq hər gün.
Həsrəti vüsala dəyişmək üçün,
Əzablı yollardan keçənlərə bax)(
Götürüb çiyninə taleyin yükün,
Məhəbbətinə and içənlərə bax)(
Ən böyük günahım səni sevməklə,
Özüm öz evimi yıxmağım oldu.
Mənim bu ömürlük cəzam bəlkə də,
İlk dəfə gözünə baxmağım oldu.
Həsrət çəkənlərin ağarar teli,
Hər gün dərd üstünə biraz dərd əkər.
Qürurlu kişinin bükülər beli,
Qürurlu qadınlar içindən çökər.
Biz qatilik.
Duyursanmı ayrılığın dadını?
Xoşuna gəlirmi tənha yaşamaq?
Karıxanda çəkirsənmi adımı?
Heç, olurmu məni mənsiz oxşamaq?
Oyaq qalırsanmı gecələr səndə?
Göz yaşıyla islanırmı köynəyin?
Səndən nə gizlədim arabir məndə,
Darıxanda heç bilmirəm neyləyim.
Bəzən gəlir, soyuq evdə sobanı,
Yandırmamış pal paltarlı yatıram.
Köynək, şalvar çirk gəzirəm hər yanı,
Sevgi dilənirəm, arzu satıram.
Hərdən ac yatıram tozlu divanda,
Görürəm yuxumda isti xörəyi.
Durur əl izlərin qabda qazanda,
Oyanıb yeyirəm quru çörəyi.
Tənhalar nə yaman pis yaşayarmış,
Hər nə gəldi doldurarmış dibləri.
İnsan özü öz əliylə yıxarmış,
Allah yıxa bilmədiyi evləri.
Şəhadət barmağında ümüd axtaran qadın.
Allah verən müqəddəs eşqi harda itirdin?
Sahib çıxa bilmədin? Ya kimsə ogurladı?
On barmağın birində, talehini gəzənlər,
On barmağın onu ilə, talehini korladı.
Ya doğrayın təkliyi, göstərən barmaqları.!
Bir ömür o, barmaqda pas atmasın üzüklər.
Çölü əlvan işıqlı, içi qaranlıqları,
Bir ömür tənhalıqda, yaşatmasın üzüklər.
Ya məni bu ölkədən uzaqlara aparın!
Qürurlu qadınları, əzik görə bilməyim.
Ya deşin gözlərimi, dəliyindən çıxarın!
Şəhadət barmaqlarda üzük görə bilməyim.
Azadlıqlar əzaba, aparır çox insanı,
Azad olmaq istəyən qadınlar ey qadınlar.
Yeni qismət axtaran yüz qadından doxsanı,
Azadlıqdan qəm kədər, dadırlar ey qadınlar.
Tənha qalan insanın, hücum çəkir üsdünə,
Öz evinin aynası, qapısı, divarları.
Həyat işgəncə verir, zaman durur qəsdinə,
Ağrı verir qəlbinə, səhvinin yaraları.
Bir səhvin bir ömürlük qurbanıdır, bəlkə də,
Şəhadət barmağında ümüd axtaran qadın.?!
: Mənim şeir qadınım.
Mənim şeir qadınım.
Mənim nağıl qadınım.
Əfsun, sehir qadınım.
Ey ən gözəl əsərim,
Danışım? Susum səni?
Axı şair istəmir,
Yayıla çox səs, səmir.
Sən saf gümüş mən dəmir.
Biraz məndən gen dayan,
Saraldar pasım səni.
Sən ey ən şirin yaram,
Gülüşündən doymaram.
Göz yaşına qıymaram.
Qəbirdə də ölərəm,
Ağlatsa yasım səni.
Günah
Günahkardır bu sahil,
Balıqdan qarmağa dək.
Kaş eybəcər olaydın,
Bu yaşıl qurbağa tək
Qaytaraydım sulara,
Dönəydim, addım, addım
Mənimdə bu günahda,
Hallanmayaydı adım.
Bu günahdan dadmışam,
Hayana qusum səni?
Yoxsa muncuq düzəldib,
Ruhumdan asım səni.?
Boz qurd
Bu tülkülər bu çaqqallar yuvamızı sökə sökə,
El obamı talan edib şərik oldular şərikə.
