.....

.....

Gənc Azərbaycan rejissorunun filmlərində sevgi, ehtiras və məhv estetikası – Nəzrin Mahu

Gənc Azərbaycan rejissorunun filmlərində sevgi, ehtiras və məhv estetikası – Nəzrin Mahu

Gənc Azərbaycan rejissorunun filmlərində sevgi, ehtiras və məhv estetikası

Kinoda vizual estetika təkcə ayrı-ayrı obraz elementlərinin məcmuəsi deyil, bütün komponentlərin (rəng, işıq, çərçivə, məkan, faktura) bir-biri ilə qarşılıqlı əlaqədə olduğu, filmin özünəməxsus bədii qavrayışını yaradan mürəkkəb sistemdir. Bu, rejissorlara, kinematoqrafçılara, rəssamlara və geyim dizaynerlərinə fikirləri, hissləri və obrazları sözsüz ifadə etməyə imkan verən bir dil növüdür.

Vizual estetikadan danışarkən onun boşluqda mövcud olmadığını başa düşmək lazımdır. Bu, sadəcə gözəl kadrlar deyil, həm də hekayəni orijinal üslubda yaratmaq üçün vizual ifadə vasitələrindən məqsədyönlü istifadədir. Estetika tamaşaçının emosiyaları, obrazların motivasiyalarını, hətta süjetin cərəyan etdiyi dünyanın ab-havasını necə qəbul etməsinə təsir edir.

Vizual estetika ilə tamaşaçının duyğuları arasındakı əlaqə dərin şüuraltı qavrayışa əsaslanır. Bəzi tanış vizual üsulları gördükdə – məsələn, müəyyən bir rəng və ya işıqlandırma növü – bizim qavrayışımız bunu müəyyən təcrübələrlə əlaqələndirməyə başlayır və müvafiq hisslərə səbəb olur.

Tamaşaçının ekranda gördüyü hər şey onun emosional qavrayışına təsir edir, filmin mürəkkəb mənzərəsini formalaşdırır ki, bunu yalnız rasional qavrayış yolu ilə dərk etmək mümkün deyil.

Bir il, bəlkədə çox, bundan öncə sosial şəbəkədə qarşıma bir filmdən fraqment çıxdı. Əvvəlcə düşündüm ki, bu fraqment müəyyən səhifədə paylaşılan estetik videodur. Başlığı oxuyanda öyrəndim  ki, filmdən fraqmentdir. Filmin müəllifi gənc aktyor, rejissor Elnur Rzadır. Diqqətimi çəkən qısametrajlı “Sevginin zərif metafizikası” filmi idi. Bu filmi araşdıranda həmin müəllifin daha iki qısametrajlı filmlərini kəşf etdim. “Qırmızı həsrət” və “Payız prelüdiyası” filmlərini. Həmin filmlərin vizual həlləri də birinci film ilə eyni sxem əsasında qurulub.

Əsasən simvolizmdən ibarət olan, lakin açıq, aydın ifadə olunmuş süjeti olmayan bu filmləri mücərrəd və konseptual bir iş kimi qəbul etmək olar. Bu filmlərdə vizual həllə və onun vasitəsilə ötürülən emosioyalara və duyğulara diqqət yetirilib. Müəyyən bir hekayəni tamaşaçıya ətraflı örtürməkdənsə, əhval yaratmaq üçün simvollardan istifadə olunub. Filmin rejissoru ilə ünsiyyət zamanı o da öz filmləri haqqında eyni fikirləri söyləmişdir. Zənnimcə, qəti hekayəni nəzərdə tutmayan bu filmlərdə bir növ, araşdırma aparmaq və şəxsi qənaətlərə gəlmək, şəxsi fəlsəfi fikri yaratmaq tamaşaçının özündə də bir maraq oyada bilər.

