.....

.....

Abduləziz Xanəhmədoğlunun şeirləri

Abduləziz Xanəhmədoğlunun şeirləri

Nə var

Ən yaxşı güzgü də arxanı gizlər,
Bircə görərsən ki qabaqda nə var.
Bir şamın şöləsi göz qamaşdırar,
Bilmərsən yandığı çıraqda nə var.

Olub bu dünyanın işi oyuncaq,
Onu dərk edənlər yaşayır ancaq.
Zəmi yanmayınca tanımaz ocaq,
Görüncə anlamaz oraqda nə var.

Hərdən tanımağa gecikirik biz,
Bir yol sınamağa gecikirik biz.
Başı açıq bilməz ay Abduləziz,
Kişi başındakı papaqda nə var.

Vaxtımmı qalıb…

Vədəsiz görüşlə qapımı döymə,
Gəlirəm deməyə nıxtımmı qalıb.
Talanıb,dağılıb könül sarayım,
Gördüyün o tacım,taxtımmı qalıb.

Tale yelkənimiz yönün dəyişib,
Həsrət ocağında vüsalım bişib.
Ömrün qürub edən anı yetişib,
Yenidən güləsi baxtımmı qalıb.

Bu necə gəlişdi son vida dəmi,
Çevirdin başıma küllü-aləmi.
Oyatma qarıyıb ölən eşqimi,
Görüşə gəlməyə vaxtımmı qalıb.

Tanı

Sığın ilahinin adil hökmünə,
Aldanma heç zaman dünya mülkünə.
Yeddi qat göylərdən göz qoyub sənə,
Diqqət eləyəni,görəni tanı.

Bəsirət gözünlə çalış görməyə,
Tanrı qüdrətini duyasan deyə.
Nə var ki bağçadan çiçək dərməyə,
Ömür çiçəyini dərəni tanı.

Ünvanı adına yazıbsa əcəl,
Qapını bağlamaq yaratmaz əngəl.
Haqqın ətəyindən əl üzmə sən gəl,
Yol tapıb ruhuna girəni tanı.

Abduləziz,şərdən gen olsan əgər,
Getdiyin hər cığır cənnətə dönər.
Bir gözü qıymırsan dünya versələr,
Sənə iki gözü verəni tanı
Azərbaycanım

Çəkilib üstündən qara bulud,çən,
Gözün aydın olsun ey azad vətən.
Öüdrətin önündə əyildi düşmən ,
Qayıtdı özümə dinim,imanım,
Zəfərin mübarək Azərbaycanım !

İşğaldan qurtarıb gül açdı torpaq,
Qələbə himnilə dil açdı torpaq.
Qalxıb Xankəndində üçrəngli bayraq,
Yayıldı dünyaya şöhrətim,şanım,
Zəfərin mübarək Azərbaycanım !

Mat qaldı çox şahlar bu əzmə,görkə,
Əhsən söylədilər türk oğlu türkə.
Şimaldan cənuba bir oldu ölkə,
Bu gün bayram edir milim,muğanım,
Zəfərin mübarək Azərbaycanım !

Nöqtənin yerinə yazıldı nida,
Qarabağ bizimdir,bizim oldu da.
Bundan böyük hünər olmaz dünyada,
Çin oldu istəyim,güldü gümanım,
Zəfərin mübarək Azərbaycanım !

Artıq son qoyulub ölümə,qana,
Yaslı yurd yerləri gəlibdir cana.
Eşq olsun orduma,Baş Komandana,
Dəmir yumruğunu vurdu İlhamım,
Zəfərin mübarək Azərbaycanım!

Köçsə belə
Əqidəsi,ruhu yamaq,
Bilməz nədir tənə,qınaq.
Qartal olmaz kor yapalaq,
Yüz qayadan keçsə belə.

Kim şələni qaldırsa tək,
Ağrısın da o çəkəcək.
Qəlbi əyri çəp tikəcək,
Yüz yol ölçüb biçsə belə.

Hər kəs qoyur özündən iz,
Mən də yazdım beş-altı söz.
Yaddan çıxmaz Abduləziz,
Bu dünyadan köçsə belə.

Təndirin

İsidir qəlbimi hərarət verir,
İlhama gətirir,məhəbbət verir.
Tanrının hökmilə min hikmət verir,
Atəşi təndirin,odu təndirin.

Bəzən yanar közü iz salar əldə,
Bini-bərəkəti deyilər dildə.
Əzəldən müqəddəs tanınıb eldə,
And yerinə dönüb adı təndirin.

Əvəzsiz qoxusu yayılar kəndə,
Köksində qızarıb bişəndə kündə.
Dönür ağzımızda şəkərə,qəndə,
Çörəyə verdiyi dadı təndirin.

Abduləziz, hər kəs biməz dilini,
Naşılıq eyləyən ütər əlini.
Əyilmək bilməzin əyər belini,
Seçilməz doğması,yadı təndirin.