Sən yağışsan
Bu qədər günahkarın günahını aparsan,
Bir də mənim üstümə yağma, qurbanın olum.
Sən cəhənnəm deyilsən, sevdadan da uzaqsan,
Yanmağı belə asan sanma, qurbanın olum.
Sən yağışsan, torpağa bərəkət gətirərsən,
Şərt deyil ki, yığılıb küçələrdən daşasan.
Nəfəs almaq istəsən, göylərdəki bulud var,
Ona ömür demərəm, gözlərimdə yaşasan.
Sən yağışsan, kiminin göz yaşını gizlədib,
Kiminin yarasına narın bir duz səpirsən.
Yerin Allahın yanı, yerin bulud deyilmi?
Düşmüsən, adam kimi Yer üstə nə gəzirsən?!
Belə yağma, üstümü palçığa batırarsan,
Mənim üstümə belə yağma, qurbanın olum.
Damla-damla atəşin içinə düşən olsan,
Alovların içində yanma, qurbanın olum.
Ölümlə üz-üzə..
İstəyirəm bu axşam,
Qaçım gedəm uzağa.
Ümid yeri saxlayım,
İçimdəki uşağa.
Ağır gəlir çiynimə,
Daşıdığım hər əzab.
Dizimdə taqətim yox,
Nə də canımda bir tab.
Deyirəm ki, fələyin,
İşi niyə yamandır?
Unudan bəs bizlərik,
Unudulan zamandır.
Basdıracam özümü,
Şeirlərin içində.
Bir siqaret çəkəcəm,
Bu bədbaxtlıq üçündə.
Nələr arzulamışdım,
Nələri yaşayıram.
Mənə düşən hər yükü,
Səbəbsiz daşıyıram.
Dirimə baxmayanlar,
Ölümə ağlayacaq.
Görən ilk kim yetişib?
Gözümü bağlayacaq.
Üstümə atacaqlar,
Canlar alan torpağı.
Daha bitəcək bütün,
Şamlarımın yanmağı.
Bir ölümlük canım var,
Bir ömürlük xatirəm.
Əllərimdən tut, apar,
Yenə sənə gəlirəm.
Nə ölməli gecədir,
Dərinlərə batıram.
Bir də günəş görməmək,
Arzusuyla yatıram..
Mən Qəribə Adamam..
Mən qəribə adamam.
Bir üzüm gülən zaman,
bir yanım ağlayır da.
Dərdlərim alov olur,
sinəmi dağlayır da.
Mən qəribə adamam.
Bahar günü saçlarına qar yağan
Günəş batdığı zaman,
qaranlığından doğan
Qəlbi incimiş kimi,
ümidərini boğan
O qəribə adamam..
Mən qəribə adamam.
Özüm də anlamıram,
uçub getmiş sevincdi?
Yox, onu danlamıram.
Danlayıram özümü,
axı niyə qəm dolu
bir ürəklə yaşadım?
Anlayıram sözümü,
gün üzü görmədim ki,
xoşbəxtliyi yaşadım?!
Mən qəribə adamam.
Şair də deyiləm heç,
adi də deyiləm heç.
Düşüncələrdə batan,
bir qoca dənizçiyəm.
Qırıq kürəklə yatan,
üzü solmuş neftçiyəm.
Gözlərimə qaranlıq
çökür, sabahlayıram.
Geriyə dönsəm anlıq,
yuvasından ümidlər
köçür, sayıqlayıram..
Mən qəribə adamam.
Xəzan vurub, ayrılıb,
budağımdan qopmuşam.
Öz əlimlə qurduğum,
evimi uçurmuşam.
Bax, qəribə adamam.
Özüm də anlamıram,
uçub getmiş sevincdi?
Yox, onu danlamıram
Mən qəribə adamam..
Sevənlər kimi
Yağış da qayıtdı bu yay günündə,
Zamansız qayıdıb dönənlər kimi.
Yazıram sözümü dərd dəftərində,
Dərdini varaqla bölənlər kimi.
Pozuldu fəsillərin əhdi-nizamı,
Sən səfa çəkərsən, mənsə cəfamı.
Yaşarkən vermişəm belə qərarı,
Ağlaya-ağlaya gülənlər kimi.
Bir odun içində alışarıq biz,
Zamanla həm küsüb, barışarıq biz.
Bilmirəm, bəlkə də qovuşarıq biz,
Uzaqdan-uzağa sevənlər kimi.
Əzizim
Gör, kimlərin yoxluğu məni yıxa bilmədi,
Məni sənin yoxluğun yıxdı, getdi, əzizim.
Üzünə son bir dəfə dönüb baxa bilmədim,
Ruhun da yavaş-yavaş çıxdı, getdi, əzizim.
Qurudu gözlərimin inan yaşı qalmadı,
Qəlbimin bəlkələri, ehi, kaşı qalmadı.
Yurdum xaraba qaldı, bircə daşı qalmadı,
Kimlər bizə dərdini qatdı, getdi, əzizim.
Hələ sənə “əlvida” deyəcəkdim ki, güya,
Yas saxlamağa qara geyəcəkdim ki, güya.
Mən başımı daşlara döyəcəkdim ki, güya,
Hər gələn bir daş alıb, atdı, getdi, əzizim.
Sənə yol tapmaq üçün neçə liman aradım,
Hansı yaramı deşim, bəs hansını qanadım?
Zirvələrə çatmamış qırıldı qol-qanadım,
Gəmilərim dəryada batdı, getdi, əzizim.
Səndən yetim qalmışam
Yenə gözüm yol çəkir,
Ömrün bahar çağında.
Divarda xatirələr,
Qəlbimin otağında.
Əlimdə telefonum,
Sənə mesaj yazıram.
Gələrsənmi, görəsən?
Yazıb-yazıb pozuram.
Dindirən yoxdu daha
Sınmış tarın simini.
Darıxmışam, deyirəm;
Səmimiyəm, səmimi.
Anam da var, atam da,
Səndən yetim qalmışam.
Yuxum var ki, yatımda?
Xəyallara dalmışam.
Ölənləri bir də eyni
Evdə sağ görə bilmirəm.
Yıxılanda başım üstə
Uca dağ görə bilmirəm.
Sən mənimçün əvəzsiz,
Əlçatılmaz diyarsan.
Get, gələcəm yanına,
Məni qarşılayarsan.
Nə olar?!
Qəbahətin böyüksə, əfv diləmə zamandan,
Bir damla göz yaşı da tökməyəsən yalandan.
Bilirsən, tənha olur şeir yazan adamlar,
Dünya səndən incisə, küssə, güya nə olar?
Min il əvvəldən belə məhkumuq qaranlığa,
Düşünməkdən ölürük, sanki hər bir anlığa.
Mən də olsam, dözməzdim elə bu saxtalığa,
Mən özümdən küsmüşəm, dünya küssə, nə olar?
Qışqırsan da səsini yoxdu, duyan kimsələr,
Fələyin oyununa çoxdur uyan kimsələr.
Yaşanacaq ömür var, hələ gör nələr-nələr,
Bütün cahan əlini səndən üzsə, nə olar?
Bağışlayan Allahdı, özümüz olmasa da,
Min məclislər içində sözümüz olmasa da.
Bu dünyanın payından gözümüz doymasa da,
Həyat sənin yoluna çiçək düzsə, nə olar?