Elnur Rzanın çəkdiyi birinci filmdə sevginin zərif metafizikası xüsusi, intim və özünəxas fəlsəfi yozumudur ki, burada o, qəhrəmanların hissləri ilə yanaşı, həm də dərin yaşantılarını və düşüncələrini çatdırmağa çalışır. Müəllif filmində sevgi efemer, kövrək, əlçatmaz bir məhfum kimi qəbul edilə bilər – demək olar ki, dəqiq qavranılması mümkün olmayan, lakin hiss oluna bilən fəlsəfi anlayış kimi.“Sevginin zərif metafizikası” üç fəsildən ibarətdir:  1. “Mən ağac oldum” 2. “Yuxu ovçusu” 3. “Külək nə haqqında oxuyur”.

Filmin birinci fəslinin ilk kadrı ruhani elmin nəzəriyyəsinin səsləndirilməsi ilə başlayır: “İki mənəvi yaxın olan şəxs toqquşanda onlardan biri ölür”. Dantenin “İlahi komediyası” ilə paralel aparıldıqdan sonra ilk fəsil- “Mən ağac oldum” başlayır. Çobanyastığı çiçəklərinə toxunan qadın əllərini müşahidə edirik. Sonra bu çiçəklər qadını, demək olar ki, bütün bədən hissələrinə yayılır. Mədəniyyət və incəsənətdə çobanyastığı çox vaxt incəlik, saflıq, məsumluq, eləcə də təbiətin dövriliyi və harmoniya ilə əlaqələndirilir.

Bu səhnə təbiət, həyat, sevgi və doğum mövzularını özündə cəmləşdirən metaforik anlam daşıya bilər. Qadın həyatın başlanğıcı olan “torpağa” çevrilir. Bu o deməkdir ki, onun ətrafında baş verən hər şey üçün özül məhz elə o özüdür. Torpaq isə sadəcə maddi element deyil, o, dərinliyin, köklərin təcəssümüdür. 

Qadın ruhunun məqbərəsinə çevrilən ağac onun xatirəsinin, mahiyyətinin qorunduğu məkandır. Burada belə bir fikir ortaya çıxır ki, ölüm tamamilə yox olmaq deyil, ruhun yaşamağa davam etdiyi fərqli bir çevrilmədir. Bu vəziyyətdə həm də ağac, ruhun “yeni bir bədən əldə etdiyi” və təbiətlə harmoniyada mövcudluğunu davam etdirdiyi bir növ müqəddəs obyekt kimi çıxış edir. Məqbərə ziyarətgaha, qadının xatirəsini, onun davamını saxlayan bir yerə çevrilir…

“Yuxu ovçusu” fəslində rejissor reallıq və xəyalların bir-birindən ayrılmaz hala gəldiyi sürreal tablonu yaradır. Sevdiyi qadına məktublar yazmaqdan özü kitaba çevrilən insan, adətən yaxınlığı əks etdirən məişət elementləri (masa, stullar, ağ süfrə) və s.- boşluq və itki hissini yaradan həmin tablonun elementləridir.

“Külək nə haqqında oxuyur” fəslində dağılmış evin xarabalıqları ilə səhnə fəlsəfi kompozisiyanın son akkordu rolunu oynayır. “Sevginin zərif metafizikası” daha çox insan əlaqələrinin mürəkkəbliyi, kövrəkliyi və məhvi haqqında fəlsəfi məsəldir. Simvolizm, metafora və mücərrəd elementlər vasitəsilə Elnur Rza məhəbbətin mahiyyəti, onun ağrı və itki ilə necə qarşılıqlı əlaqədə olması, fiziki və emosional elementlərin bir-birini necə ləğv edə bilməsi üzərində düşüncəyə çevrilən bir əsər yaradıb.

Qəhrəmanları Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının gənc aktyorları Səma Vəliyeva və Cohar Abdullayev canlandırırlar. Bu və növbəti filmlərin operatoru və montajçısı isə Ketevan Baramidzedir. Rejissorun növbəti “Qırmızı həsrət” filmi duyğularla zəngin ekran əsəridir. Onun birbaşa sükut, jest, mimikalar və obrazlar vasitəsilə nəql etməsi tamaşaçıya personajların daxili dünyasının dərinliklərinə qərq olmağa imkan verir

