“Yazı haqqında yazı və yaxud Sevinc Qəmbərli üslubu”
Sevinc Qəmbərlinin Patrik Züskindin “Parfümer” romanına yazdığı təhlil belə başlayır: “Parfümer” romanını seçmək, oxumaq səbəblərimdən biri də o idi ki, adını Yer planetindən olmayan birindən eşitmişəm”.
Mənim bu təhlil haqqında yazmağımın səbəblərindən birincisi isə o idi ki, bu yazının sonunda qələminə, yazı üslubuna və hadisələrə yanaşma tərzinə heyran qaldığım bir imza var idi- Sevinc Qəmbərli imzası. İkincisi Sevinc Qəmbərlinin oxumaq şərəfinə nail olduğum yazılarından sonra belə qənaətə gəldim ki, ədəbi-tənqid və təhlil sahəsində yeni bir üslubun əsası qoyulub əslində- Sevinc Qəmbərli üslubunun.
Olsun elə “Parfümer” əsərinin təhlili. Yazının adı bizə məlum əsərin təhlilinin aparıldığını deyir. Amma sadəcə bir əsərin təhlilimi..? Əlbəttə xeyr. Onda bu, sadə bir məsələ olardı. Axı indicə dedim ki, yeni bir üslubun hökmlü ayaq səsləri açıq-aydın duyulmaqdadır.
Sevinc Qəmbərlinin hər qələm təcrübəsindən sonra oxucuda sürətli və qarşısıalınmaz şəkildə bir dərinləşmə və mənən ruhən gözəlləşmə prosesi gedir. Müəllif bu kimi dəyərləri insan ruhuna elə məharətlə və incəliklə aşılayır ki, artıq yazı oxunub bitmiş olsa da, təsiri və ecazı uzun müddət qalıcı olur.
“Dahilər adi olmur, adi ola bilməz, düşüncələri, danışıqları, davranışları. Bir gün “dahi” dediyinizə, bir gün “dəli” deməyin, məncə. Hər kəs Qeysə “cünun” deyərkən Leyli ona həmişə aşiq idi.” – Bu kəlmələrlə dahiliyin və məcnunluğun ilahiyyəti necə dürüst və gözəl açıqlanıb.
Sevinc Qəmbərli yazılarının mühim tərəfi həm də orasındadır ki, davamlı və tutarlı əlaqələndirmələr və uyğun müqayisələr oxucu təfəkkürünün zənginləşməsinə hesablanır. Məsələn, “Parfümer” müəllifi Patrik Züskindin həyatının qəribəliyindən danışarkən gözlənilmədən onun “Meri Poppins”in müəllifi Pamela Treverslə müqayisəsi və şifahi xalq ədəbiyyatının əhəmiyyəti üzərinə keçid, sonra isə söhbətin nağıllara yüksəlməsi ayrıca heyranlıq doğuran məqamdır.
“Parfümer” romanının təhlilini oxuyarkən oxucu sadəcə bu əsər haqqında məlumatlanmaqla məhdudlaşırmı..? Əlbəttə, xeyr. Oxucu eyni zamanda M.F.Dostayevskinin Raskolnikovunu xatırlamalı olur və bunun fonunda M.F.Axundzadə yaradıcılığına nəzər salır (hardan hara). C.Məmmədquluzadənin Xudayar bəy obrazının daxili aləmi və zahiri görünüşü arasındakı uyğunluğu ilə Qrenuyun müqayisəsi və bunların ziddinə olaraq V.Hüqonun Kvazimodasının (kimdən kimə) daxili aləmi ilə xarici görkəmi arasındakı uçurumun zirvəsinə yüksəlməsi ustalıqla yaradılmışdır.
“Belində propeller olan Karlson ilə dama uçduğumuz kimi, Tom Soyer ilə cəngəllikləri gəzdiyimiz kimi, “Parfümer” romanı boyunca da onun qəhrəmanı ilə birlikdə bir çox məkanlara səyahət edirik”- deyən Sevinc Qəmbərli qələmə aldığı hər mükəmməl ədəbi- bədii təhlili ilə oxucularını ədəbiyyatın ən dərin qatlarına yüksəldir və ədəbiyyatın fəlsəfi mahiyyətini bütün gözəlliyi ilə aşılamağı bacarır.