CAVANLIQDAN YADİGAR
Ömrü verdim hədər yerə yelə mən,
Zaman ötdü, saçlarıma düşdü dən.
Deyirəm ki, aradabir, mən hərdən,
Nə qaldı ki cavanlıqdan yadigar?!
Can qalmadı, canımı da zay etdim,
Nadan kəsə ürəyimi pay etdim,
Peşman oldum, hey ağlayıb vay etdim,
Nə qaldı ki cavanlıqdan yadigar?!
Sınıq qəlbim sına-sına sızladı,
Bu dərd-qüssə məni elə haqladı,
İçim yandı, öz halıma ağladı,
Nə qaldı ki cavanlıqdan yadigar?!
Qərib eldə qəribantək dolandım,
Əzəl gündən viranətək talandım,
Doğma yurdun həsrətindən qalandım,
Nə qaldı ki cavanlıqdan yadigar?!
Məhəbbətin əsirinə oldum qul,
Allah özün, imdad elə, kömək ol.
Ömür ötdü, geriyə qalmadı yol,
Nə qaldı ki cavanlıqdan yadigar?!
QUBA
Xınalığı, Təngə
altı, Gecrəsi,
Yada salır ötənləri, keçmişi.
Oylağına turistlərin gəlişi,
Tanıtdırır hər obaya Qubanı,
Gələn-gedən burda tapır ünvanı.
Oğlanları dünyanın hər yerində,
Söz qoşarlar azəri, tat dilində,
Hörmət edər, izzət edər yerində ,
Vəsf eyləyir dağı, daşı Qubanı,
Gələn-gedən burda tapır ünvanı.
Yaşıl bağı, oylaqları cənnətdir,
Kim gəlirsə, dillərində əzbərdir,
Harda olsam, könlüm elə istədi,
Qarış-qarış gəzəm hər an Qubanı,
Gələn-gedən burda tapar ünvanı.
ANAMGİLDƏDİR
Ən tamlı yeməklər, ən çox sevdiyim,
Ruhun cavanlığı, gözəl gəncliyim,
Mənim rahatlığım, mənim dincliyim,
Ata ocağımda, anamgildədir.
Bu qərib yurdumda qərib qalsam da,
Kirpiyim nəm basıb, hey sızlasam da,
Özüm öz evimdə ana olsam da,
Fikrim el- obamda, anamgildədir.
Heç kəs vərə bilməz ana yerini,
Mən ondan öyrəndim eşqi-sevgini,
Əbədi sönməyən ocaqdır yəni,
Ağzımın tamı da anamgildədir.
Xalidə şəkillə dinir, danışır,
Həsrətdən urəyi, qəlbi alışır,
Hərə taleyilə bu cür barışır,
Xəyalən vüsal da anamgildədir.
QƏRİB DİYARDA
Gün keçib, ay ötüb, il ötüşəndə,
Ayrılıq neştərtək qəlbi deşəndə,
Doğma yurd həsrəti yada düşəndə
Mən qərib diyarda qəribsəyirəm.
Sıxır ev-eşiyin divar-daşı da,
Buranın başqadır yayı, qışı da,
Saxlaya bilmirəm ağlı, huşu da,
Mən qərib diyarda qəribsəyirəm.
Əlim doğma yurddan aralı qalıb,
Allah da tərk edib, nəzərdən salıb,
Hərdən xəyallara kövrəlib, dalıb,
Mən qərib diyarda qəribsəyirəm!
Etibar görmədim doğma yarımdan,
Qurbətdə olanlar anlar halımdan.
Kef çəkdim ağlımın səy ucbatından,
Mən qərib diyarda qəribsəyirəm.
ŞÜCAƏTDƏ BİRİNCİ
Can etdi fəda Azəribaycanına Aqil,
Qurban elədi canın öz ünvanına Aqil.
Hər kəsdə hünər yox vətən üçün şəhid olsun,
Aqil kimi oglan gərək olsun, igid olsun.
“Aqil” desələr, söylə cəsarətdə birinci,
Xəlqin qoçaq övladı, şücaətdə birinci!
“Aqil” desələr, söylə, şəhidimdir, canımdır,
Hər damla onun qanı mənim doğma qanımdır.
Tarixlərə qeyd oldu bu əfsanə bir insan,
Torpaqları uğrunda canından keçən oğlan.
Şabran yetiribdir bu cəsarətli cavanı,
Şabranda Piremsen köyüdür yurdu, məkanı.
Ey sorğu-sualsız şəhidim, sahibi-cənnət,
Allah bu məqamı özü etmiş sənə qismət.
Qanınla vətən döndü gülüstanə, ey əsgər,
Hər damla şəhidin qanı bir laləyə bənzər.
Aciz qələm istərsə, gözəldən də gözəl yaz,
Yetməz şəhidin şəninə, yüzlərcə qəzəl yaz
Ey Xalidə, el naminə can verdi şəhidlər,
Xəlq içrə danılmaz, unudulmaz bu igidlər.
Xalidə Abdullayeva