Hekayənin mərkəzində gözləri bağlı, simvolik olaraq ətrafda baş verənləri görmək və dərk etmək qabiliyyətindən məhrum olan bir insan (kişi) dayanır. Onun korluğu  həm də ondan qaça bilməyəcəyi emosional təcriddir. Bu rolu Elnur Rza özü ifa edir. Onun filmboyu (gözləri bağlı olduğu üçün) emosiyalarını görə bilməməyimizə baxmayaraq, daxili gərginliyini hiss edə bilirik. Onun hər hərəkəti, hər jesti qeyri-mümkün bir şeyə olan istəyini vurğulayır. Məhdud görmə şəraitində davranışı xüsusilə ifadəlidir və reallıqla təmasda olmaq imkanı olmadan sevgi axtarışı bütün mənzərənin mərkəzi motivinə çevrilir. Kişi və qadının bir-birinin yanında uzandıqları, lakin bir-birlərinə toxunmadıqları yataq səhnəsi bütün film üçün mühüm məqama çevrilir. Sükut burada öz mənasını tapır və fiziki yaxınlığın olmaması obrazlar arasında mənəvi məsafəni əks etdirir. Kişi tək qaldıqda və yalnız onun-sevgilisinin paltarını tapdıqda, rejissor həqiqi birliyin mümkünsüzlüyünü vurğulamaq üçün yenidən simvolizmdən istifadə edir. O (kişi), paltarın bir hissəsini tutur, və sevdiyi qadını hiss etmək istəyir. Bu səhnə filmi sanki fərqli səviyyəyə qaldırır, tamaşaçıya nəinki itkini, hətta tam kəşf edilməmiş bir şeyi qoruyub saxlamağın mümkünsüzlüyünü göstərir.

Nar, narın şirəsi, mim – bütün bu fəndlər filmin hər anına nüfuz edən faciəvi əlçatmazlığın özünəməxsus mənzərəsini yaradır. Əlçatmaz sevginin həmişə bizim imkanlarımızdan kənarda olacağını anlamaq filmin əsas müəllif mesajına çevrilir. Bəlkə də müəllif işinin məhz bu nüansı süjetə minimalist yanaşmaya baxmayaraq, filmi bu qədər dərin və çoxqatlı edir. 

Filmin rəng sxemi onun emosional təsirini xeyli artıran əsas cəhətlərdən biridir. Bu, qəhrəmanların daxili təcrübələrinin dərinliyini, eləcə də münasibətlərinin gizli mənasını izah edir. Rejissor rəngi sadəcə bəzək elementi kimi istifadə etmir, onu məna ilə doldurur, onu mühüm hekayə alətinə çevirir.

Ənənəvi olaraq sevgi və ehtirasla əlaqələndirilən qırmızı burada daha mənalı və hətta faciəvi məna kəsb edir. Bu, aşiq olmaqla yanaşı, ağrı, qorxu və ümidsizliyin rəngidir. Azərbaycan mədəniyyətinin incisi olan nar həqiqətən də daxili quruluşuna görə bir növ birliyi, harmoniyanı, bütövlüyü simvolizə edir. Baş qəhrəmanın onu səbirsizcəsinə yeməsi, qəhrəmanlar arasında olan bütovlüyün pozulmasını nümayiş etdirir.

Nar şirəsi, qəhrəmanların bədənində və əllərindəki parlaq ləkələr – bütün bunlar ehtirasın dağıdıcı təsirindən, onları yeyən, geridə yalnız izlər buraxan amansız reallıqdan xəbər verir.

Ağ-qara çalarlar isə, sanki qəhrəmanın daxili boşluğunun və tənhalığının metaforuna çevrilir. Sevgilisi kadrdan itəndə qəhrəmanın dünyası rəngsiz olur. Ağ-qara rənglər onun tənhalığına, düşüncələrə necə qərq olmasına, parlaqlığını və zənginliyini itirən xatirə anlarına diqqət yetirir.