Nizəyə tax çəngə çəngə Doğra məni tikə tikə,
Vətən vətən səslənəcək hər irim hər xırdam oğul.
Dilimizi dinimizi bir birindən ayırdılar.
Doğradılar Babəkimi qan gölündə doyurdular.
Türk deyənin dilini kəsir, gözlərini oyurdular.
Köləlikdən əsarətdən quduzlaşmış qurdam oğul.
Dağ basdılar sinəmizə, ağrı acı qaldı nişan,
Başımıza od yağdırdı, kül ələdi yağı düşman.
Bizi peşman eləyənlər, hökmuzərdir ola peşman.
Gül çiçəyim yad əllərdə, viran qalmış yurdam oğul.
Nizamiylə kamilləşdim dərs almışam Nəsimidən.
Azərbaycan ürəyimdir, Dərbənd başım Təbriz bədən.
Əslim nəslim Kars Qağızman, Dədə Qorqud ozan dədəm.
Ya təzim etdirməliyəm ya deyəm it burdan oğul.
Köksüm altda yaralar var qan süzülür dərin dərin,
Tomris anam Kir alçağa dərs veribdir igidlərin.
Qurd ürəkli Nüşabəmə hücum çəkən iskəndərin,
Gərək taxtın viran qoyam, qalasın uçurdam oğlu.
Çanaxkala savaşında nələr gəldi başımıza?
Ağlar qaldı Türk elləri boğulduq göz yaşımıza.
Yazaq Zərdüşt kitabına həkk edək yaddaşımıza,!
Çətin birdə üz göstərəm, düşmanı qudurdam oğul.
Tofiq Həsrət, qan axıdan qansızlardan qanını al!
Vaqifimə çoban deyən fars köpəyin canını al.
Qan tökənin zülm edənin şöhrətini şanını al.
Zülümkara zülüm eylə, Türk elinə nur dam oğul.
Kor adamlar
Məqsədinə çatmaq üçün,
Hamı harasa tələsir.
Dan üzünün köməyinə,
Hip-hop quşu, ağ göyərçin,
Qaranlığın göbəyinə,
Bayquş, yarasa tələsir.
Üfiqlərdə, ruhum qartal,
Sözüm yerin aslanıdır.
Hər gün səsim, hər ay səsim,
Zindan səsim, saray səsim,
Bu haq səsim, haray səsim,
Bir Simurqun qanadında,
Əbabilin usyanıdır.
Əqidəsiz, imansızlar,
Yol, pusa-pusa tələsir.
Göydən gəlir yerə səda.
Yerdəkini görmək üçün,
Bir Allaha baxın sada.
Özünüzə ulduz seçin.!
Göyə baxın kor adamlar.!
Baxıb göyə, doyub yerə,
Qələmini qoyub yerə,
Öz özünə pıçıldayır,
Nəsə deyir qoca şair.
Görün məni kor adamlar.!
Duyun məni kar adamlar.!
Ümid yeyir qoca şair.
Durub qəbrinin yanında,
Əlində əsa, tələsir.
Görün onu kor adamlar.!!!
Türk elləri.
Bu nə işdir, bu nə köçdür, nə ayrılıq, nə dərbədər?
Üstündə ip İravanda, yarımçıq xanam ağlayır.
Qeyrətinə qurban olum boz qurd qızı, ər qızı ər.
Xalçasını İngilisə satmayan Sonam ağlayır.
Uyğurlara çatmaq üçün, ac, susuzda dözməliyəm.
Bir səbr atından düşüb o, birinə minməliyəm.
Zəngəzurda məzarına sığışmayır qarı nənəm,
Ərdəbildə bacılarım, Dərbənddə anam ağlayır.
Ərzurumdan, Şorayeldən, üstünə qar yağa-yağa,
Arabalar köç eylədi, o Qazaxdan bu Qazağa.
Tab etmədi Borçalıda neçə ürək ayrılığa,
Sızıldayır yaralarım, həsrətli canam, ağlayır.
Neçə yerdən yara alan, unudarmı heç dünəni?
Bir Həsrət öldürür məni, bir həsrət ağladır səni.
Mendilim Türkmen qızında, Kərkükdə gözləyir məni.
Boxçamızda güllü şalı, üzüyüm, tanam ağlayır.
Tofiq Həsrət ✍️