.....

.....

Bilal Alarlının şeirləri

Bilal Alarlının şeirləri

Yem

Mən yeməm,
ot kimi at yemi,
ət kimi it yemi.
Yeməyi bacaranlar
dadımı bilir,
çeşid-çeşid adımı bilir.
Acanları doyururam,
iştahı küsənləri
iştaha gətirirəm.
Yemək üçün doğulanları
arzularına yetirirəm.
Çeynəyib dartışdırırlar məni,
hərənin ağzında bir tikəm qalır.
Birinin dişi qana batır,
birinin pəncəsində tüküm qalır.
Məni yeyənlər
öz işlərini yaxşı bilirlər.
Yeyib, sonra yediklərinə
yaxşı-yaxşı gülürlər.
Mən yeməm, yem,
daha nə deyim?!
Hamının,
hər kəsin
yemək üçün yaşadığı zamanda
yem olmaq çətindir.
Yeyənlərdən ola bilməyən
yeyilənlərdən olur.
Mən çeynənib gedirəm,
kiminsə qarnı dolur.

Dünya

Çəkiləsən bu dünyanın axırına,
Tüpürəsən çuluna, axuruna.
Getməyəsən sürüsünə, naxırına,
Gedəsən gedər-gəlməzinə dünyanın.
Öləsən, öldürəsən ölmək həvəsini,
Çəkəsən öz içinə od nəfəsini.
Yetim qoyasan bu dünyanın
oğlunu,
qızını,
nəvəsini,
Baxasan, güləsən ölməsinə dünyanın.
Kim dünyanı tutursa, qoy tutub getsin,
Səni də, məni də unudub getsin.
Dünyanın ürəyini qanadıb getsin,
İnanmayasan bir də özünə gəlməsinə dünyanın.
Onsuz da öləndə bu cür öləcəksən.
Alnında damla-damla puçur öləcəksən.
Dizini qoynuna qucub öləcəksən,
İnanmayacaqsan üzünə gülməsinə dünyanın,
Gedəcəksən gedər-gəlməzinə dünyanın.

QATİL

Bir də gördüm, gəlmisən,
gəlmisən dərdini bildirməyə.
Həsrətin canımı alırdı,
vüsalın sərəncam verdi… intizarı öldürməyə.
Gəlməyə gəlmisən e,
işıq düşüb gözünə,
gözlərin çıxa-çıxa gəlmisən,
Kövrələ-kövrələ,
kipriyni sıxa-sıxa gəlmisən.
Özün də bilmirsən,
necə gəlmisən!
Kimsə görməsin deyə
Ay işığını tutub
gecə gəlmisən.
Çək o pəncərənin pərdəsini,
utanma, işığa bələn,
yanımda otur.
İndi sən zülmət gecənin qatilisən,
qatilləri
öldürdüyü sevdanın ahı tutur.
Getsən,
yenə qaranlıq çökəcək xarirələrimə,
dərd alacaq ürəyimi,
Yenə toz basacaq eşqimizi
bağlı pəncərənin pərdəsi kimi.
Məni bu dar otaqda
canlı meyid kimi atıb getmə,
gedib də,
aləmi özünə niyə güldürürsən?
Öldür, hər gecə öldür məni,
Sən məni mənim özümdən
yaxşı öldürürsən.
Qoymursan səhərə dirigözlü çıxım,
baxışında Əzrayılın qılıncı,
fələyin ülgücü var!
Getmə, kəs, doğra,
öldür məni,
səndə Tanrı gücü var.

***

Oturub özünlə üz-üzə
üzünə baxa bilirsənmi?
Fikrinlə baş-başa qalanda
özünü yıxa bilirsənmi?

Söz çıxır ki, dilə düşürsən,
bəmə qalxıb, zilə düşürsən.
Axıb gilə-gilə düşürsən,…
gözündən çıxa bilirsənmi?

Özünə yol olub gedirsən,
közünə kül olub gedirsən.
sözünə qul olub gedirsən,
sözündən çıxa bilirsənmi?