Filmdə müəllifin mövqeyi insanlar arasındakı münasibətlərə baxışı əks etdirir.  Bu, həm də bizim bəzən bir-birimizi həqiqətən dərk edə bilməməyimizə dair baxışdır. Yalnız fiziki aləmdə deyil, bir-birimizi dərk etməyimizdə də mövcud olan korluqdur. Rejissor münasibətlərdə tənhalıq və həsrət mövzularına toxunub. Yəqin, hər birimiz bu hisslə tanışıq. Heç vaxt həyatımızın bir hissəsinə çevrilməyən, hər zaman sürüşüb gedən bir şey və ya biri üçün səy göstərmək. Və ekrandakı bu həzin hisslər ümumi insani vəziyyətin əksidir. 

“Payız prelüdiyası” filmi əbədi suallar – zaman, sevgi və qaçılmaz itkilər haqqında düşünməyə vadar edən filmdir. Zənnimcə, filmdə məhz bu məqam -gündəlik həyatda tez-tez fərqinə varmadıqlarımız: zamanın dəyişkənliyi və itkilərin qaçılmazlığı toxunur tamaşaçıya. Yayın ötüb keçməsi, yoxa qopan yarpaqlar, istilik – bütün bunlar hər kəsin üzləşdiyi həqiqətdən bəhs edir: heç nə əbədi deyil. Qəhrəmanlar birdirlər, lakin eyni zamanda onların arasında bir boşluq var. Və bu boşluq get-gedə, sanki böyüyür. Qəhrəmanın sevgilisinin qucağına başını qoyduğu və onların sükut içində, tökülən yarpaqların əhatəsində olduğu səhnə, bütün simvollar – payızdan tutmuş səssiz ümidsizliyə qədər – sanki bu anda birləşir. Həmin dəqiqə çox şəxsi, sözlə ifadə etmək çətin olan, ürəyi sıxan nəsə baş verir. Onlar sanki bir-birlərini cəlb edirlər, lakin bu dəyişən dünyada bir-birlərini tapa bilmirlər. Eyvanda siqaret çəkən qadın və ya yerə səpələnmiş yarpaqlar kimi xırda detalları incəliklə ötürən kamera, sanki özü dilə gəlir: “Bax, hər şey gedir”.

Qəhrəmanların tökülən yarpaqlar arasında uzandıqları an xüsusilə təsir edir. Onlar o qədər həssas görünürlər ki, sanki təbiətin özü onları əhatə edir və duyğularını özünə çəkir. Kişi yatır, sevgilisini qucaqlayıb, duruşunda bir növ sadə, demək olar ki, uşaq incəliyi var. Sanki bu keçici anı qorumaq istəyir, amma onu saxlaya bilmir, çünki artıq gecə yaxındır və vaxt daralır. Zənnimcə, bu məqam məhz bizə qəhrəmanların gücsüzlüyünü- zamana, həyata qarşı həssaslığını göstərmək üçün seçilib. 
Amma xüsusilə diqqəti çəkən qadının baxışlarıdır. O, kameraya baxır və bu baxışlarda qorxu və ya çarəsizlik yoxdur, əksinə, hər şeyi “dərk edib barışmaq” fikri oxunur. Qadın, sanki bizə, tamaşaçılara baxır və anında deyir: “Mən hər şeyin getdiyini bilirəm və mən bunu qəbul etməyə hazıram, amma bu gedişin də öz gözəlliyi var”. Bu, ağrı və sükunətin heyrətamiz birləşməsidir. 

Səma Vəliyevanın gözləri həqiqətən onun obrazının ən ifadəli elementlərindən biridir. Onlar o qədər geniş və açıqdır ki, sanki ətrafdakı hər şeyi sovurur, amma eyni zamanda onların içində hansısa izaholunmaz kədər gizlənir. Onun baxışlarında filmin fəlsəfəsinə mükəmməl uyğun gələn uşaq məsumluğu və bəzi daxili ümidsizlik var. Aktrisa özünəxas şaqraq ampluasını həzin əhval-ruhiyyə ilə uğurla əvəz edə bilmişdir. Onun həm kövrək, həm də güclü olması diqqətdən yayınmır. Kameraya yönəldilmiş baxış onun performansının kulminasiya nöqtəsidir, burada aktrisanın özü onun xarakterinin qarşılaşdığı sualı verir: “Bunu qoruyub saxlaya bilərəmmi?” (bunu, yəni zamanı, anı)

“Payız prelüdiyası”nda Elnur Rzanın fəlsəfəsi zaman, qaçılmazlıq və insan kövrəkliyi mövzularının incə tədqiqidir. Görünür, onun filmdə verdiyi hər bir qərar – kadr seçimindən tutmuş təqdimat tərzinə qədər – bir əsas sualla əhatə olunur: biz zaman keçdikcə necə dəyişirik və itki anlarında bizə nə qalır? O, payızdan həm də sonun, vacib və qaçılmaz bir şeyin tamamlanmasının simvolu kimi istifadə edir. 
Filmdə açıq süjetin və dialoqun olmamağı, düşünürəm ki, hadisələrin əhəmiyyətindən qaçmaq cəhdi deyil, daha çox tamaşaçını öz içinə baxmağa məcbur etmək cəhdidir.

Başqa bir vacib detal, qəhrəmanın filmdə oxuduğu Arseni Tarkovskinin “Müqəddəs işıq” kitabıdır, daha doğrusu həmin kitabdan oxuduğu “Yay da keçib getdi” şeiridir. Arseni Tarkovski bu şeirdə fəlsəfi düşüncələrə müraciət edir. Şair istədiyi hər şeyə nail olmadığını anlayaraq yaşadığı illər haqda yenidən düşünür. Tarkovski həyatın çox tez keçməsinə təəssüflənir. O, əmindir ki, ötüb keçən illərdən daha çox fayda əldə etmək olardı. Arseni Tarkovskinin və “Payız prelüdiyası”nın rejissorunun fəlsəfəsinin ortaq cəhəti də məhz budur.

Bu filmlərdəki rekvizitlər, interyer dizaynı, hətta obrazların saç düzümləri belə əsərin ab-havasını və dərinliyini artırmaq üçün diqqətlə düşünülmüş və zövqlə seçilmişdir. Hər bir detal öz kontekstini yaradır və söz çatışmazlığına baxmayaraq, obrazların mövcud olduğu dünyanı, eləcə də onların daxili hisslərini və münaqişələrini daha yaxşı anlamağa kömək edir.

İnteryer minimalist, lakin zəngin tərtibatı ilə qəhrəmanların özündən az rol oynamır. Boş stullar, sadə masalar, kətanda boyakarlıq əsərləri, müxtəlif dillərdə kitablar, ağ süfrələr və zərif bitkilər – bütün bunlar zamanın sürüklənməsini əsk etidirir. Maraqlıdır ki, bu rekvizitlər məkanı doldursalar da, onun səssizliyini qətiyyən pozmurlar.

Filmlərdə səslənən musiqi əsərləri qəhrəmanların duyğuları ilə ümumi ab-hava arasında əlaqə, kədər və ümid arasında çox kövrək bir xətt yaradır.

Bir məqama da toxunmaq istərdim. Hər üç filmdə yalnız iki qəhrəman mövcuddur- qadın və kişi. “Adəm və Həvva” əsatiri günah, dərk etmə və məsumluq itkisinin arxetipik bir hekayəsidir. Filmlərin kontekstində mövcud olan simvolizm və əsas motivləri nəzərə alaraq onları bu əsatirlə də uzlaşdırmaq  olar. Bu hekayələrdə fundamental bir şey var – paklıq və məsumluqdan məhvə keçid, gələn qorxu və ağrının qaçılmazlığı, bir vaxtlar “cənnət”in olduğunu, sonra isə onun itirildiyini və geri dönüş olmadığını dərk etmək.

 “Meyvənin dadı” qadınla kişini, onların arasında olan bağı ilahilikdən məhrum edir. Onlar ölümə məhkum olan adi insanlara çevrilirlər. “Qırmızı həsrət”də aktrisanın narı tamahla yediyi səhnə bir qədər bu motivlə uzlaşır. Üstəlik, narın şirəsini tökür sevdiyi insanın üzünə, ona da dadmağa verir. 

Beləliklə, filmlərin fəlsəfəsi mifin nöqteyi nəzərindən həyatda hər şeyin dövri olması ideyasına əsaslana bilər.  Bu, cənnətdən əzab və itkilərlə dolu bir dünyaya, müəyyən dərəcədə xoşbəxtlikdən tənhalığa keçidin əbədi prosesidir. Bu mənada filmdəki qəhrəmanlar bir növ, “Adəm və Həvva”dır və onların hər biri öz seçimlərinin nəticələri ilə üzləşir ki, bu da onları artıq geri dönə bilməyəcəyi bir dünyaya aparır.

Yazımın əvvəlində qeyd etdiyim kimi, Elnur Rza ərsəyə gətirdiyi qısametrajlı filmlərində qəti hekayəni işıqlandırmır. O, öz şərhini göstərməklə kəşflər etmək və düşünmək üçün yer qoyur, tamaşaçını süjetin qavranılmasından daha çox şəxsi və subyektiv düşüncələri formalaşdırmağa sövq edir. 

Elnur Rzanın filmlərdə nümayiş etdirdiyi düşüncə tərzi bir rejissorun dəsti-xəttini xatırladır. Fransız rejissoru Filip Qarrel kinoda Fransız Yeni Dalğasının aparıcı nümayəndələrindən biri və özünəməxsus üslubunun yaradıcısı kimi, çox vaxt şəxsi, emosional gərgin anları vizual ifadəli həllərlə birləşdirən intim və minimalist kinematoqrafiyası ilə tanınır. Onun filmləri çox vaxt qəhrəmanlar arasındakı incə, səssiz münasibətlərin fəlsəfəsini xırdalayır. 

Ağ-qara çalarlar onun bir çox filmlərinin imzasıdır. Qarrel yalnız estetik ifadəlilik yaratmaq üçün deyil, metaforaların daha dərin qatlarını vurğulamaq üçün ağ-qara lentdən istifadə edir. Qarrelin interyerlərində simvolizm də mühüm rol oynayır. Daxili boşluq hissi yaradan lazımsız dekorasiyadan məhrum boş otaqlar və ya qəhrəmanların emosional baxımdan yüklənməsini simvolizə edən həddindən artıq əşyalarla dolu otaqlar ola bilər.

Gənc rejissorun filmləri estetik vizual həllərinə, yanaşmasına görə Qarrelin “Göz yaşlarının duzu”, “Bir günlük məşuq”, “Qadının kölgəsində”, “Qısqanclıq”, “Daimi məşuqlar” və s. kimi filmlərini xatırladır.

“Mənə elə gəlir ki, estetika insanın hisslərini ötürmək üçün ən gözəl və uyğun vasitədir”- Elnur Rza.

Zənnimcə bu fikri gənc rejissor öz filmlərində uğurla tətbiq etmişdir.

Gənc rejissor, ssenarist Elnur Rza filmləri ilə bir sıra xarici festivallarda iştirak edib və bu filmlər müəyyən mükafatlara layiq görülüb. “Sevginin zərif metafizikası” ABŞ-da (Cutter Cast Film Festival), Serbiyada (Open Vision Film Festival), Çexiyada (Prague İnternational İndie Film Festival), Fransada (Youality İnternational Short Film Festival/Fəxri Diplomla təltif edilmişdir), İtaliyada (Benevento Cinema E Televisone), Boliviyada (Black Cat Award/İştirak etdiyinə görə sertifikatla təltif edilmişdir). “Qırmızı həsrət” filmi Birləşmiş Krallıqda (The Paus Premieres Festival), Əlcəzairdə The Digital Gate İnternational Film Festivalında “Ən yaxşı eksperimental film” nominasiyasında mükafat qazanıb, İtaliyada (Festival Del Film Di Cefalu), ABŞ-da (Ceylon İnternational Film Festival, Fəxri Diplomla təltif edilmişdir), Birləşmiş Krallıqda (Realtime İnternational Film Festival), ABŞ-da (Orlando İnternational Film Festival), Banqladeşdə (Cinemaking İnternational Film Festival) festivallarda iştirak etmişdir. YARAT Müasir İncəsənət Mərkəzində YARATIN British Council Azerbaijan ilə birgə təşkil etdikləri Yarat Shorts Project layihəsində iştirakına görə sertifikatla mükafatlandırılmışdır. 

Nəzrin Mahu